Tovuzda səhiyyə sistemi ÖLÜM SAÇIR... - TƏHLÜKƏ














Azərbaycan səhiyyəsində həkim səhlənkarlığı daha bir ananın ölümünə səbəb oldu. Neçə illərdir ki, KİV nümayəndələri Tovuz səhiyyəsinindəki “bezpredel idarəçilik”lə bağlı həyacan təbili çalmaqdadırlar. Buna baxmayaraq, bu gün də rayonun səhiyyə müəssisələrində yaşanan acınacaqlı durum aradan qaldırılmır ki, qaldırılmır. Belə bir səbəblər üzündən də, səhiyyə müəssisələrinə müayinə və müalicə olunmaq, eyni zamanda digər məqsədlər üçün üz tutan sakinlərin narazılıqları “pik nöqtə”yə çatıb və sanki sakinlər arasında Tovuz səhiyyəsinə qarşı inamsızlıq hissi də formalaşıb. Hələ bunlar azmış kimi, Deryaz.az-ın əldə etdiyi məlumatlara görə rayonun səhiyyə müəssisələrində baş verən ara-sıra ölüm faktlarının varlığı da, artıq vəziyyətin dözülməz olmasından xəbər verir. Qeyd etdiyimiz belə bir faktların varlığına baxmayaraq, bugünə kimi bir kimsə eşitməyib ki, baş verən hadisələrlə bağlı rəhbər vəzifə sahiblərindən bir kimsə cəzalandırılsın. Sanki, süstlük, yenə də süstlük! Adicə bir faktı qeyd edək ki, ötən il ilan vurması səbəbindən zəhərlənən şəxsin problemini aradan qaldırmaq üçün MRX-da zərdabın tapılmaması və belə bir səbəb üzündən də, həmin şəxsin ilk əvvəl Gəncə şəhərinə, az sonra Bakı şəhərinə gətirilməsi onu söyləməyə əsas verir ki, Paşa Muradovun rəhbərlik etdiyi Tovuz səhiyyəsi “bataqlıq içindədir”. 
Bu ilin iyun ayının 7-də baş verən növbəti faciəli olay da onu göstərir ki, artıq Tovuz səhiyyəsi idarəolunmaz vəziyyətə gəlib çatıb. Belə ki, bölgə müxbirimizin redaksiyamıza çatdırdığı məlumatda qeyd olunur ki, 7 iyin 2019-cu il tarixdə, saat təqribən 7-8 radələrində, rayonun İbrahim Hacılı kənd sakini Tağıyeva Aytac Fəzail qızı doğuş zamanı dünyasını dəyişir. Ölümlə nəticələnən bu faciəli hadisə diqqətimizi cəlb etdiyindən, mərhumənin yaxınları ilə əlaqə saxlamağı, faciənin hansı səbəbdən baş verməsini aydınlaşdırmaq üçün, Aytac Tağıyevanın yaxınları ilə əlaqə saxladıq. İlk suallarımızı cavablandıran Tovuz rayonu, İbrahim Hacılı kənd sakini, mərhumənin qaynənəsi Məmmədova Məlahət Abbasəli qızı oldu. Adı çəkilən xanım ünvanladığımız suallara cavabında bildirdi ki, “Aytacı hamiləliyinin ilk günlərindən Tovuz MRX-ı, doğum şöbəsinin baş həkimi, ixtisasca mama-ginekoloq olan Xatirə Quliyevanın yanına aparırdıq. Yəni, o, Aytacı 15 gündənbir aparatdan keçirirdi və bu yöndə atdığı addımına görə, hər dəfə bizdən 20 manat pul alırdı. Sonuncu dəfə 31 mayda onun yanında olduq və Xatirə Quliyeva əvvəllər aparatdan keçirdiyi kağızlara, verdiyimiz analizlərin cavablarına baxıb “aparat doğuşun 23 iyunda olacağını göstərir, buna baxmayaraq 10 iyunda bir daha gəlin, təkrar baxacağam” dedi. 6 iyunda, təqribən axşam saat 18-19 radələrində Aytacın səhhətində müəyyən problem əmələ gəldiyindən, onu təcili Xatirə Quliyevanın yanına çatdırdıq. O, teztələsik Aytacı palataya yerləşdirdi və bizi 12 saat gözlətdikdən sonra “indi təbii doğuş olacaq, dilinin alt hissəsinə bir tabletka qoymuşam” dedi. Biz bir saat gözlədik, vaxt keçdi, amma heç bir xəbər çıxmadı. Az sonra o, “bir saat da gözləyin, hər şey yaxşı olacaq” dedi. Yenə bir xəbər çıxmad. Bir qədər vaxt keçdikdən sonra şöbə üdiri bizə “bəlkə cərrahiyyə yolu ilə uşağı götürək” dedi və tez zəng edib cərrah çağırdı. O halda biz əvvəllər tanıdığımız Cəlal həkimin, yaxud da Xanoğlan həkimin cərrahiyyə əməliyyatını həyata keçirmələrini ondan xahiş etsək də, Xatirə Quliyeva bizimlə razı olmadı. “Elə Çingiz həkim burdadır” deyib, Aytacı doğum şöbəsinin 3-cü mərtəbəsinə qaldırdılar. Onu da bildirim ki, bizdən belə bir