Müharibə nəticəsində Ukrayna nüfuz dairələrinə parçalana bilər.
Ukraynanın şərq və qərb əhalisi arasında müəyyən dini-etnik nöqteyi-nəzərdən fərqliliklərin olması ön plandadır. Şərqdə katoliklər, qərbdə isə pravoslavlar daha çoxdur. Eyni zamanda Rusiyaya və ya Qərbə meyillilik amili də var.
Bu sözləri Axar.az-a əməkdar jurnalist Vüqar Zifəroğlu Rusiya-Ukrayna müharibəsinin nəticələri barədə danışarkən deyib.
O qeyd edib ki, əsas məqam Rusiyanın özünün hədəflərinin nə olmasıdır:
“Ukraynada siyasi hakimiyyətin dəyişdirilməsinə qədər prosesin davam etdirilməsi məsələsi ön plandadır. Rusiya şərq sərhədində NATO qüvvələrinin, ümumiyyətlə, Qərbin möhkəmlənməsində maraqlı deyil. Putin Ukraynada özünə daha yaxın siyasi hakimiyyətin formalaşmasına çalışacaq. Prosesin bu istiqamətdə davam edəcəyini düşünmək mümkündür”.
V.Zifəroğlu bildirib ki, ötən gün Britaniya Baş naziri Boris Consonun Zelenski və onun ailəsini qəbul etməyə hazır olduğunu deməsi bu ssenarinin kifayət qədər ciddi olmasına əsas verir:
“Qərbdə mühacir Ukrayna hökumətinin formalaşması versiyası üzərində də ciddi düşünürlər. Guya Qərb Ukraynanı dəstəkləyəcəyini bildirmişdi, lakin faktiki olaraq ortada indiyə qədər heç nə yoxdur. Digər tərəfdən, Rusiyanın özünün bu müdaxiləyə təhrik edilməsinin şahidi olduq. “Əl-Qüds əl-Ərbiyyə” qəzeti bu məsələyə çox gözəl başlıq verdi: “ABŞ-ın Rusiya siyasəti iflasa uğradı...” Bu cümlə son günlər baş verən prosesləri ən gözəl şəkildə xarakterizə edir”.