![]() |
![]() |
Yazılan və yazılmayan qanunlar, təbii səbəblər və dini amillər…
Dünyada Şərq və Qərb insanlarının sivilizasiyaları, hadisələrə yanaşmaları hər zaman fərqli olub. Mədəniyyət Şərqdə yaransa da, mütəxəssislər bildirirlər ki, sonradan inkişaf edən Qərb bu xüsusda Şərqi xeyli üstələyib. Xüsusilə də Qərb insanlarında qanuna, qaydalara münasibət xeyli dərəcədə fərqlidir. Məsələn, Şərqdə hansısa hadisəyə görə insanlar polisə deyil, məsələni özləri həll etməyə çalışırlar. Qərbdə isə qaydalar daha sərtdir və eyni zamanda insanlar da yazılan qanunlara riayət edirlər. Məsələ insanların öz hüquqlarına yanaşması və bunu qoruması baxımından da fərqlidir.
“Yeni Müsavat”a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, Şərqdə mədəniyyətin formalaşması min illər boyu davam edib:
“Orada konkret bir çərçivələr olmayıb. Şərqdə eyni zamanda həmişə rasional düşüncə ilə yanaşı, rasional olmayan düşüncə də geniş yayılıb. Məsələn, hansısa kənar qüvvələrə inamı göstərə bilərik. Orta əsr Şərq fəlsəfəsini, İslam fəlsəfəsini də götürsək, bu cür məqamlara rast gələ bilərik. Çin, Hindistan, Misir fəlsəfələrinə baxsaq görərik ki, orada insan haqqında təkcə rasional düşüncə ilə danışılmır. Eyni zamanda başqa bir aləmin də insana təsirləri barəsində hər zaman ciddi və qəbuledilən düşüncə olub. Yəni Şərq insanı bir qədər sərbəst, insanlıq, dünya barəsində daha əhatəli, çoxşaxəli şəkildə düşünüb. Orada belə hal olmayıb ki, hökmən hansısa qayda-qanuna əməl edilməlidir. Ancaq Qərb mədəniyyətində fərqlidir. Bu mədəniyyət əsasən 14-cü əsrdən sonra formalaşdı. Qərb mədəniyyəti o zamana qədər Şərq mədəniyyətinin təsiri altında idi. Artıq Qərb özü-özünün ayrı xarakterdə olduğunu hiss etdikdə, inkişaf yollarını axtardı. Qərbdə daha çox rasional düşüncə rol oynadı. Bu da təbii idi. Çünki əvvəllər Qərbdə insan yox idi. Şərqdə müharibələr, davalar olduğu üçün insanlar Qərbə üz tutdular. Oraya-sərt iqlim içərisinə girdikdə rasional düşüncələri bunun hesabına inkişaf etməyə başladı. Yəni şərait və mühit məcbur etdi ki, insanlar bu cür düşünüb, inkişaf etsinlər. Aydın başa düşmək üçün bizim özümüzün məcburi köçkünlərimizə diqqət edə bilərik. Bir zamanlar, məsələn, Ağdamda hər bir şəraiti olan, Muğan, Füzuli haqqında danışan ailə, qəfildən işğal nəticəsində Bakıya gəlib, 1 otaqlı mənzilə sığınmalı oldu. O, səhərlər bazarda göyərti satıb, ailəsini dolandırdı. Artıq onların Muğan, Füzuli ilə bağlı fikirləri bir yanda qaldı. Özünü xilas etmək üçün düşünməyə başladı. Qərb düşüncəsi də uzun əsrlər boyu bu cür formalaşıb”.
Ekspert bildirib ki, Qərbin fərqli olması da bu nüansla bağlıdır:
“Onlar uzun əsrlər boyu özlərinin inkişaf yollarını müəyyənləşdirməyə başladılar. 14-cü əsrdən Qərb intibahı deyilən dövr başlayır. Qərb mədəniyyəti formalaşıb, ortaya yeni düşüncə tərzi çıxıb. Bəzən deyirlər ki, hər iki tərəf eynidir. Əslində isə bu, belə deyil. Məsələ ilə bağlı illərdir ki, tədqiqat aparıram. Şərqli uzun illər boyu təbiətlə təmaslı şəkildə, fərqli formada inkişaf edib. Qərbdə isə çətin həyat hesabına rasional və fürsətçi düşüncə formalaşıb. 17-ci əsrdən sonra qərbli dünyəvi elmlərdən bəhrələnməyə başladı. Bu zaman isə dünyəvi elmə qarşı məhəbbəti artdı. Gördülər ki, dünyəvi elmlər onlara həyatda çox kömək edir. Nəticədə ilahiyyat elmlərinə yuxarıdan-aşağı baxdılar, təbiət elmləri ilə də ciddi şəkildə maraqlandılar. Qərb düşüncəsinin bu cür formalaşmasında Katolik kilsəsinin də böyük rolu oldu. Şərqdə Yaponiyanın da oxşar taleyi var. Onlar da iqlim, yer, təbiət baxımından çətin vəziyyətdədir. Bu baxımdan yaponlar da nizam-intizama önəm verib, çətin şəraitdən çıxmağa başladılar. 20-ci əsrin sonlarına doğru Qərbdə başa düşdülər ki, yalnız rasional düşüncəyə aludə olmaq onların həyatlarına ziyan verib. Ona görə də artıq Qərbdə Şərqə qarşı çox böyük maraq yaranıb. Dini kitabların potensialını dərindən araşdırırlar. 2007-ci ildə Amerikada ən çox satılan kitab Mövlanənin kitabı oldu. İndi də Qərb ölkələrində olduğum zaman Şərqə qarşı kifayət qədər maraq görürəm. Çox təəssüf ki, bizim təkcə davranışımızda olan qeyri-dəqiqliklə yanaşı, yazılan elmi işlərimizdə də yalançı hay-küy çoxdur. Hazırda Qərb praqmatik düşüncəsindən irəli gələrək, Şərqdə olan yeniliyi daha dərindən öyrənirlər. Bu dəqiqə Qərb Qurani-Kərimi kifayət qədər dərindən öyrənir, araşdırır, elmi işlərdə istifadə edirlər. Qərb İslamı daha çox fəlsəfi, elmi əsaslarla mənimsəyir. Şərqin özündə isə bu belə deyil – dindən camaatı qorxutmaq, cəhalət üçün istifadə edirik. Bütün səbəblər də bu cür yanaşmalarla bağlıdır”.
