Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra xalqın öz milli və dini köklərinə qayıtması prosesi güclənmiş, dini ayinlərin icrası üzərindəki qadağalar götürülmüşdür.

Son bir neçə il ərzində ramazan ayında oruc tutan həmvətənlərimizin sayı durmadan artmaqdadır. Cəmiyyətin hər bir təbəqəsini təmsil edən bu şəxslərin orucluq hökmləri ilə maraqlanmaları nəticəsində ramazan ayında mətbuatımız üçün yeni bir mövzu açılmışdır: orucluq mövzusu.

Orucluq qaydalarını işıqlandırmaq cəhdi bir sıra mətbuat orqanları tərəfindən atılsa da, bu cəhdlər tam qənaətbəxş sayıla bilməz. Çünki çox zaman mətbuatda gedən məqalələr qeyri-peşəkar şəxslər tərəfindən yazıldığına görə dəqiqlikdən uzaq və ziddiyyətli olur.

Bu sahədə yaranmış kəskin ehtiyacı nəzərə alaraq, saytımız oxucu məktubları və suallar əsasında orucluğun ən əsas hökmləri barədə qısa və anlaşıqlı məlumat verməyi qərara almışdır. Aşağıda həmin suallar sırf Azərbaycan mühitinə xas olan yanaşma tərzi baxımından cavablandırılmışdır. Respublikamızda həm Cəfəri, həm Hənəfi və Şafii məzhəbli müsəlmanların yaşadığını nəzərə alaraq, şəriət məsələlərini bu məzhəblərin hər üçünə uyğun şəkildə izah etmişik.

1. Oruc tutan şəxsə hansı əməllər qadağandır?

Oruc tutan şəxs sübh azanı verilən andan axşam azanına kimi müddət ərzində bir neçə əməldən çəkinməlidir. Bu əməllərin sayı 9-dur. Hər kim qəsdən bu əməllərdən birini etsə, orucu batil olar:

Yeyib-içmək. İstər az, istərsə çox, istər bərk, istərsə maye, istər yeyilən, istərsə yeyilməyən (hətta zərərli) hər hansı qidanı qəbul etmək orucu pozar. Diqqət yetirin ki, dişlərin dibində qalmış yemək qırıntılarını da udmaq olmaz.

İstər kişi, istərsə də qadın cinsi əlaqədə olarsa, tutduğu oruc pozular.

İnsan heç cinsi əlaqəyə girmədən, özündən cinsiyyət mayesini xaric edərsə (hər hansı üsulla olursa-olsun), orucu batil olar. Amma cinsiyyət mayesi qeyri-ixtiyari olaraq (məsələn, yuxuda) çıxsa, oruc düzgün sayılır.

Hər cür qatı toz və tüstünü udmaq. Məsələn, narın un tozu, siqaret tüstüsü, su buxarı və s. qatı halda olarsa, onları udmaq qadağandır.

İnsan qəsdən qusarsa, orucu batil olar. əlbəttə, qeyri-ixtiyari olaraq və ya xəstəlik nəticəsində qusmaq istisna olunur.

Bədənə imalə etdirməklə oruc pozular.

Kişi, yaxud qadın cinsi əlaqədən sonra sübh azanına kimi qüsl etməsə, orucu batil olar. Belə ki, oruc tutan şəxsin öhdəsində qüsl qalmamalıdır. Həmçinin, qadınlar onlara məxsus paklıq qüslünü sübh azanınakimi yerinə yetirməsələr, həmin günün orucu batil sayılır.

İnsan qəsdən Allahın, peyğəmbərlərin və imamların adından yalan danışsa, yəni Quran ayələrini bilə-bilə səhv oxusa, yalan hədislər söyləsə, orucu batil olar. Çünki orucluq paklıq və Allah tabe olan adama isə yuxarıdakı əməllər yaraşmaz.

Cəfəri hüquqi məktəbinə görə, suya baş vurmaqla da oruc pozular. Diqqət yetirin ki, yalnız baş bütövlükdə suya batırılsa, oruc batil olar. Amma əgər insan başını suya salmadan yuyunsa, orucu düzgün sayılır.

Hənəfi və Şafii məzhəblərinə görə, oruc tutan şəxsin suya baş vurması çox bəyənilməz əməl sayılsa da, orucu batil olmaz. Özü də gərək bu zaman ağız, burun və qulaq dəliklərindən bədənə su keçməsin. Buna görə də suya baş vurmaq lazım gəlsə, mütləq ağız, burun və qulaq dəlikləri qapanmalıdır.