haqq-hesablara görə, üstüstə 1200 manat pul aldılar. Cərrahiyyə əməliyyatından sonra Aytac dedi “mənim qarın hissəmdə bərk ağrılar baş verir”. Saat 11-də əməliyyat olunan Aytac, həmin günün axşam saatlarınadək bərk ağrıdı. Belə olan halda zəng edib cərrah çağırdıq. Düzdür, cərrah zəngimiz əsasında gəlib çıxdı və xəstəyə 10 ədəd sistem qoşdular. Həmin vaxtlarda mən də palatada idim və gecə saatlarında aparatla Aytacın təzyiqini ölçdüm. O halda gördüm ki, onun təzyiqi 60-a düşüb. Gecə saatları olduğundan hər kəs yatmışdı, yalnız bir tibb bacısı və bir də “narkoz” həkimi Şahin adlı şəxs şöbədə idi. Biz ikinci gecə idi ki, orada idik və cərrah da arabir gəlib gedirdi. Elə ki, gördüm sistem Aytacın bədəninə keçmir, o halda məcbur olub cərrahı çağırdım. Hətta, xəstənin tempraturunun qalxıb düşdüyünü də hiss etdim. Belə olan halda 7 iyunda səhər saat 6 radələrində Aytacı təkrar cərrahiyyə otağına qaldırdılar. Sən demə həmin gün səhər saat 7-8 radələrində Aytac dünyasını dəyişir və onlar baş verən faciəni bir neçə saat bizdən gizlətməyə məcbur olurlar. Onlar saat 11 radələrində bizə “xəstə dünyasını dəyişib” deyə bəd xəbəri çatdırdılar. Bütün bunlara səbəb, yalnız və yalnız həkim səhlənkarlığı səbəb oldu. Oğlum Məmmədov Fərid Fəzail oğlu 2016-cı ilin aprelində keçirilən “Lələtəpə” döyüşlərində yaxından iştirak edən şəxs olub və hal-hazırda onun bədəninin müxtəlif yerlərində neçə-neçə qəlpə yaraları var. Mən bu gün Mehriban xanım Əliyevadan, Qənirə xanımdan köməklik istəyirəm. Gəlinim Aytac Tağıyeva həkim səhlənkarlığının qurbanı oldu. Istəyirəm ki, heç olmazsa bu işdə günahı olan hər kəs lazımi cəzasını alsın. Ölüm faciəsi baş verdi, baş həkim Paşa Muradov və onun müavinləri bu işlə bağlı heç maraqlanmadılar və özlərini heç bir hadisə baş verməmiş kimi apardılar. Elə ki, kəskin iradımızı bildirdik, o halda onlar mənə “yaxşı həkim deyildisə, niyə gəlininizi onun yanına aparmışdınız” deyə cavab verdilər. Ümumiyyətlə, Tovuz MRX-nın doğum şöbəsində indiyə kimi neçə-neçə ölüm hadisələri baş verib, hər dəfə Paşa Muradov başda olmaqla, ölüm faktlarına cavabdehlik daşıyanlar faktları gizlətməyə çalışıblar. İndi Xatirə Quliyeva bizə hədə-qorxu gəlir, biz onu heç cür başa düşə bilmirik. Ölüm hadisəsinə səbəb olan odur, bu gün isə o, qabaqdan gəlmişlik edir. Yayılan söz-söhbətə görə dünən də ana və uşaq ölümü ilə nəticələnən növbəti hadisə baş verib”. 
Deryaz.az-ın əldə etdiyi belə bir məlumatlar onu sübut edir ki, hal-hazırda Tovuz səhiyyəsi, ələlxüsus MRX-nın doğum şöbəsi insan həyatına “qənim kəsilən” bir ünvana çevrildiyindən, həmçinin rəhbərlik tərəfindən yarıtmaz idarəçilik həyata keçirildiyindən, sanki insan ölümü adi məişət məsələlərindən birinə çevrilib. Bəli, bu gün rayonun səhiyyə müəssisələrində çalışanları insanların taleyi deyil, daha çox var-dövlət əldə etmək istəyi düşündürür. Çünki bir anlığa diqqət yetirək ki, Tovuz rayonunun İbrahim Hacılı kənd sakini Tağıyeva Aytac Fəzail qızı doğuş zamanı dünyasını dəyişir, rəhbərlikdən bir kimsə bu işlə maraqlanmır. Yaxud da, mərhumənin yaxınlarından üzrxahlıq edib, bu işdə günahı olan hər kəsin cəzalandırılacağına vəd də vermirlər. Deməli, Paşa Muradovun rəhbərlik etdiyi Tovuz səhiyyəsinin öz qanunları, öz maraq dairələri olduğundan, bu gün belə bir olaylar yaşanmaqdadır. Düşünürük ki, məqalənin dərcindən sonra, “Lələtəpə” döyüşlərində yaxından iştirak edən və həyat yoldaşı Aytac Tağıyevanı erkən yaşlarında itirməsi səbəbindən, həyatın ağır sınağı ilə üz-üzə qalan Fərid Məmmədovun haqq səsinə “səs veriləcək” və günahkarlar qanun qarşısında da cəzalandırılacaqlar.