Bizimyol.info xəbər verir ki, rus Anastasiya Radzinskaya “Youtube” videolarının sayəsində milyonçu olub. Onun “Like Nastya” kanalındakı videolarına indiyə qədər 13 milyarda yaxın baxış qeydə alınıb.
Nastyanın cəmi 5 yaşı var. Rusiyanın Krasnodar şəhərində doğulub. Günlərin birində valideynləri onun üçün “Youtube” kanalı açmaq qərarına gəlib. Üç il əvvəlki ideya böyük uğur gətirib. Nastyanın 700 milyon baxışı keçən videosu var.
Uşaq videolarda oyuncaqlar, müxtəlif oyunlar haqda danışır, atası ilə səhnəciklər yaradır. Abunəçilərin sayı 29 milyon nəfəri keçib.
Anastasiyanın anası Anna 2016-cı ilin yanvarında kanalı açanda pis qazanmadığını deyir. Xanım Radzinskayanın Krasnodarda gözəllik salonu vardı, hər ay təxminən 300 milyon rubl (5 min dollar) gəlir götürürdü. Amma “Like Nastya” kanalı onların həyatını tam dəyişib. Nastyanın aylıq qazancı 80 min dolları ötür. Ailə il ərzində gəlirini 1 milyon dollara çatdırır.
Nastyanın videoları başqa ölkədə daha çox gəlir gətirərdi. “Youtube” rus dili seqmentinə böyük pul ayırmır. Uşaq atası ilə videoları məhz ana dildə çəkir. İngilis və ya ispan dili daha sərfəli hesab edilir.
Qərbdə Anastasiyadan da çox qazanan uşaqlar var. Məsələn, “Ryan Toys Review” kanalı Rayan adlı 7 yaşlı uşağa 22 milyon dollar gətirib.
Politoloq: “Mərkəzi Asiya regionu geopolitik qarşıdurma arealına daxil olub”
“Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölümü ilə bağlı yayılan dezinformasiyalar türkmən müxalifətinin ölkədə çevriliş etmək məqsədindən irəli gəlirdi”.
Bunu rusiyalı siyasi analitik Denis Korkodinov deyib. Korkodinov Türkmənistan hökumətindəki mənbələrə istinadən bildirib ki, regionda fəaliyyət göstərən islamçı qruplaşmalarla birgə türkmən müxalifəti, o cümlədən İŞİD terror təşkilatı prezidentin Aşqabadda olmamasından istifadə etdi: “Onlar yerli ictimaiyyət və güc strukturlarının yardımı və dəstəyinə ümid edərək çevrilişə cəhd göstərdilər. Amma Türkmənbaşı müxalifətin planlarından əvvəlcədən xəbərdar edilmişdi və rus kəşfiyyatının yardımı ilə çevrilişin qarşısını ala bildi. Bu, Türkmənistan siyasi elitasının daxilində bir sui-qəsdin ortaya çıxmasına imkan verdi”, – Korkodinov bildirib. (Axar.az) Onun sözlərinə görə, yaxın günlərdə Aşqabadda müxalifətin “təmizlənməsi” həyata keçiriləcək: “Həddən artıq şəxsə cinayət işi açılacaq. Cəhdin bəzi iştirakçıları məhv ediləcək”.
Qeyd edək ki, bazar günü Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədovun ölümü barədə məlumat yayılmışdı. Bildirilirdi ki, Almaniyada müalicə olunan anasını yoluxmağa gedən Q.Berdiməhəmmədov ölkədən çıxan kimi ssenari işə salınıb.
Prezidentin ölümü barədə ilk olaraq politoloq və “Qovorit Moskva” radiostansiyasının Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev yerli mənbəyə istinadən xəbər vermişdi. O, bu barədə türkmən iş adamlarından xəbər tutduğunu bildirib. Onların sözlərinə görə, xüsusi xidmət orqanlarında işləyən şəxslər hadisənin prezident məzuniyyətdə olan zaman baş verdiyini deyiblər. Bildirilib ki, Qurbanqulı Berdiməhəmmədov iyulun 15-də məzuniyyətə çıxıb. Həmçinin siyasətçinin ölümü barədə ərəb ölkələrindəki həyat tərzini işıqlandıran teleqram-kanal da məlumat yayıb. Yerli müxalifət qurumlarından birinin “Youtube” kanalı prezidentin iyulun 20-də öldüyünü xəbər verib. İlk saatlarda xəbər rəsmi səviyyədə nə təsdiq, nə də təkzib edilib ki, bu da şayiələrə yol açıb. TASS-ın sorğusuna bu ölkənin Rusiyadakı səfirliyindən cavab gəlib. Səfirliyin nümayəndəsi bildirib ki, Türkmənbaşının ölüm xəbəri tamamilə yalan informasiyadır.
Üstündən bir gün keçəndən sonra Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədov səhiyyə və tibb sənayesi işçiləri günü münasibətilə ölkənin tibb işçilərini təbrik edib. O, öz təbrik məktubunda ölkə səhiyyəsində qazanılan uğurları qeyd edib. Bildirib ki, hazırda ölkə üzrə səhiyyə sisteminin Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun təkmilləşdirilməsi üzrə işlər uğurla həyata keçirilir.
“Xüsusilə ana və uşaqların sağlamlığı və qorunması təmin edilib, bir sıra yoluxucu xəstəliklər tamamilə aradan qaldırılıb, sağlam həyat tərzi prinsipi tətbiq olunub”, – deyə prezident məktubunda bildirib.
Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Türkmənistan prezidentinin ölüm xəbərinin yayılması siyasi rezonansa səbəb oldu: “İlk növbədə maraqlı qüvvələr əsasən sistem daxilindən qaynaqlanırdı. Çünki elita daxilindəki müxalif qüvvə sarayda çevriliş yolu ilə yeni hakimiyyət qurmaq planına malikdir. İŞİD-in burada rol alması inandırıcı deyil. Çünki Orta Asiya ölkələrindən fərqli olaraq, İŞİD bu ölkədə geniş yayılmayıb. Baxmayaraq ki, Əfqanıstanla sərhəddə onların mövcudluğu var. Türkmənistan prezidentinə qarşı bu dezinformasiya xalqda panika yaratmaq və çevrilişə cəhd kimi bir siyasi gediş idi”. Ekspert deyir ki, burada maraqlı olan dövlətlər də var: “Hesab edirəm ki, kəşfiyyatın fəal müdaxiləsi ilə bunun qarşısı alınıb. Zaman-zaman Türkmənistanda sui-qəsd hadisələri baş verir. Bu, saraydaxili çevrilişdir. Hesab edirəm ki, Qurbanqulu Berdiməhəmmədov radikal addımlar atacaq və ona qarşı baş verən bu kimi siyasi proseslərin qarşısını alacaq. Təbii ki, bu prosesdə Kreml ona dəstək verəcək”. Politoloq onu da qeyd etdi ki, Mərkəzi Asiya regionu geopolitik qarşıdurma arealına daxil olub: “Buradakı siyasi kataklizmlər gözləniləndir”.