2. Yeyib-içməklə oruc batil olar. Bəs siqaret çəkməklə necə?

Orucu pozan əməllər sırasında qeyd etdik ki, qatı toz və tüstü udmaq olmaz. Siqaret çəkən insanın boğazına qatı tüstü getdiyindən orucu batil hesab olunur.

3. Oruc tutan şəxs ağzının suyunu və bəlqəmi uda bilərmi?

Ağız suyunu (tüpürcəyi) udmaq orucu pozmaz. Başdan və sinədən gələn bəlğəm də əgər ağız boşluğuna daxil olmayıbsa, onu udmağa icazə verilir. Amma bəlğəm ağız boşluğuna daxil olarsa, onu olmaz, mütləq tüpürmək lazımdır.

4. Diş çəkdirməyin oruc tutmağa maneçiliyi varmı?

Əgər dişini çəkdirərkən insan qan, su, yaxud dərman udmazsa, orucu düzgün sayılır.

Qeyd etmək lazımdır ki, orucluq zamanı insanın bədənindən qan çıxmasına səbəb olan bütün əməllər (o cümlədən, diş çəkdirmək) arzu olunmazdır.

5. Xəstələnmiş şəxsin bədəninə iynə vurulsa, orucu pozularmı?

Xeyr, yalnız qidalandırıcı təyinatlı ampulalar vurdurmaq orucu pozar. Müalicə üçün, habelə bədən üzvünü keyitmək məqsədilə vurulan iynələr isə orucu batil etməz.

6. Deyirlər ki, oruc tutan şəxsə çimmək qadağandır. Bu fikir doğrudurmu?

Məlumdur ki, çimmək insanı zəiflədib yorur, bədəni süstləşdirir, bunun nəticəsində bədənin aclığa və susuzluğa qarşı müqaviməti azalır. Buna görə oruc tutan şəxsin çimməsi arzu olunmaz əməl sayılır. Amma çimməklə oruc batil olmaz. Çimən şəxs mütləq diqqətli olmalıdır ki, başını tamamilə suya batırmasın və su damcılarını udmasın.

7. Əgər evdar qadın xörək bişirərkən oruc tutduğunu unudub, xörəyin dadına baxsa, orucu batil olarmı?

Əgər insan qeyri-ixtiyari olaraq, yaxud oruc tutduğunu unudaraq nəsə yesə, orucu pozulmaz. Amma yeməyi udmazdan əvvəl oruc tutduğu yadına düşsə, mütləq ağzındakını tüpürməlidir.

8. Kimlərə oruc tutmaq vacib deyildir?

Dörd təbəqədən olan adamlar oruc tutmaya bilərlər; onlar həm qəza orucundan, həm də kəffarədən azaddırlar:

Həddi-büluğa çatmamış uşaqlar;

Psixi cəhətdən qeyri-normal şəxslər;

Qocalıb əldən düşmüş şəxslər;

Aclıq və susuzluğa heç cür tab etməyən daimi xəstələr.

Amma daha dörd təbəqədən olan şəxslər isə ramazan ayında oruc tutmaya bilərlər; bunun üçün onlara kəffarə də düşmür, sadəcə olaraq itirdikləri hər gün əvəzinə bir gün qəza orucu onlara vacibdir:

Hamilə qadınlar. Onlar itirdikləri hər günün əvəzində ehtiyaclılara 750 qram yemək verməli, ana olduqdan sonra isə qəza oruclarını tutmalıdırlar;

Körpəsinə süd verən qadın (əgər oruc tutduğu təqdirdə südünün kəsiləcəyindən qorxarsa). Onlar da hər gün üçün 750 qram ehsan etməli, südvermə müddəti bitdikdən sonra qəza orucu tutmalıdır.

Qadınlar paklıq vəziyyətləri pozulduğu günlərdə oruc tutmamalı, lakin sonra mütləq qəza etməlidirlər (hər gün müqabilində bir gün hesabı ilə);

Ramazan ayında müvəqqəti xəstələnmiş şəxslərin səhhətinə oruc tutmaq təhlükə törədirsə, xəstə olduqları günlərdə orucdan azaddırlar. əgər gələn ilin ramazan ayına kimi sağalsalar, mütləq qəza orucu tutmalıdırlar. əgər gələn ilə kimi sağalmasalar, qəza orucu vacib olmaz, yalnız hər gün üçün 750 qram ehsan etmələri kifayətdir.e)

Səfərdə olan şəxs vətənə dönənə kimi orucdan azaddır, amma qayıdandan sonra mütləq qəza etməlidir (hər gün üçün bir gün hesabı ilə). Amma bəzi hallarda insan səfərdə də olsa, oruc tutmalıdır və orucu pozmağa ixtiyarı yoxdur. Məsələn,

  • Səfərə gedib-qayıdarkən üst-üstə 8 fərsəxdən az məsafə qət edərsə;
  • Səfər zamanı bir məntəqədə ardıcıl olaraq ən azı 10 gün (Cəfəri məzhəbinə görə), yaxud 15 gün (Hənəfi və Şafii məzhəbinə görə) qalarsa;
  • Peşəsi səfərə çıxmaq (məsələn, sürücülük, bələdçilik və s.) olarsa.