Bu və ya digər məsələlərlə bağlı Tovuz RMX-nın baş həkimi Paşa Muradovdan mövqe öyrənmək istəsək də, təəssüf hissi ilə qeyd edək ki, o, etdiyimiz telefon zənglərimizin heç birinə cavab vermədi. Baş həkimin müalicə məsələləri üzrə müavini Mahirə xanımın mövqeyinə gəldikdə isə o, “Bəli, ölüm hadisəsi baş verib və hal-hazırda hadisə ilə bağlı lazımi araşdırmalar aparılır. Odur ki, bir qədər gözləyək” deyə cavab verdi. Amma, sakinlər onu iddia edirlər ki, hər gün günorta saatlarından sonra xəstəxanada həkim tapmaq müşkül məsələyə çevrilir. Baş həkim isə, ən “prestijnı” ünvanlarda yeyib-içməkdə olur. P.S. Hörmətli oxucuar! Bu yöndə araşdırmamızı davam etdirib, bəzi gizlinləri üzə çıxarmaqla, çox yaxın günlərdə hər kəsi daha ətraflı məlumatlarla məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın. Deryaz.az

“Bakıdakı “Qrifonlu ev” kimi tanınan tarixi binanın sökülməsi ilə bağlı yayılan xəbərlər şayiədir”.

Bunu “Report”a açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.

O bildirib ki, bina yerli əhəmiyyətli tarixi abidədir: “Abidənin təmir olunması üçün layihə Mədəniyyət Nazirliyinə təqdim olunub. Abiədədə təmir-bərpa işləri həyata keçiriləcək, onun sökülməsindən söhbət gedə bilməz”.

Qeyd edək ki, Facebook sosial şəbəkəsində binanın söküləcəyi iddia olunub.

Bina memar İ.V.Edelin layihəsi əsasında 1894–1896-cı illərdə B. Lazerevin sifarişi əsasında inşa edilib. Azərbaycan Demokratik Respublikasının mövcudluğu illərində burada Gürcüstanın diplomatik nümayəndəliyi yerləşib. Sovet illərində burada bir çox məşhur bakılılar yaşayıb.

Müstəqilliyin əldə edilməsindən sonra, bu binada bir müddət Gürcüstanın səfirliyi yerləşirdi, ancaq sonradan səfirlik başqa yerə köçürülüb.

İşsizlərlə bağlı qaydalar təsdiq edildi

Baş Nazir Novruz Məmmədov “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası” nı təsdiq edib. “Qafqazinfo” xəbər verir ki,  qayda  “Məşğulluq haqqında” qanunun 20.4-cü maddəsinə əsasən hazırlanıb və işaxtaran və işsiz şəxslər üçün peşə hazırlığının (bundan sonra – peşə hazırlığı) təşkili qaydasını müəyyən edir.  İşaxtaran və işsiz şəxslər peşə hazırlığına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq  orqanları və ya “DOST” mərkəzləri” tərəfindən (bundan sonra – Mərkəz) cəlb edilirlər.

Xidmətin şəhər, rayon məşğulluq orqanları və ya Mərkəz tərəfindən cəlb olunmuş işaxtaran və işsiz şəxslərin peşə hazırlığı Xidmət tərəfindən təşkil olunur. Peşə hazırlığı Xidmətin göndərişi əsasında Xidmətin tabeliyində olan təhsil müəssisəsi, qanunla müəyyən olunmuş qaydada fəaliyyətinə lisenziya verilmiş digər təhsil müəssisələrində (bundan sonra – təhsil müəssisələri) təşkil edilir. Peşə hazırlığı peşə təhsilinin dövlət standartlarına uyğun həyata keçirilir. Peşə hazırlığı üzrə təşkil edilən kurslarda təhsil müddəti 6 (altı) aya qədərdir.

Peşə hazırlığını başa çatdırmış və ixtisas imtahanını müvəffəqiyyətlə vermiş müdavimlərə təhsil haqqında dövlət sənədi (sertifikat) verilir.

İşsiz şəxslərin peşə hazırlığı ödənişsiz təşkil olunur. Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil aldıqları dövrdə “Məşğulluq haqqında” qanunun 29.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir.
 Xidmətin təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə peşə kurslarına göndərilməsi ilə əlaqədar şəxsin çəkdiyi xərc (taksi xərcləri istisna olmaqla) kompensasiya edilir.
 İşaxtaranlara və işsizlikdən sığorta ödənişini aldığı dövrdə peşə hazırlığına cəlb olunan işsiz şəxslərə təqaüd verilmir.

İşaxtaranların peşə hazırlığı ödənişli həyata keçirilir. Bu məqsədlə Xidmətin şəhər, rayon məşğulluq orqanlarının və ya Mərkəzin vasitəçiliyi ilə təhsil müəssisəsi və işaxtaran arasında müvafiq müqavilə imzalanır.

İngiltərənin Birminqem Universiteti tərəfindən aparılan araşdırma ailədaxili zorakılığa məruz qalan qadınlarda ciddi psixoloji xəstəliklərin yaranması riskinin 3 dəfə çox olduğunu ortaya çıxarıb.

APA BBC-yə istinadən xəbər verir ki, “British Journal of Psychiatry” jurnalında dərc edilən bu araşdırma İngiltərədə ailədaxili şiddətlə üzləşən və bunu həkimlərə danışan 18 min 547 qadın arasında aparılıb.

