Beynəlxalq Pişiklər Federasiyası (FIFE) Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatla bağlı rus pişiklərinə qarşı sanksiyalar tətbiq edib.
Milli.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayılıb. Bəyanatda deyilir:
"Martın 1-dən mayın 31-dək sahibi Rusiyada yaşayan heç bir pişik Rusiyadan kənarda federasiyanın təşkil etdiyi şoulara buraxılmayacaq. Rusiyada böyüyən pişiklər ölkədən kənara ixrac edilə və FIFE damazlıq kitabında qeydiyyata alına bilməz".
Bundan əlavə, təşkilat hərbi əməliyyat zamanı zərər çəkmiş Ukraynadan olan pişik sahiblərinə dəstək olmaq qərarı alıb:
"Ukraynalı pişiksevər soydaşlarımız bu çətin şəraitdə öz pişiklərinə və digər heyvanlara qayğı göstərməyə çalışırlar. Federasiyamızın Şurası həmçinin Ukraynada mövcud vəziyyətdən təsirlənən pişik yetişdirənlərə və həvəskarlarına dəstək üçün büdcəsinin bir hissəsini ayırmağa qərar verib. Ukraynalı dostlarımızın xatirinə ümid edirik ki, bu dəhşətli vəziyyət uzun sürməyəcək. Onlara cəsarət və uğurlar arzulayırıq".