Fərsəx - qədim ölçü vahididir. Hənəfilərə görə, 8 fərsəx təqribən 96 km., cəfərilərə görə isə təqribən 46 km.-dir.

9. Əgər insan qeyri-ixtiyari olaraq, yaxud oruc tutduğunu unudaraq orucluq qaydalarını pozsa, nə etməlidir?

Hər kəs oruc tutduğunu unudaraq, yaxud özü istəmədən (qeyri-iradi) orucu pozan əməli yerinə yetirsə, orucu yenə düzgün sayılır və öhdəsinə heç bir cərimə düşmür. Məsələn, insan körpüdən keçərkən sürüşüb çaya yıxılsa və başı suya batsa, yaxud xəstələnib qussa, yaxud da oruc tutduğunu unudub su içsə, orucu düzgündür. O, gərək günün qalan hissəsində də orucunu davam etdirsin və gələcəkdə daha da diqqətli olsun.

10. Bəzən ramazan ayında yas məclislərində iftardan əvvəl çay və yemək verirlər. Bu, nə dərəcədə düzgündür?

Ramazan təsadüf edən yas məclislərində ya ümumiyyətlə ehsan verilməməli, ya da iftar vaxtı süfrə açılmalıdır. İftar zamanı müsəlmanlara ehsan verməyin həddən artıq savabı vardır. İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur: "Hər kəs oruc tutan şəxsə iftar versə, özü də əlavə olaraq oructutan şəxs qədər savab qazanar".

11. Namaz qılmayan şəxsin oruc tutması düzgündürmü?

Müsəlman şəxs yetkinlik yaşına çatan gündən həm namaz qılmalı, həm də növbəti ramazandan başlayaraq hər il oruc tutmalıdır. Bu iki ibadət bir-birindən asılı deyildir.

Namaz qılmayan şəxs oruc tuta bilər və orucu batil deyil. Amma belə şəxs unutmamalıdır ki, oruc tutmağı namaz qılmamaq günahını yüngülləşdirmir, namaz qılmağı gecikdirən adamın günahı günbəgün artır.

12. Elə adamlar var ki, xəstəlikdən sağalmaları üçün bir neçə gün oruc tutmağı nəzir edirlər, sonra isə ramazan ayında nəzir niyyəti ilə oruc tuturlar. Deyirlər ki, bu oruc səhvdir, elədirmi?

Şəriət nöqteyi-nəzərindən icazəsi olan şəxsləri istisna etmək şərtilə, bütün müsəlmanlar ramazan ayında öz dini vəzifələrini yerinə yetirib oruc tutmalıdırlar. Ramazan orucu müsəlmanın borcudur.

Oruc nəziri demiş şəxs mütləq ramazandan başqa ayların birində öz nəzirinə əməl etməlidir. Ramazan ayında vacib oruc niyyəti ilə deyil, nəzir niyyəti ilə oruc tutan şəxs heç bir savab əldə etməz, əksinə, günah qazanar. Belə adamın həmin günkü orucu nə ramazandan, nə də nəzirdən hesab olunmaz, hədər gedər. Ramazan ayında nəzir ilə tutulmuş oruc batildir.

13. Oruc tutmaq üçün niyyəti nə zaman etmək lazımdır?

Həm ramazanın hər günü üçün ayrı-ayrılıqda, həm də ramazan ayı üçün bütövlükdə oruc niyyəti etmək olar. Ayrı-ayrılıqda hər günün niyyəti həmin günə keçən gecə ərzində, sübh namazına kimi edilməlidir. Bütövlükdə ramazan ayı üçün isə ayın ilk gününə keçən oruc niyyəti edilməlidir.

14. Oruc tutmaq istəyirəm. Qorxuram ki, orucluq nəticəsində orqanizmim arıqlayıb zəifləyər. Bəs nə edim?

Bəziləri elə güman edirlər ki, əgər ac qalsalar, mədələrində yara əmələ gələcək. Amma oruc tutan şəxslər üçün həyəcanlanmağa əsas yoxdur. Çünki oruc tutmaqla həzm sistemi istirahət edir. Mədə turşuları isə qida ilə deyil, öd kisəsinin buraxdığı ödlə neytrallaşdırılır; mədədə heç bir yara yaranmr.