Bu qadınlar illər boyu müşahidə edilib və onlar ailədaxili zorakılığa məruz qalmayan eyni yaşlı 74 min qadınla müqayisə olunublar.

Birminqem Universitetinin araşdırmaçılar qrupunun rəhbəri Dr. Joht Sinq Çandan deyir ki, “Ailədaxili şiddət geniş yayıldığı üçün bunun ruhi sağlamlıqla əlaqəli olduğunu anlamağımız və belə qadınların həyatlarını yaxşılaşdırmağa çalışmaq çox vacibdir”.

1995-2017-ci illərdə aparılmış araşdırma ailədə zorakılığa məruz qalan və bununla bağlı həkimə müraciət edən qadınların yarısının ruhi problemləri olduğunu üzə çıxarıb.

Məlum olub ki, belə hallara məruz qalan qadınlarda təşviş pozuntusu riski iki dəfə; depressiya, şizofreniya və bipolyar pozuntu riski isə 3 dəfə artır.

“Dostlarımın çoxunu itirdim”

İngiltərənin qadınlara dəstək təşkilatı “Agenda”-dan yardım alan bir qadın bildirib ki, ailədaxili zorakılıq ucbatından şəxsiyyətində dəyişiklik baş verib:

“Yata bilmirəm. Ya çox yeyirəm, ya da çox az. İnsanlara inamım qalmayıb, onlardan uzaq dururam. Buna görə dostlarımın çoxunu itirdim”.

Həmin qadın xəstəxanaya gedəndə tibb işçilərinin ona inanmadığını da deyib:

“Polis ictimai səhiyyə işçilərinə şiddət faktları haqqında məlumat verməlidir”.

Rəsmi məlumatlara görə, İngiltərədə hər dörd qadından biri ailədə zorakılığa məruz qalır.

Ancaq həkimlərin qeydlərinə əsasən, aparılan araşdırma göstərib ki, qadınların yalnız 0,5 faizi ailə həkiminə bu haqda məlumat verir.

Mütəxəssislər hesab edirlər ki, polisin bu cür hallar barədə tibb işçilərinə məlumat verməsi faydalı olar.

İngiltərənin Kral Psixiatorlar Kollecində işləyən Dr. Bina Raykumar deyir ki, ailədaxili şiddət ruhi sağlamlığa “öldürücü təsir” edir:

“Ailədəki şiddət faktlarını öyrənmək və qeydə almaq ictimai sektorda çalışanlar üçün birinci dərəcəli iş olmalı və buna məruz qalan qadınlara təcili, təsirli müdaxilələr tətbiq edilməlidir”.

Londonun “King’s College” Psixiatriya İnstitutunda çalışan prof. Louise Hovard araşdırmanın müşahidələrə əsaslandığını və səbəblər baxımından konkret faktlara əsaslanmadığını deyir.

Hovard araşdırmanın vacib bir mesaj verdiyini düşünür:

“Ailədaxili şiddət ciddi bir ictimai sağlamlıq, o cümlədən, ictimai ruhi sağlamlıq problemidir. Səhiyyə işçiləri mütəmadi olaraq bununla bağlı xəstələrə sual verə bilməlidirlər”.

Azərbaycanın tikinti baronları inşa etdikləri binaların maya dəyərini mümkün qədər aşağı sala bilmək üçün ən müxtəlif fəndlərə əl atırlar. Virtualaz.org qeyd edir ki, son illərə qədər tikinti baronlarının layihə üzrə təsdiqlənmiş mərtəbə sayını aşaraq daha çox pul qazanmaq naminə 2-3, hətta 4-5 mərtəbə artıq tikmələri halları geniş yayılmışdı. Və bu zaman binanın özülünə düşən yükün artırılmasının gələcəkdə hansı fəsadlara gətirib çıxaracağını heç kim hesablamırdı.

Tikintinin maya dəyərinin aşağı salınması və marjanın yüksəldilməsi üçün istifadə edilən fəndlərdən biri də əvvəllər də dəfələrlə araşdırmalarla sübut etdiyimiz kimi, standartlara cavab verən armaturlardan istifadə əvəzinə ya İrandan gətirilən, ya da Bakının çoxsaylı kustar metal sexlərində heç bir texnoloji normalara əməl edilmədən istehsal olunan keyfiyyətsiz (və qiymətdə daha ucuz) armaturlardan istifadədir.

 

Reportyor qrupumuz ötən il bu mövzuda silsilə araşdırmalar, reportajlar dərc etmişdi və nəhayət müvafiq strukturlar inşaatda istifadə olunan armaturun keyfiyyəti ilə bağlı nəzarəti bir qədər gücləndirmişdi. Məlumatlara görə ölkəyə İrandan keyfiyyətsiz armaturların gətirilib inşaatda istifadəsi məhdudlaşdırılmışdı.

Lakin inşaat sektorundakı mənbələrdən saytımıza daxil olan son məlumatlar bu sahədə xaosun yenidən geniş vüsət aldığını təsdiq edir. Mənbələr deyiblər ki, çoxmərtəbəli yaşayış binalarının inşası ilə məşğul olan bir çox MTK-lar Bakı sexlərinin heç bir texnoloji normalara uyğun olmayan ucuz armaturlarından istifadə edirlər. Əməkdaşlarımız bu məlumatların bir çoxunu araşdırıb, kustar üsulla istehsal edilmiş armaturlardan istifadə olunmaqla inşa edilməkdə olan binalardan bəzilərinin tikinti meydançalarına baş çəkib.