F-35 təyyarələrinin qiyməti 7-8 milyon dollar bahalaşacaq, Ankara isə alternativ variantlara baxa bilər
ABŞ Müdafiə Nazirliyi Türkiyəyə F-35 döyüş təyyarələri proqramında iştirakını dayandırıb. Pentaqon bu qərarı Rusiyadan S-400 zenit-raket kompleksi alması ilə əsaslandırıb. Belə bir qərarın olması daha əvvəldən gözlənilsə də, məlum qərar Ankara və Brüsseldə narahatlıqla qarşılanıb.
Ancaq eyni zamanda ABŞ Müdafiə Nazirliyinin Satınalma və Təmir İşləri üzrə rəsmisi Ellen Lord bildirib ki, bu qərar “geri döndürülməz” deyil, əgər Ankara S-400 mövzusunda mövqeyini dəyişdirərsə, yenidən proqrama qatılması müzakirə oluna bilər. Eyni zamanda o, hazırda ABŞ-da olan və F-35 təlimlərində iştirak edən Türkiyə hərbi pilotlarının geri göndərilmə mərhələsində olduğunu deyib.
Qeyd edək ki, Türkiyə F-35 layihəsinin üzvüdür. Bu səbəbdən də Ankaranın layihədən çıxarılması 9 milyardlıq ziyana səbəb ola bilər. Lakin Qərb mənbələri Trampın Yaponiya səfəri zamanı bu ölkəyə Türkiyənin alacağı sayda, yəni 100-ə yaxın F-35 satılması ilə bağlı müqavilə imzalanıb. Mütəxəssislər hesab edirlər ki, Türkiyənin proqramdan çıxmasından yarana biləcək zərərləri Yaponiyaya satışla aradan qaldırmaq mümkün olacaq. Ümumilikdə isə Türkiyənin proqramdan çıxması Vaşinqtona 500-600 milyon dollar dəyərində zərər vuracaq.
Türkiyə XİN isə yaydığı rəsmi açıqlamada qərarı “birtərəfli və müttəfiqlik ruhu ilə uyğun gəlməyən” və eləcə də “gerçəkliyə əsaslanmayan” sənəd adlandırıb. Eyni zamanda XİN bəyanatında qeyd olunur ki, Türkiyənin F-35 proqramından kənarda qoyulması ədalətsiz olmaqla yanaşı, S-400 sisteminin F-35-lərin fəaliyyətinə maneə yaradacağı, texniki göstəricilərini ələ keçirəcəyi iddiaları da əsassızdır. Türkiyə tərəfi qeyd edir ki, Ankaranın NATO-nun da iştirakı ilə bu mübahisələri həll etmək üçün birgə komissiya yaradılması təklifi də cavabsız qalıb.
Sitat: “ABŞ Türkiyənin dostluğuna önəm verdiyini, sadəcə, sözdə deyil, fəaliyyətlər, xüsusən də İŞİD, PKK/PYD/YPG və FETÖ ilə mübarizədə göstərməlidir”.
Türkiyə XİN ABŞ-ı strateji əlaqələrdə yaralara səbəb ola biləcək xətadan geri çəkilməyə çağırır.
NATO baş katibi Yens Stoltenberq Türkiyənin F-35 proqramından çıxarılmasının narahatlıq doğurduğunu deyib. Baş katib deyib ki, S-400-lər NATO-nun birgə hava hücumundan və raketdən müdafiə sistemlərinin bir parçası olmayacağını, ancaq Türkiyədə olan mövcud təyyarə və radar sistemlərinin NATO ilə inteqrasiya halında fəaliyyət göstərməyə davam edə biləcəyini deyib. Sitat: “Türkiyənin NATO-ya dəstəyi və NATO-nun Türkiyə ilə əməkdaşlığı F-35-lərdən daha dərin və əhatəlidir. S-400 məsələsini kiçiltmək istəmirəm, amma bir NATO müttəfiqi olaraq Türkiyə S-400-lərdən daha vacibdir. Türkiyə İŞİD-lə mübarizədə həlledici müttəfiqdir. Bundan başqa, Türkiyə Balkan respublikalarında, Kosovada və Əfqanıstanda bir sıra NATO əməliyyatlarına dəstək verir. Türkiyə NATO hava hücumundan müdafiə sisteminin bir parçası olaraq davam edəcək, amma bu vəziyyətdən narahatam, çünki artıq F-35 proqramında olmayacaq”.
Ağ Evin yaydığı rəsmi açıqlamada isə Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasının onun F-35 proqramına daxil olmasını mümkünsüz etdiyi vurğulanıb.
Sitat: “Rusiya kəşfiyyatının F-35-lərin inkişaf etmiş imkanlarını öyrənmək üçün istifadə edəcəyi bir platforma ilə birlikdə fəaliyyət göstərə bilməz”.
Eyni zamanda Vaşinqton Türkiyəyə “Patriot” təklif etdiyini, eləcə də 65 ildir etibarlı NATO müttəfiqi olan bir ölkənin S-400 alması NATO üzvlərinin Rusiya sistemlərindən uzaq dayanması üçün verdiyi sözə əməl etmədiyini qeyd edib. Lakin eyni zamanda Vaşinqton digər məsələlərdə əməkdaşlığın davam edəcəyini vurğulayıb.
Xatırladaq ki, bu həftənin əvvəlində prezident Tramp Türkiyənin Rusiyadan S-400-ləri almasına münasibət bildirib. ABŞ prezidenti deyib ki, S-400-lərə rəğmən Türkiyə ilə münasibətlər yaxşıdır. Eyni zamanda Tramp Türkiyəyə “Patriot” sistemlərinin satılmamasına görə əvvəlki kabineti ittiham edib, dolayısı ilə bu problemlərə görə Obama administrasiyasını günahlandırıb.
