Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-prisində növbəti görüşünü keçirib.
Axar.az xəbər verir ki, 37 yaşlı qrossmeyster D qrupundakı V tur qarşılaşmasında qara fiqurlarla rusiyalı Aleksandr Predke ilə üz-üzə gəlib.
Qarşılaşma 58-ci gedişdə heç-heçə ilə yekunlaşıb. Bununla da Məmmədyarov ardıcıl 5-ci dəfə "sülh"ə razılaşıb.
O, Predke ilə III turda ağ fiqurlarla heç-heçə edib. Azərbaycan təmsilçisi I və IV turlarda çinli Yu Yanqyu ilə, II turda isə fransalı Maksim Vaşye-Laqravla bərabərə qalıb.
Hazırda Vaşye-Laqrav 3 xalla qrupa başçılıq edir. Hərəyə 2,5 xalı olan Məmmədyarov və Yanqyu 2-3-cü yerləri bölüşdürür. Predke isə 2 xalla sonuncu pillədə qərarlaşıb.
Məmmədyarov martın 7-də qrupun son tur matçında ağ fiqurlarla Vaşye-Laqravla üz-üzə gələcək. Yalnız qələbə təqdirində o, qrup lideri ola biləcək.
Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.
Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.
Qeyd edək ki, FIDE Qran-prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.