Məsələn, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 25 ünvanında inşa edilməkdə olan çoxmərtəbəli yaşayış binasının tikinti meydançasında kustar metaləritmə sexlərinin istehsalı olan armaturlardan istifadə olunmaqdadır. Bu ünvanda tikinti işlərini “ELNET” MTK adlı şirkət aparır, inşaat meydançasının hasarında vurulmuş lövhədəki məlumatlara əsasən bina 16 mərtəbəli olacaq. Tikinti işləri 2018-ci ilin aprelində başlayıb.

Bakının Nizami rayonunda, “Planet” şadlıq sarayının yaxınlığında “Vesta Construction” adlı şirkət tərəfindən inşa edilən “My Home” yaşayış kompleksinin inşasında da eynilə bu cür sex armaturlarından istifadə olunmaqdadır. Kompleksə 16 mərtəbəli binalar daxil olacaq.

Növbəti belə fakt Masazır qəsəbəsində, Azərbaycan Milli Elmlər Akademiyasının “Science Cty” yaşayış kompleksinin tikintisində qeydə alınıb. Həmin kompleksi podratçı qismində “SAHİL-A” MTK adlı şirkət tikir. Kompleksə bir neçə yaşayış binası daxil olacaq.

Masazır qəsəbəsində inşa edilən “Masazır Park” yaşayış kompleksində də kustar armaturdan istifadə olunmaqdadır. Bu kompleksi “Xəzri-A” adlı şirkət tikir.

Bakının Xətai rayonu, M.Mehdizadə, İ.Orucova, S.Orucov küçələrinin əhatə etdiyi 1180-ci məhəllədə inşa edilən “Capital Plaza” yaşayış kompleksinin tikintisi də kustar sex armaturları ilə aparılmaqdadır. Kompleksin inşaat meydançasında bu cür armaturlar qalaqlanıb.

Belə görünür ki, bunlar hələ hamısı deyil və tikinti təhlükəsizliyinə dair normaların kobudcasına pozulması, tikinti baronları tərəfindən insanların həyatı üçün gələcəkdə potensial risk yaradan əməllər geniş vüsət alıb.

Bəs tikintidə standartlara cavab verməyən, keyfiyyətsiz armaturlardan istifadə niyə təhlükəlidir və nədən hansısa “birgünlük” MTK-lar təsis edib ağına-bozuna baxmadan çoxmərtəbəli binaların inşasını həyata keçirən tikinti baronlarının bu əməlləri gələcəkdə kütləvi insan tələfatına da gətirib çıxara bilər?

İnternet mənbələrində bu mövzu ilə bağlı Rusiyanın inşaat mütəxəssislərinin rəyləri ilə tanış olanda bu sualların cavabı aydın olur.

Belə ki, standartlara cavab verməyən, dayanıqlığı, elastikliyi və tərkibi normalara uyğun olmayan armaturlar betonun daxilində daha sürətlə korroziyaya uğrayır. Məhz beton daxilində armaturun korroziyası inşaat konstruksiyalarının ömrünü ciddi ölçülərdə azaldan əsas amildir.

Əlbətdə, belə armaturlar kustar sexlərdə istehsal olunsalar da onların betonun daxilində çürüməsi, korroziyaya məruz qalması dərhal baş vermir. Normal halda standartlara cavab verən armaturlar da illər keçdikdə betonun daxilində metala aqressiv təsir edən birləşmələrin nəticəsində korroziyaya məruz qalır, bu qaçılmaz prosesdir. Lakin söhbət kustar üsulla istehsal edilmiş armaturlardan gedirsə korroziya daha sürətlə gedəcək və binanın dayanıqlığını itirməsi müddəti dəfələrlə qısalacaq. Çünki kustar üsulla istehsal edilmiş armaturlarda korroziyanın nəticəsində lay-lay “soyulma” baş verir, armatur beton daxilində sadəcə olaraq “yoxa çıxa” bilər.

Armaturun korroziyaya məruz qalması böyük yüklənməyə məruz qalan inşaat konstruksiyalarında, indiki halda çoxmərtəbəli binalarda daha sürətlə baş verir. Belə binaların nə qədər davam gətirəcəyini proqnozlaşdırmaq çətindir və bunun üçün kompleks analizlər aparılmalıdır. Lakin müəyyən müddət keçəndən sonra belə binaların konstruksiyalarında armaturun güclü korroziyaya məruz qalması nəticəsində onlar zəif yeraltı təkanlara belə davam gətirməyə, hətta öz-özünə dağıla bilər. Bu səbəbdən tikinti sahəsinə cavabdeh dövlət strukturları bütün tikinti meydançalarında ləngimədən təftiş aparmalı, istifadə olunan əsas inşaat materialı kimi armaturun keyfiyyəti yoxlanılmalıdır. Əks halda bu indi inşa edilən binaların özülünə yerləşdirilmiş “yavaş təsirli bomba”nın nə zamansa işə düşməsi qaçılmazdır…

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, eləcə də rayon Dövlət Yol Polisi şöbələri “Son zəng” günü gücləndirilmiş iş rejimində çalışacaq.