Türkiyə dünyanın ən məşhur silah istehsalçısı olan “Lockheed Martin” şirkətinin həyata keçirdiyi “Müştərək Hücum Proqramı” çərçivəsində 5-ci nəsil döyüş təyyarələri hesab olunan F-35 “Lightning II” layihəsinə 2002-ci ildə qoşulub. Ümumi məbləği 25 milyard olan anlaşmaya əsasən F-35 qırıcılarının bəzi ehtiyat hissələri Türkiyədə istehsal olunacaq və Türkiyə ilə F-35 təyyarələrinin istehsalçısı “Lockheed Martin” şirkəti arasında imzalanmış 9 milyard dollarlıq anlaşmaya əsasən, Türkiyə 100 ədəd, bəzi məlumatlarda 116 ədəd F-35 təyyarəsi alacaq. Layihə şirkətinin saytında qeyd olunan məlumata əsasən, Türkiyə şirkətləri F-35-in ehtiyat hissələrinin istehsalından 12 milyard dollar gəlir əldə edəcək. Bu layihədə Türkiyənin ASELSAN, HAVELSAN, ROKETSAN, AYESAŞ, Alp Havacılık, Türk Havacılık və Uzay Sanayii (TUSAŞ) kimi şirkətləri iştirak edir.
Ən müasir, 5-ci nəsil döyüş təyyarələri olan F-35-lər dünyada böyük maraqla qarşılanıb. Uzunluğu 15, 4 metr, qanadlarının eni 10,7 metr olan döyüş təyyarələri 134 ton ağırlığındadır. Bu təyyarələr birdəfəyə 2200 kilometr uça bilir. F-35 qısa məsafəli qalxma-enmə, şaquli qalxma-enmə, radara görünməzlik texnologiyası və bağlı hissələrdən silah sistemlərinin tətbiqi kimi xüsusiyyətlərə malikdir.
F-35 təyyarəsi 25 mm-lik GAU-22/A aviasiya topu, “havadan havaya”, “havadan quruya” tipli raketlər, həmçinin ayrıca GBU-31JDAM, GBU32JDAM idarə olunan bombalarıla təchiz edilib.
F-35-in mühərriki “Rolls-Roys” (Rolls-Royce) şirkətinin iştirakı ilə hazırlanıb. Nüvə silahı ilə təchiz edilə bilər, 1,3 min kilometr məsafədən ballistik raketlərin atılmasını fiksə etmək qabiliyyəti var. ABŞ-ın, S-400 alacağı təqdirdə, Türkiyəyə F-35 satışını dayandırması gözlənilsə də, indi faktiki olaraq Türkiyəyə qarşı sərt addım atıb. Türkiyənin buna qarşı hansı cavab addımları atacağı maraq doğurur. Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir F-35 proqramından çıxarılmasının Türkiyənin bir sıra hərbi-sənaye şirkətlərini zərərə sala biləcəyini deyib. Dəmir deyib ki, hazırda onlar bununla bağlı Vaşinqtonun rəsmi qərarını gözləyirlər, hazırda isə Türkiyə şirkətləri öhdəlikləri yerinə yetirməyə davam edir. Eyni zamanda o deyib ki, Vaşinqtonun son qərarında Türkiyənin F-35 proqramında iştirakının məhdudlaşdırılması qeyd olunub, tamamilə uzaqlaşdırılması deyil. Onun sözlərinə görə, Türkiyə proqramdan çıxacağı təqdirdə F-35-lərin istehsal qiymətləri hər təyyarə üçün 7-8 milyon dollar bahalaşa bilər. Eyni zamanda o, hazırda bir sıra alternativ variantlar üzərində işlədiklərini deyib.
Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”
Aralıq dənizinin enerji ehtiyatları uğrunda mübarizə gərginləşir
Avropa İttifaqı xarici işlər nazirləri Türkiyəyə qarşı sanksiya tətbiq edib. Ankaranın Aralıq dənizinin şərq sahillərində təbii qaz kəşfiyyatı fəaliyyətlərinə görə tətbiq olunan sanksiyalar Türkiyə ilə Aİ arasında yüksək səviyyədə təmasları və hava-yük daşıması müqaviləsi müzakirələrini məhdudlaşdırır. Eyni zamanda Türkiyəyə 2020-ci ilə qədər verilməsi nəzərdə tutulan 145,8 milyon avro dəyərində yardım da dayandırılacaq.
Bu sanksiya 2014-2020-ci illər ərzində Aİ-nin Türkiyəyə 4,4 milyard avro dəyərində demokratiya, idarəçilik, hüququn aliliyi, əsas hüquqlar, ekologiya, iqlim, nəqliyyat, enerji, innovasiya, təhsil, sosial siyasət və sair kimi sahələrə ayrılmalı olan vəsaitin son mərhələsinin ödənməsini dayandırır. Bundan başqa, Aİ xarici işlər nazirləri Türkiyənin Aralıq dənizindəki qazma fəaliyyəti ilə əlaqəli təşkilat və şirkətlərə maliyyə sanksiyalarının tətbiq olunması istiqamətində fəaliyyətlərin davam etməsini tələb edib. Eyni zamanda Avropa İnvestisiya Bankının Ankaraya veriləcək kreditinin də nəzərdən keçirilməsi tələb olunub.
Türkiyə XİN bu qərara sərt etiraz edib. Nazirliyin yaydığı rəsmi açıqlamada bu qərarın Türkiyənin Aralıq dənizinin şərq sahillərindəki hidrokarbon fəaliyyətlərinə təsir etməyəcəyi vurğulanıb.
Xatırladaq ki, ötən il noyabrın 10-da Amerikanın “Exxon Mobil” şirkəti, “Qatar Petroleum” və Cənubi Kipr hökumətinin birgə “Eksklüziv İqtisadi Zonada” ərazisində yerləşən 10-cu bölgədə təbii qaz kəşfiyyat işlərini başlatdığını elan edib. Bundan öncə isə ABŞ dövlət katibinin enerji məsələləri üzrə müavini Frensis Fannon Kiprə səfər edib. O da məlum olub ki, hazırda qeyd olunan bölgədə qaz kəşfiyyatını Britaniyaya məxsus “Stena Icemax” gəmisi həyata keçirir. Onun ətrafında isə bir sıra ölkələrin, o cümlədən ABŞ-ın hərbi gəmisi keşik çəkir.
Bu il isə Türkiyə Kipr adası ilə Türkiyə arasındakı bölgəyə iki geoloji-kəşfiyyat və qazma gəmiləri göndərib. Türkiyəyə məxsus “Fatih” geoloji kəşfiyyat gəmisi may ayında Kipr adasının qərbində axtarış-qazma fəaliyyətinə başlayıb. Türkiyəyə məxsus ikinci geoloji kəşfiyyat gəmisi “Yavuz” isə bu günlərdə Kiprin Karpaz yarımadasının cənubunda açıq dənizdə fəaliyyətə başlayıb.
