Ukrayna lideri Vladimir Zelenski Ukrayna və Rusiya arasında danışıqlarda vasitəçilik etmək üçün İsrail Baş naziri Naftali Bennettə müraciət edib.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk deyib.
O bildirib ki, bu xahişi Zelenski cümə günü Bennettlə telefon danışığı zamanı edib.
“İnanırıq ki, İsrail dünyada Ukrayna və Rusiya ilə çox yaxşı münasibəti olan yeganə demokratik ölkədir”, - səfir qeyd edib.
Bennettin ofisindən telefon danışığı təsdiqlənsə də, şərh verilməyib.
Səfir bildirib ki, Ukrayna özünü Qüdsdə keçirilən danışıqlarda daha rahat hiss edə bilər, nəinki Minskdə.
Qeyd edək ki, Zelenskinin danışıqlarla bağlı çağırışına müsbət reaksiya verən Kreml nümayəndə heyətini Minskə göndərməyə hazır olduğunu bildirmişdi. Rusiya XİN sözçüsü Zaxarova isə Kiyevin danışıqlar üçün Varşavanı təklif etdiyini, daha sonra isə əlaqəyə çıxmadıqlarını açıqlamışdı.
Türkiyə Zelenski-Putin görüşünə ev sahibliyi etməyə hazır olduğunu bir daha elan edib.