Putin Ukrayna ordusuna hakimiyyəti devirmək çağırışı edib: bu, Ukrayna ordusu daxilində parçalanma yaratmaq məqsədilə psixoloji təzyiq taktikasıdır və o deməkdir ki:
- Müharibənin gedişi Moskvanın gözlədiyi kimi olmadı: ruslar hücumun ilk günündə Kiyevi tutaraq, hakimiyyəti devirmək istəyirdi, güclü müqavimətlə qarşılaşdılar və indi “içəridən parçalamağa” çalışırlar;
- Rusiya ukraynalıların güclü müqavimətini qırmaq, həm də “içəridən parçalama” taktikasının işləməsi üçün xüsusilə Kiyevə hücumun təzyiqini artıracaq: Kliçko bu gecə, xüsusilə səhərə yaxın Kiyev üçün çətin olacağını açıqlayıb.
Putinin çağırışı həm də onu göstərir ki, Rusiyanın Ukrayna ordusu daxilində hərəkətə gətirə biləcəyi qruplaşması yoxdur. Və belə bir çağırış əslində xalqın Zelenskinin ətrafında daha sıx birləşməsinə, Moskvanın taktikasının əks-effekt verməsinə də şərait yarada bilər.
NATO da Ukraynaya müxtəlif növ silahlar, o cümlədən, Hava Hücumundan Müdafiə sistemləri (gec də olsa) verməyi nəzərdən keçirir. Silahların göndərilməsi gecikməsə, hücumun gedişi rusların əleyhinə dəyişə bilər.
Ukrayna bir neçə gün müqaviməti saxlasa, xüsusilə Kiyevi qoruya bilsə, Moskva üçün vəziyyət çətinləşəcək. Bu müddət isə həlledici olacaq, çünki Rusiya hücumu daha da sərtləşdirəcək.