Ancaq bu addım Avropa ölkələri və ABŞ-ın sərt reaksiyası ilə müşayiət olunub. ABŞ Konqresi ötən həftə Cənubi Kiprə tətbiq olunan sanksiyaların götürülməsi ilə bağlı qanun qəbul edib. Ötən ay isə Avropa İttifaqı Türkiyəyə xəbərdarlıq etmişdi ki, Ankaranın qazma fəaliyyətlərinin “qanunsuz” olduğunu və qazma fəaliyyətləri dayandırılmayacağı təqdirdə Türkiyəyə qarşı sanksiyalar tətbiq olunacaq. Avropa İttifaqı Türkiyənin qazma fəaliyyətlərini “Kiprin iqtisadi bölgəsinə girmək və suverenliyini tapdalamaq”da günahlandırıb.
Türkiyə tərəfi isə Şimali Kipr Türk Respublikasının və onun türk vətəndaşlarının haqlarının olduğunu vurğulayır. Avropa tərəfinin Kipr kimi yalnız yunan tərəfinin haqlarının irəli sürülməsini ədalətsiz addım adlandırır. Şimali Kipr hökuməti də Avropa İttifaqının Türkiyə qərarını tənqid edib. Şimali Kipr prezidentinin sözçüsü Barış Burcu, Avropa İttifaqının sanksiya qərarının “problemin həllinə yardım etməyən, ədalətli olmayan, qəbul edilməz bir durum” adlandırıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Avropa İttifaqının sanksiya qərarlarını ciddiyə almağa ehtiyac görmür. Çavuşoğlu deyib ki, Aİ-nin bu qərarı Kiprin yunan hissəsini razı salmaq üçün atılmış addımdır. Nazir onu da deyib ki, Türkiyə Aralıq dənizindəki qazma fəaliyyətlərini davam etdirəcək. Sitat: “Əgər Türkiyəyə qarşı belə bir qərar versəniz, o zaman fəaliyyətlərimizi daha da genişləndirəcəyik. Yaxın zamanlarda qazma işini aparan 4-cü gəmini də bölgəyə göndərəcəyik”.
Çavuşoğlu qeyd edib ki, Türkiyə Şimali Kiprin türk xalqının haqlarını heç kimə, o cümlədən yunan Kiprinə güzəştə getməyəcək.
Nəzərə çatdıraq ki, Aralıq dənizinin şərq sahillərində böyük enerji ehtiyatları mövcuddur. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin ehtimallarına görə, Kipr, Livan, Suriya və İsrail arasında qalan dəniz bölgəsində 3,45 trilyon kubmetr qaz və 1,7 milyard barel neft ehtiyatlarının olduğu güman edilir. Nil Deltası hövzəsində isə 1,8 milyard barel neft, 6,3 trilyon kubmetr təbii qaz və eləcə də 6 milyard barel maye qaz yatağı olduğu ehtimal olunur. Bundan başqa, Kipr adası ətrafında olduğu ehtimal olunan 8 milyard barel neft yatağından başqa Krit adasının cənub və cənub-şərqində Heredot adlı yataqda 3,5 trilyon kubmetr qaz olduğu ehtimal edilir. Bu isə bu günə qədər kəşf olunmuş ən böyük yataqlardan biri deməkdir.
“WikiLeaks” saytının qurucusu Julian Assanj ölüm cəzasının tətbiq edildiyi heç bir ölkəyə ekstradisiya olunmayacaq.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Xarici İşlər nazirinin müavini Alan Dankan Kitoda Ekvadorun XİN rəhbəri Xose Valensi ilə keçirdiyi ortaq mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ekvadorla İngiltərə arasında bu barədə razılıq əldə olunub.
Xatırladaq ki, Assanj “WikiLeaks”də ABŞ-ın Əfqanıstan və İraqda apardığı hərbi əməliyyatlar, dinc əhalinin öldürülməsi haqda faktlar, Quantanamo həbsxanasındakı ağır şərtlər haqda materiallar dərc etməsi ilə tanınıb. 2010-cu ildə İsveçdə ona qarşı cinsi zorakılıq faktı üzrə ittiham irəli sürülüb. Assanj bu ittihamı qəbul etməyərək 2012-ci ildən Londondakı Ekvador səfirliyinə sığınıb. Ancaq bu il aprelin 11-də İsveç və ABŞ hökumətinin tələbi ilə həbs olunub. Ona Britaniyada 11,5 aylıq həbs verilib.
Bundan sonra İsveç prokurorluğu Assanj işi ilə bağlı istintaqı yeniləyib və tədqiqatlara başlayıb. ABŞ hökuməti isə ona qarşı casusluq və gizli informasiyanın yayılması maddələri üzrə ittihamlar qaldırıb. Hazırda Assanjı 175 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Şahzadə daha öncələr Almaniyadan sığınacaq istəyibmiş
Dubay əmiri Şeyx Məhəmməd ibn Rəşid əl Məktumun İngiltərəyə qaçan 15 illik həyat yoldaşı şahzadə Hayanın ərini atması gündəmə bomba kimi düşüb. İndi başda İngiltərə mətbuatı olmaqla dünyanın tanınmış media qurumları bu olayın pərdə arxasındakı detalları araşdırmaqla məşğuldur.
Musavat.com xəbər verir ki, bir neçə gün öncə şahzadənin yasaq sevgi münasibəti yaşadığı ingilis cangüdənə görə ərini tərk etdiyi məlumatı yayılmışdı. Araşdırma nəticəsində ortaya çıxan daha bir detal isə ondan ibarətdir ki, bu, şahzadənin ilk qaçış cəhdi deyil. Bir neçə ay bundan öncə şahzadə Haya Dubaydan Almaniyaya qaçıb, hətta Almaniyaya sığınma xahişiı ilə müraciət edib. Amma onun bu istəyinə müsbət cavab verilmədiyi üçün şahzadə ölkəsinə geri qayıdıb. Ölkəsinə qayıdandan sonra şahzadə və cangüdəni arasındakı sevgi münasibətləri 69 yaşlı əmir tərəfindən öyrənilib. Məhz bundan sonra şahzadə ikinci dəfə qaçmağa cəhd edib və bu dəfə seçimi yaxın dostluqları və əlaqələri olan İngiltərə olub.
Şahzadənin qaçışı ilə bağlı Londonun Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi hər hansı açıqlama verməyi rədd edib. Səfirliyə görə, mövzu “iki nəfər arasında yaşanan şəxsi mövzudur”.
Musavat.com xatırladır ki, Hayanın məhz Londonu qaçaq yer olaraq seçməsinin səbəbi isə sevgilisinin London mərkəzli bir təhlükəsizlik şirkəti olan UK Mission Enterprise Limited’ta çalışmasıdır. Bundan başqa, onun təhsil həyatını Londonda keçirməsi, bu şəhəri çox sevməsi, ona bələd olması da seçiminin digər səbəblərindəndir.
İngiltərə mediası bu günlərdə Şeyx Məhəmmədin İnstagram profilindən paylaşdığı bu şeiri arvadına həsr etdiyini yazmışdı. Şeirin başlığı belə idi: “Sevdin və öldün”.
“Sən xain, sən ən dəyərli etibara xəyanət etdin və oynadığın oyun gün üzünə çıxdı.
Artıq mənim yanımda yerin yoxdur.
Kiminlə məşğulsansa, onun yanına get. Yaşaman və ya ölmən vecimə də deyil”.
İngiltərə mediası eyni zamanda şahzadə Hayanın Dubay şeyxindən olduğu iddia edilən oğlunun şəkillərini də həssaslıqla təhlil edir. Həmin fotolardakı uşağın sarışın olması və şeyxə əsla bənzəməməsi onun “yasaq sevginin meyvəsi” olması ilə bağlı ehtimalları da gücləndirir. Amma sözügedən uşaq 2012-ci ildə doğulub və ehtimal edilir ki, onun atası şahzadə Hayanın həmin vaxtlarda münasibətdə olduğu keçmiş sevgilisidir. Həmin şəxs onun Oksford universitetində oxuduğu illərdə böyük eşq yaşadığı və münasibətlərini daha sonra da davam etdirdiyi sevgilisi ola bilər.
30 iyulda Londonda baş tutacaq məhkəmədə Dubay şeyxi və şahzadə Haya uşaqlarının valideynlik hüququn üçün qarşı-qarşıya gələcək.
Musavat.com xatırladır ki, Dubay şeyxinin digər arvadından olan qızı Lətifə də illər öncə qaçmağa cəhd edib, amma yaxalanaraq ölkəyə gətirilib. Həmin gündən etibarən onun öldü-qaldısı bilinmir. Həmin günlərdə Lətifə İnstaqram hesabında bir video paylaşıb. Video şahzadənin “Bu, çəkdiyim son video ola bilər” deməsi ilə başlayırdı. Şahzadə videonun davamında “şeytani” atasının tək önəm verdiyi şeyin etibarı olduğunu və etibarı üçün kimlərisə öldürə biləcəyini deyirdi.
Şahzadə Haya ibn Rəşid əl Məktumun altıncı arvadıdır. Bu qadının başqa bir özəlliyi də dünyada məşhur olan layihələrdə iştirak etməsidir. Belə ki, o, BMT layihələrində aktiv olaraq yer alıb, beynəlxalq ictimaiyyətdə gördüyü xeyriyyə işləri ilə tanınıb. Professional bir at minicisidir və 2000-ci ildə Dünya Olimpiadalarında İordaniyanı təmsil etmə haqqı qazanıb. Amma qaçış xəbərlərindən sonra ən çox səs-küyə səbəb olan məlumat onun İngiltərədəki Oksford universitenin məzunu olmasıdır. Şahzadə fəlsəfə, siyasət elmi və iqtisadiyyat fakültələrini ali dərəcə ilə bitirib.
Birləşmiş Ərəb Əmirliklərinə daxil Dubay əmirliyinin rəhbəri şeyx Məhəmməd ibn Rəşid əl-Məktumun ölkəni tərk edərək, İngiltərəyə qaçan arvadı şahzadə Hayanın Londondakı həyatı barədə yeni məlumatlar ortaya çıxıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, əri ilə boşanma ərəfəsində olan İordaniya kralının qızı şahzadə Hayanın Dubay hökumətinə aid London mərkəzli bir təhlükəsizlik şirkəti olan “UK Mission Enterprise Limited”də çalışan bir cangüdənlə özəl münasibəti olduğu ortaya çıxıb.
Bangladeşdə fəaliyyət göstərən xəbər saytı weeklyblitz-də yer alan xəbərə görə, vaxtilə İngiltərədə oxuyan şahzadə Haya təhsil müddəti boyunca son dərəcə azad bir həyat yaşayıb və bu müddətdə bir çox sevgilisi olub.
İngilis cangüdəni ilə münasibəti olan Haya münasibəti ortaya çıxandan sonra əri Şeyx Məhəmməddən afrikalı suç ortaqları ilə saxta qızıl satışı kimi dələduzluq üsulları ilə pul qopartmağa çalışıb.
Weeklyblitz’ə açıqlama verən qaynaqlar şahzadə Hayanın cangüdəni ilə yeni bir həyata başlamaq və evlənmək istədiyini, amma ərindən pul ala bilmədiyi üçün ümidsizliyə düşdüyünü deyiblər.
Şahzadənin qardaşı, Ürdün kralı Abdulla bacısının yasaq eşq macərasından xəbər tutsa da, ürdünlü qohumları vasitəsilə ona ərindən ayrı, rahat yaşaya bilməsi üçün lazımi miqdarda pul almasını tövsiyə edib.
Şahzadə Hayanın Londonda qaldığı iddia olunan 85 milyon sterlinq dəyərindəki evdə sevgilisi ilə yaşadığı, Hayanın bu evi 2017-ci ildə hindli milyoner Lakşmi Mittaldan satın aldığı bildirilir.
Orta Şərqdəki qaynaqlarda yer alan xəbərə görə, 69 yaşlı Dubay əmiri də arvadının cangüdəni ilə münasibətinə görə çox sarsıntı keçirib və onu cəzalandırmağın yollarını axtarır.
Şahzadə Hayanın bir müddət İngiltərə ordusu üçün işləyən sevgilisinə olduqca bahalı hədiyyələr aldığı və bu hədiyyələr üçün lazım olan pulu ərindən oğurladığı iddia edilib.
Əl-Məktumdan bir qız və bir oğlan dünyaya gətirən şahzadə Hayanın 7 yanvar 2012-ci ildə dünyaya gələn oğlu Şeyx Zayedin əsl atasının əslində Hayanın keçmiş sevgilisi olduğu iddia edilir.
Bir başqa iddiaya görə, Şeyx Zayed Hayanın məktəb illərindən tanıdığı və at yarışına marağı olan bir sevgilisi ilə olan yaxın münasibətindən dünyaya gəlib.
Şeyx Zayedin bioloji atasının bir başqası olduğu iddiaları hər hansı DNA testi olmadığı üçün öz təsdiqini tapmayıb.