Bu haqda “Qafqazinfo”ya Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. O qeyd edib ki, təsdiq olunmuş plana əsasən, yol polisi bütün orta məktəblərin giriş qapısına 4 bənddən ibarət xəbərdarlıq müraciətləri vurulub. Müraciətdə məzunlara və onların valideynlərinə xəbərdarlıq olunur. Son zəng günü valideynlər öz avtomobillərini məzunlara həvalə etməsinlər. Məzunlar da valideynlərinin, yaxın qohumlarının icazəsi olub-olmadan onların avtomobilini götürüb küçələrdə idarə etməsinlər. Bu onların inzibati məsuliyyətə cəlb olunmasına səbəb olacaq.

Bundan başqa Bakı şəhərinin orta məktəblərin əksəriyyətində həm Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin, həm də rayon yol polisi şöbələrinin əməkdaşları son zəng tədbirlərində iştirak edərkən onlara DYP rəhbərliyinin təbriklərini çatdıracaq, eləcə də yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici təbliğat xarakterli söhbətlərin aparılması nəzərdə tutulub.

DYP valideynlər və məzunların diqqətinə çatdırır ki, son zəng günü bütün məktəblərin ərazisi yol polisi əməkdaşları tərəfindən nəzarətə götürüləcək və hər hansı neqativ hala yol verildikdə dərhal müvafiq addımlar atılacaq.

Sürücü və piyadalara tövsiyyə olunur ki, yol hərəkəti qaydalarına riayət etsinlər və son zəng tədbirlərinin təhlükəsizlik şəkildə başa çatmasına töhfə versinlər.

Yol polisi bu il orta məktəbi başa vuran bütün məzunları təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayır.

“2019-cu ilin birinci rübündə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Belarus Respublikasından hər hansı vaqon alınmayıb.”

Minval.info xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı açıqlamada bildirilir.

Həmin açıqlamanın mətnini təqdim edirik:

“Son günlər bəzi kütləvi informasiya vasitələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti ilə bağlı yayılan qərəzli və həqiqətə uyğun olmayan məlumatlara dair aşağıdakıları bildirməyi zəruri hesab edirik:

2018-ci ildə Belarus Respublikasından 2 ədəd sərnişin vaqonu deyil, İsveçrənin “Stadler Rail Group” şirkətindən onun Belarus Respublikasındakı zavodunda komplektləşdirilmiş hər biri 4 vaqondan ibarət olan 2 ədəd ən müasir texnologiyalar ilə təchiz edilmiş ikimərtəbəli “KİSS” markalı elektrik qatarları alınmışdır. Sözügedən qatarlar Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edirlər. Şəkilləri əlavə olunur.

Eyni zamanda məlumat üçün bildiririk ki, Avropada dəmir yolu xətlərinin standartı 1435 mm, Azərbaycanda isə 1520 mm təşkil edir. İsveçrənin “Stadler Rail Group” şirkətinin Azərbaycan standartlarına cavab verən qatarları isə həmin şirkətin məhz Belarus Respublikasındakı zavodunda komplektləşdirilir. Bu barədə ətraflı məlumatı həmin şirkətin rəsmi internet səhifəsindən əldə etmək olar.

https://www.stadlerrail.com/ru/o-nas/podrazdeleniya/zao-shtadler-minsk/110/

Aradakı fərqin daha aydın anlaşılması üçün nümunə olaraq Belarus Respublikasının özünün istehsal etdiyi vaqonların şəkillərini diqqətinizə təqdim edirik:

Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məsələ ilə bağlı həqiqəti əks etdirməyən, ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyan qeyri-peşəkar məlumatların yayılması olduqca təəssüf hissi doğurur”.

AZƏRBAYCANDA FƏTÖ İLƏ BAĞLANTISI OLAN UNİVERSİTETLƏR... - Onların diplomları "Biləcəridən o tərəfdə" tanınmır...














Azərbaycanda “nurçu”larla əlaqədə ittiham olunaraq deputat mandatından məhrum edilən (!) Ceyhun Osmanlı daha bir şok yaşayıb. Belə ki, C.Osmanlı Odlar Yurdu Universitetində Beynəlxalq Əlaqələr və İnnovasiyalar üzrə prorektor vəzifəsindən də azad olunub.

Mətbuat yazır ki, keçmiş deputat may ayında Odlar Yurdundakı işindən öz ərizəsi əsasında azad olunsa da, burada başqa səbəblər var.

Məlumata əsasən, FƏTÖ üzvləri ilə əlaqədə ittiham olunaraq “vurulan” sabiq deputatın sonradan Odlar Yurduna prorektor vəzifəsinə gətirilməsi universitetin fəaliyyətində ciddi problemlər yaradıb. Belə ki, həmin tarixdən etibarən Odlar Yurdunu bitirmiş tələbələrin Türkiyənin ali təhsil ocaqlarında təhsilini davam etdirməsinə süni əngəllər olub. Hətta bir çox tələbələrə qarşı Türkiyənin müxtəlif üniversitetlərində sərt mövqe nümayiş etdirilib.