Ümumiyyətlə, unutmamalıyıq ki, bütün kainat, o cümlədən, insan Allah tərəfindən yaradılmışdır. Allah yaxşı bilir ki, öz yaratdıqları üçün nə xeyirli, nə zərərlidir. Həm də şəriət hökmlərinin heç biri insanlara lüzumsuz çətinlik və dözülməz əziyyət yaratmır. Aydındır ki, əgər oruc insan səhhəti üçün zərərli olsaydı, mərhəmətli Allah onu insanlara vacib etməzdi.

Əlbəttə, heç cür oruc tuta bilməyən xəstə şəxslər bu vəzifədən azaddırrlar. Allah elə mərhəmətlidir ki, xəstə adamları oruc tutmaq borcundan azad etmişdir. Hər kim orucun öz səhhəti üçün zərərli olduğunu bilsə, oruc tutmaya bilər, amma sağaldıqdan sonra mütləq qəza orucu tutmalıdır.

15. Orucluq qaydalarını qəsdən pozan adam öz günahını yuya bilərmi?

Orucu batil edən əməli qəsdən törətmiş (məsələn, qəsdən xörək yemiş, yaxud qəsdən cinsi əlaqədə olmuş və s.) şəxs həm orucluqdan sonra həmin günün əvəzində bir gün qəza orucu tutmalı, həm də üstəlik kəffarə ödəməlidir.

"Kəffarə" - qəsdən pozulmuş orucun cəriməsidir. Öhdəsinə kəffarə düşmüş şəxs iki yoldan birini seçməlidir: ya hər itirilmiş günün əvəzində iki ay oruc tutmalı, ya da hər günün əvəzində 60 nəfər ehtiyaclı şəxsə yemək verməlidir.

Hənəfi məzhəbinə görə, insan aylıq kəffarə orucunu ardıcıl və fasiləsiz tutmalıdır. Cəfəri məzhəbinə görə isə iki aylıq kəffarə orucunun heç olmazsa, 31 günü ardıcıl tutulmalıdır. Qalan 29 günün orucunu isə fasilələrlə də tutmaq olar.

İkinci yolu seçən şəxs isə ya xörək bişirib 60 nəfəri doyurmalı, ya da onların hər birinə 750 qram buğda (ya arpa) verməlidir.

Qeyd: Kəffarə qanunu heç də insana əsas vermir ki, ramazan ayında qəsdən oruc tutmasın, sonra isə kəffarə olaraq, kasıblara yemək versin. Ramazan orucunu qəsdən tutmayan şəxs böyük günah qazanır, qəza və kəffarə ilə də bu günahı silmək olmaz.

Lakin bəzi hallarda oruc pozularsa, kəffarə vermək lazım deyil, yalnız hər günün əvəzində bir gün qəza orucu tutmaq kifayətdir. Məsələn,

Başqası tərəfindən orucunu pozmağa məcbur edilmiş şəxs (bir şərtlə ki, orucunu pozmazsa, həyatının təhlükə altına düşəcəyini bilsin).

  • Səhər obaşdan vaxtı qurtardıqdan sonra hələ sübh azanının deyilmədiyini güman edib, yeməyə başlayan şəxs;
  • Axşam iftar vaxtı çatdığını güman edib, vaxtından əvvəl orucunu pozmuş şəxs;
  • Sərinləşmək niyyəti ilə ağzınə su alıb yaxalayan, amma qeyri-ixtiyari olaraq suyu udan şəxs;
  • Cənabət halına düşüb boynuna qüsl gələn, amma bunu unudub qüsl almayan şəxs və s.

Yuxarıdakı halların hər birində kəffarə ödəmək lazım deyil, hər günün əvəzində bir gün qəza orucu tutmaq kifayət edər.

16. Oruc tutan şəxs necə və nə ilə iftar etməlidir?

Ramazanda hər gün şam azanı verildikdən sonra iftar etməyə icazə verilir. adətən, namaz qılan şəxslər axşam namazını qılandan sonra iftar edirlər. Amma əgər onları süfrə başında gözləyən olarsa, namazdan öncə iftar açmalıdırlar.

Halal və pak yeməklərin hər hansı biri ilə iftar açmaq olar. Xurma, süd, halva yaxud isti su ilə iftar açmaq xüsusilə savablıdır. Yaxşı olar ki, iftar edərkən birinci tikəni ağıza qoyanda bu dua oxunsun: "Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəlt. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirət-iğfirli".

Tərc.: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Çox mərhəmətli və həmişə mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"

17. Oruc olarkən dişləri yumaq və fırçalamaq olarmı?

Suyu və pastanı udmamaq şərti ilə olar. Amma yuyandan sonra ağız suyunu 3 dəfə tam yığıb türürmək lazımdır.

18. