Xəbər verdiyimiz kimi, Hindistanda səfərdə olan azərbaycanlı politoloq Turab Rzayev bu ölkənin gömrüyündə saxlanılıb.
Politoloq Axar.az-a açıqlamasında saxlanılma səbəbi haqda danışıb.
O bildirib ki, Hindistan Ticarət Nazilirliyinin Eksport Təşviqi İdarəsinin dəvəti ilə bu ölkəyə gedib:
”Biz 7 nəfərlik qrup şəklində getmişdik və mən də nümayəndə heyətinin rəhbəri kimi iştirak edirdim. Səfərimiz Sinqapur, Tailand, Malayziya və Hindistanı əhatə edirdi. Hindistandan Bakıya qayıtmaq üçün hava limanına gəldikdə 7 nəfərin içindən yalnız məni “2 dəqiqəlik” çağırıb, üstümdə nə qədər vəsait olduğunu soruşdular. Mən isə 12 min dollar olduğunu, bu rəqəmin 7 nəfərin xərcləri üçün nəzərdə tutulduğunu bildirdim. Onlar da 6 nəfərin keçməsinə və uçuşunun reallaşmasına şərait yaratdıqdan sonra mənə dedilər ki, siz təksiniz, limit isə 10 min dollardır. Buna görə də məni buraxmadılar. Hadisə dünən gecə olub. Dəfələrlə mənimlə səfərə gedən adamların çağırılmasını, danışdırılmasını tələb etdim. Amma onlar 6 nəfərin keçməsinə şərait yaradaraq mənim barəmdə saxta ittiham ittiham irəli sürdülər. Bakıdakı Hindistan səfirliyi də, Azərbaycanın buradakı səfirliyi də məsələ ilə bağlı əlaqə saxladı. Ancaq qəsdən gərginlik yaradır və bütün müraciətlərə cavab olaraq bildirirlər ki, bu, beynəlxalq məsələdir”, - o, əlavə edib.