Odlar Yurdu Universitetinin rəhbərliyi bütün bunların səbəblərini araşdırdıqda isə Azərbaycanda “nurçu”ların əsas simalarından biri kimi təqdim olunan C.Osmanlının bu universitetdə prorektor vəzifəsində çalışması faktı üzərində dayanılıb. Məlum olub ki, məhz bu məsələ bağlı Türkiyənin Yüksək Öyrətim Kurulu (YÖK) Odlar Yurdu universitetini özünün “qara siyahı”sına salıb. Bu baxımdan da Odlar Yurdundan gedən tələbələrə münasibətdə Türkiyə ali təhsil ocaqları və YÖK çox ehtiyatlı davranış sərgiləyib. Yəni Ceyhun Osmanlının FƏTÖ ilə əlaqələri əsas gətirilərək, onun prorektoru olduğu universitetdən gələn tələbələrin də “nurçu”larla bağlantıda olması ehtimalı hər zaman önə çəkilib.

AZƏRBAYCANDA FƏTÖ İLƏ BAĞLANTISI OLAN UNİVERSİTETLƏR... - Onların diplomları "Biləcəridən o tərəfdə" tanınmır...











Odlar Yurdundakı mənbə deyir ki, rektor Əhməd Vəliyev bu haqda məlumat əldə etdikdə, öncə Türkiyənin Azərbaycandakı səfirliyi ilə danışıqlar apararaq, problemi həll etməyə çalışıb. Lakin bu mümkün olmadıqda, elə həmin gün keçmiş həmkarı, Odlar Yurdu Universitetinin Beynəlxalq Əlaqələr və İnnovasiyalar üzrə prorektoru Ceyhun Osmanlını rəhbərlik etdiyi təhsil ocağından uzaqlaşdırıb. Ə.Vəliyev bununla Odlar Yurdu Universitetinin FƏTÖ terror təşkilatı ilə heç bir bağlantısının olmadığını nümayiş etdirməyə çalışıb.

Türkiyə YÖK Azərbaycan Texnologiya Universitetini tanımadı

Bu arada, “Hürriyyət”in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Türkiyə Ali Təhsil Şurası (YÖK) Azərbaycanda daha iki ali təhsil ocağının FƏTÖ ilə bağlantısı ehtimalını nəzərə alaraq, onları tanımamaq haqda qərar verib. Bu təhsil ocaqlarından biri Azərbaycan Texnologiya Universitetidir. YÖK-ün qərarında bildirilir:

“Tanınma və Akkreditasiya Xidmətləri

Sayı: 16270968- 31.05.2019

102.02.02.01 (102.02.02.01) -E.41614

Mövzu: Məktəb Tanıma

Faiz: 31.05.2019 tarixli ərizə

Qeydiyyatdan keçmiş ərizə nəzərdən keçirilmişdir.

İdarə heyətinə müvafiq qurumlardan təqdim edilən məlumatlara əsasən, Ali Təhsilin Baş Assambleyası 07.03.2019-cu il tarixli FETÖ / PDY iclasında, diplomun ekvivalentliyə tətbiqi üçün İdarə Heyətinə müraciət edən və ya daha əvvəl tətbiq olunan və başa çatan, tərif və bərabərlik tələblərinin qiymətləndirilməsi və qiymətləndirilməsi ilə bağlı olan xarici ali təhsil müəssisələri ilə əlaqəli olan, Azərbaycanın ali təhsil müəssisələrindən biri olan "Azərbaycan Texnologiya Universiteti"ni tanımmamaq qərara alındı.

T.C Ali Təhsil Şurası”.

AZƏRBAYCANDA FƏTÖ İLƏ BAĞLANTISI OLAN UNİVERSİTETLƏR... - Onların diplomları "Biləcəridən o tərəfdə" tanınmır...











YÖK Gəncə texnologiya Universitetini də tanımır

Qeyd edək ki, Türkiyənin Ali Təhsil Şurası Gəncə Texnologiya Universiteti haqqında da eyni qərarı çıxarıb. Daha dəqiq desək, Türkiyə Yüksək Öyrətim Kurulu (YÖK) qərar qəbul edib və Azərbaycanın Bakı Mühəndislik Universiteti, Odlar Yurdu Universiteti və Gəncə Texnologiya Universiteti “tanınmayan” universitetlər siyahısına salınıb. Rəsmi sənəddə bu universitetlərin tanınmamasına səbəb kimi FETÖ olayları yazılıb. Bu qərar YÖK-ün 07.03.2019-cu il toplantısında qəbul edilib.

Rəsmi olaraq Bakı Mühəndislik Universiteti və Gəncə Texnologiya Universiteti haqqında elektron sənəd mövcud olsa da, daha bir ali təhsil ocağı - Odlar Yurdu Universiteti haqqında hələlik heç bir rəsmi sənəd yoxdur.

Bakı Mühəndislik Universiteti və Gəncə Texnologiya Universiteti haqqında mövcud olan elektron sənədi olduğu kimi təqdim edirik.

Hurriyyet.org

P.S. Əslində bu faktlar bir daha təsdiq edir ki, Azərbaycanda FƏTÖ ilə bağlantısı olan müəyyən şəxslər hələ də vəzifə başındadırlar. Görünür, qardaş Türkiyədə də bu məsələ çox diqqətlə izlənildiyindən C.Osmanlının Odlar Yurdu Universitetindəki fəaliyyəti cidd narahatçılıq doğurub, eləcə də digər ali təhsil ocaqlarının rəsmi olaraq tanınmaması qərara alınıb...