Hazırda Londonda olan qaçaq şahzadənin illərdir yaxın münasibəti olan İngiltərə kral ailəsi ilə daimi ünsiyyətdə olduğu və mütəmadi olaraq şahzadə Çarlz və onun həyat yoldaşı Kamilla Parkerlə görüşdüyü deyilirr.
Cütlüyün ilk məhkəməsi 22 mayda keçirilib. İkinci proses isə 30 iyulda London Ali Məhkəməsinin Ailə instansiyasında keçiriləcək.
Aşbaz danışdı – sən demə, istəsələr də bunu edə bilməzlərmiş….
Kral ailələrinin, özəlliklə də İngiltərə kral ailəsinin həyatı bütün dünya tərəfindən maraqla qarşılanır. Toylarından doğumlarına qədər hər şeylərilə xəbər olan kral ailəsinin üzvləri, müxtəlif televiziya seriallarının da təsirilə gündən-günə populyarlaşır. Şahzadə Diana ilə başlayan bu populyarlıq Şahzadə Vilyan və Keyt Middletonun toyu, uşaqları, Şahzadə Harri və Meqan Marklın toyu, uşaqları Archienin dünyaya gəlişi kimi hadisələrlə daha da güclənib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, kral ailəsi üzvlərinin bir çox özəlliyi kimi yeyib-içmə vərdişləri də insanlar tərəfindən maraqla qarşılanır. Keçmişdə uzun illər boyunca Buckhingam Sarayının mətbəxində çalışmış məşhur şef aşbaz Darren McGrady verdiyi müxtəlif müsahibələrlə kral ailəsi üzvlərinin yemək və mətbəx vərdişlərinə işıq tutub.
Diana qırmızı ət yeməzdi
Yediyi tək qırmızı ət quzu əti idi. O da əyləncələrdə. Dana əti əsla yeməzdi.
Şahzadə Diana bulimiadan sonra çox sərt bir dieta tətbiq etdi
Bir gün mənə “Darren, sən bütün yağların işinə bax, karbonhidratları da mən idman salonunda həll edəcəm” demişdi. Hər şeyi dəyişdirdik. Mən Buckhingam Sarayı reseptlərini bir kənara atıb, sağlam yeməklər bişirməyə başladım. Diana Saraydaykən bulimiasından(yediyi yeməyi qaytarmaq xəstəliyi) heç kimin xəbəri yox idi, amma sonradan anladıq. Bibər və badımcan dolmasını, eləcə də balığı çox sevərdi.
Diananın qonaqları onun eyni yeməyin yağsız versiyasını yediklərini əsla bilməzdi
İnsanları aldadırdı. Gələn qonaqlar üçün yemək hazırlatdırır, amma özü üçün eyni yeməyin yağsız versiyasının hazırlanmasını istərdi. Qonaqlar isə bunu əsla fərq etməzdi.
Herri və Vilyam fast food “xəstəsi” idi
Bir gün şahzadə Diana mətbəxə girib, “yeməyi ləğv et, uşaqları hamburger yeməyə aparacam” dedi. “Mən də hamburger hazırlaya bilərəm” dedim. Cavabı belə oldu ki, uşaqların istədiyi əsas şey hamburgerdən çıxan oyuncaqdır. Bəli, oğlanlar hamburger, pizza, kartof qızartması sevərdi. Düzdür, onlar bir şahzadə olsalar da, bir uşağın damaq zövqünə sahib idilər.
Kral ailəsi Şotlandiyadakı yay evləri olan Balmoral Qalasında tamamən fərqli davranırdı
Balmoral, kral ailəsinin dərin nəfəs aldığı bir yerdir. Onları orda daim görə bilərsiniz. Halbuki Buckhingamda kraliça çox məşğuldur. Oradakı otağı ilə mətbəxlər də çox uzaqdır. Balmoralda Şahzadə Filip manqalı hazırlayar, mətbəxə gəlib deyərdi ki, “kraliça ilə şahzadə Marqaret çiyələk toplayırlar, axşama onları yeyək”.
Kraliça tez-tez saxlama qabından yeyərdi
Kraliça deyən kimi insanların ağlına qızıl boşqablar, qızıl çəngəl-bıçaqlar gəlir. Bu, zaman-zaman doğru olsa da, Balmoraldaykən kraliça meyvələrini sarı bir plastic saxlama qabından yeyirdi. Amma eyni zamanda almaslarla bəzənmiş bir boşqabdan da meyvə yeyirdi. Bu, üzərində üç qızıldan at olan, mərmər bir boşqabdı. Almaslar, yaqutlar və zümrüdlərlə bəzədilmişdi. 30 il öncə dəyəri 500 min sterlinqdi.
Kraliça şokaladlı biskvitli tort olmadan heç bir yerə getməz
Kraliçanın gündəlik menyusunda hər zaman şokaladlı biskvitli tort olurdu. Eyni tortu hər gün, yavaş-yavaş, qurtarana qədər yeyərdi. Tortundan heç kimin yeməsinə icazə verməz, incə bir dilim belə azalsa, bunu anlayardı.
Axşam yeməkləri çox rəsmi bir atmosferdə yeyilir
Günortadan sonra gündəlik geyimləri ilə kaminin başında oturub çay içər, sonra axşam yeməyi üçün yuxarı çıxıb, üstlərini dəyişdirirlər. Axşam yeməyinə Dounton Abbey serialındakı kimi bal geyimləri ilə otururlar.
Ana Kraliçaya yemək saatı ilə bağlı yalan deyilirdi
Ana Kraliça da qatılacaqsa, Balmoralda axşam yeməkləri 20.30-da yeyilirdi. Amma kraliçaya yeməyin 20.15-də yeyiləcəyi və ən son enənin o olacağı deyilirdi. Digər hər kəsə saat 20.30 deyilirdi, çünki ana kraliçanın gec gələcəyi bilinirdi.
Kraliçanın ən sevdiyi yemək bitter şokaladdır
Kraliça sarayın bağçasında yetişən hər şeyin ərzaq olaraq istifadə edildiyi yeməkləri sevərək yeyərdi. Amma şokaladı, xüsusən də bitteri çox sevərdi. Bir şokalad nə qədər acıdırsa, o qədər dadlı idi.
Kraliça sarımsaq yeməzdi
Menyuda sarımsaq olmasına əsla icazə verməzdi. Qoxusundan və dadından nifrət edərdi.