P.P.S. Mövzu ilə bağlı qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Sənədsiz evlərə “kupça” verilməsi ilə bağlı açıqlama


İsrafil Kərimov: “Sentyabra qədər komissiyanın işlərinin yekunlaşacağı gözlənilir”

Azərbaycanda sənədsiz evlər məsələsi uzun illərdir müzakirə mövzusudur. Artıq sənədi olmayan tikililərin sənədləşdirilməsi üçün ciddi işlər görülməyə başlayıb. Bununla bağlı komissiya da yaradılıb.

Bu barədə hələ cari ilin mayında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov məlumat vermişdi. Sitat: “Cənab Prezident məni şəxsən çağırıb və yerlərdə mütəmadi görüşlər keçirməyi tapşırıb. 10 il, 20 il, 30 il yaşadığı evi rəsmiləşdirə bilməyən sakinlər var. Hazırda məsələ ilə bağlı yaradılmış komissiya çalışır. Prezident İlham Əliyev tərəfindən sənəd hazırlanır. Əminəm ki, sənədsiz evlər məsələsi bütün ölkə üzrə birdəfəlik öz həllini tapacaq”.

Qeyd edək ki, 90-cı illərdən indiyədək Bakı və Abşeronda sənədləşmə aparılmadan tikilən fərdi evlərin sayı bəzi məlumatlara görə, 700 mindən yuxarıdır. Bundan əlavə, Bakı kəndlərində sovet dövründən tikilmiş evlərin çoxunun da “kupça”sı yoxdur.

BŞİH-in mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bu il işlərin yekunlaşacağını musavat.com-a deyir: “İşlər davam edir. Yekun nəticə hələ ki məlum deyil. Ortada meyarlar var. Hansılar qeydə alınacaq, hansılar yox, müəyyənləşməlidir. Bu baxımdan dəqiq məlumat verə bilmirəm. Komissiyanın, qurumların işləri ilə bağlı hansı məlumat olacaqsa, sizlərə çatdırılacaq. Sentyabra qədər komissiyanın işlərinin yekunlaşacağı gözlənilir. İşlər həddindən artıq çoxdur. Orada Neft Şirkətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri var. Çoxmərtəbəli tikililərlə bağlı böyük işlər gedir. Fərdi yaşayış evləri ilə bağlı işlər çoxdur. Çünki bu tipli evlərin sayı həddindən artıqdır, eyni zamanda parametrlər mövcuddur. Ona görə işlər uzanır. Yüksək gərginlikli elektrik xətləri altında tikilən evlər var. Həmçinin kommunikasiya xətlərinin üstündə tikilən evlər də mövcuddur. Neft kəmərləri zonasında da evlər tikilib. Suallar çoxdur. İşlər bitəndən sonra bu sualların cavabları tapılacaq. Birbaşa Neft Şirkətinin inzibati ərazisinə düşən evlər də var. Bütün bunlara görə araşdırmalar çox vaxt aparır. İlkin nəticələr olanda məlumat verəcəyik”.
DYP əməkdaşları və nümunəvi sürücülər cəmiyyətə tanıdılacaq


“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi “Qaydalar hamı üçündür: nümunəvi sürücü və yol polisi əməkdaşlarının cəmiyyətə tanıdılması” layihəsinin icrasına başlayır.

Birlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, layihə AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində Azərbaycanda yol hərəkəti qaydalarının təbliği, qəzaların səbəbləri, qarşısının alınması üçün tədbirlər, parklanma ilə bağlı problemlər, sürücü məsuliyyəti ilə bağlı maarifləndirmə işləri aparılacaq, xidmətdə fərqlənən DYP əməkdaşları və nümunəvi sürücülər cəmiyyətə tanıdılacaq.

Bakı və Gəncə şəhərlərində təşkil olunacaq tədbirlərdə yol hərəkəti qaydalarının təbliği, yol hərəkəti təhlükəsizliyinin təmin olunması məsələləri üzrə biliklərin tədqiqi təşviqi, yol qəzalarının, o cümlədən piyada vurma hadisələrinin əsas səbəblərinin araşdırılması, yol hərəkəti iştirakçılarının yol hərəkəti sahəsində şüurunun, onların Dövlət Yol Polisinin əməkdaşları ilə qarşılıqlı əlaqələrinin formalaşdırılması istiqamətində maarifləndirmə işləri aparılacaq.

Əsas məqsəd baş verən yol qəzalarının ağır fəsadlara səbəb olması və bu hallardan kimsənin sığortalanmadığını nəzərə alaraq bütün yol hərəkəti iştirakçılarını yol hərəkəti qaydalarına əməl etməyə istiqamətləndirməkdir.

Layihə çərçivəsində Dövlət Yol Polisi əməkdaşları və yol hərəkəti qaydalarına əməl edən nümunəvi sürücülər seçilərək mükafatlandırılacaq və onlar cəmiyyətə tanıdılaraq müsbət təcrübələri təbliğ ediləcək.

Layihənin rəhbəri “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlıdır. Layihədə iştirak etmək istəyən sürücülər öz avtomobillərinin texniki şəhadətnaməsi və sürücülük vəsiqələrinin fotolarını çəkib avtosfertv@gmail.com elektron ünvanına göndərə bilərlər.