Kraliça səhər yeməyində qarğıdalı qovurması yeyərdi
Kraliçanın səhər yeməyi çox bəsitdi. Özünə plastic bir qabda qarğıdalı qovurması hazırlatdırar, yanında da bir az Darjeeling çayı içərdi.
Şahzadə Filip bir dəfə çalışanların yeməyini daha çox bəyənib və onu yeyib
Mətbəxə gəlib və “Axşam nə yeyəcəyik?” deyə soruşub. “Sizin üçün quzu budu hazırlatdıq” dedim. Digər qabı göstərib, “Burada nə var?” deyə soruşdu. Çalışanlar üçün hazırladığımız qızartma ətlər olduğunu öyrənincə ondan yemək istədi. Nəticədə qızarmış əti şahzadə, budu isə biz yedik.
Şahzadə Filip yeməyə gələndə o qədər sadə geyinirdi ki, onu işçilərdən biri hesab etmək olardı
Bir dəfə mətbəxə gəldi və mən onu bağban hesab etdim. Köhnə-kürüş geyimlər içində yaşlı bir adam düşünün. Amma diqqətlə baxanda Şahzadə Filip olduğunu anlaya bildim.
Kral ailəsi üzvləri səyahətdə dəniz məhsulları yeyə bilməzlər
Kral ailəsi üzvləri səyahətlərində qida zəhərlənməsi ehtimalına qarşı, dəniz məhsulları, xüsusən də qabıqlı olanları istəsələr də yeyə bilməzlər. Getdikləri yerlərdə aşbazlara bu məsələdə öncədən xəbərdarlıq edilir. Ailə üzvlərinin uzaq dayanmalı olduğu digər yeməklər sırasında az bişmiş ətlər və bol ədvalı yeməklərdir. Bundan başqa, səyahətə çıxarkən içəcəkləri suları da özləri ilə aparırlar.
Filip Çarlzın orqanik yeməklərinə etibar etməzdi
Harrods bizə hər zaman oradan alış-veriş etdiyimiz üçün içi ərzaqlarla dolu bir təşəkkür səbəti göndərirdi. Bir gün Şahzadə Filip mətbəxə gəldiyi zaman səbətlərdən iki ədəd vardı. “Harrods səbətidirmi?” deyə soruşdu. Bunların Şahzadə Çarlzın yetişdirdiyi orqanik tərəvəz və meyvələr olduğunu öyrəndiyi zaman “Pah, orqanikmiş” detərək, başını salladı və çıxıb getdi.
Dünya dövlətləri fövqəladə vəziyyət rejiminə keçib
Rusiyanın “Loşarik” adlı atom sualtı qayığında ağır qəzanın baş verməsi dünya mediasının bir nömrəli mövzusuna çevrilib. Rusiyanın RBK agentliyinin məlumatına görə, 14 dənizçi zəhərlənmədən həlak olub. Onların içində 1-ci ranqdan olan 7 kapitan (Quru Qoşunlarında polkovnik rütbəsinə bərabərdir) və iki “Rusiyanın milli qəhrəmanı” adına layiq görülmüş hərbçi var.
Qəzanın aradan qaldırıldığı deyilsə də dünyanın idarə mərkəzlərindəki hərəkətlilik və fövqaladə vəziyyət rejimi başqa mətləblərdən xəbər verir.
Bildirilir ki, ABŞ-ın vitse-prezidenti Maykl Pens Nyu-Hempşir ştatına səfərini yarımçıq qoyaraq, təcili Ağ Evə dönüb. Rusiya prezidenti Vladimir Putin isə bütün görüşlərini təxirə salaraq müdafiə naziri Sergey Şoyqudan dərhal hesabat verməsin tələb edib.
Maykl Pensin mətbuat katibi Alisa Farah vitse-prezidentin Vaşinqtonda qalmasını zəruri edən səbəblər olduğunu bildirib.
Ağ Ev rəsmiləri məsələnin iddia edildiyi kimi Donald Trampın səhhətində yaranmış (onun infarkt keçirdiyi xəbərləri də yayılıb-red.) problemlə bağlı olmadığını söyləyiblər.
Rusiyanın sualtı qayığının nüvə reaktorlu olması radiasiya sızıntısı iddialarını gücləndirib. Bununla bağlı olaraq Norveçin Radiasiya və nüvə təhlükəsizliyi qurumunda açıqlama gəlib. Onlar yüksək dərəcədə hər hansı sızıntının olmadığının bildiriblər.
Onu da qeyd edək ki, yanğının baş verdiyi AC-12 atom sualtı qayığı həm də “Loşarik” adı ilə tanınır. Bu gəmi silahla təchiz olunmayıb və 6000 metrə qədər enə bilir. “Loşarik”in ekipajı 25 nəfərdən ibarətdir. Onun hazırlanması olduqca məxfi şəraitdə aparılıb.
Qərb xüsusi xidmət orqanlarının məlumatına görə isə AC-12 əslində rəqibin sualtı hərbi infrastrukturunu dağıtmaq, materiklər arasındakı kabel əlaqəsini kəsməyə və Rusiyanın Hərbi-Dəniz Donanmasının hərəkətlərini izləyən sualtı stansiyaları məhv etməyə yönəlik diversiya aparatıdır. Elə buna görə də bəzi mənbələr sualtı qayığın vurulması versiyasını da irəli sürürlər.
Sualtı enmə aparatı özünün unikal konstruksiyası ilə seçilir. O, bir neçə şara bənzər titan parçalardan yaradılıb. Bu da onu İvan Ufimtsev və Yuri Norşteynin yaratdığı məşhur sovet cizgi film qəhrəmanı Loşarikə bənzədib.
Qəzanın səbəblərini araşdırmaq üçün Rusiya Hərbi-Dəniz Donanmasının komandanı admiral Nikolay Yevmenovun rəhbərliyi ilə komissiya yaradılıb. N.Yevmenov bu posta cəmi iki ay əvvəl – mayın 3-də təyin olunmuşdu.
Qeyd edək ki, buna bənzər bir qəza 2000-ci ildə “Kursk” atom sualtı qayığı qəzası olub.
Qayıq 2000-ci il avqustun 12-də Barens dənizində torpedo mərmisinin partlayışı nəticəsində batıb. Hadisədə 118 nəfər heyət üzvü həlak olub. Kursk Rusiyanın ən müasir sualtı qayıqlarından idi. Qayığın tikilməsinə 1992-ci ildə başlanıb, 2 ilə başa çatdırılmışdı. O zaman bildirilirdiki gövdəsi ikiqat olduğundan bu sualtı qayığın batması praktiki olaraq mümkün deyil.
musavat.com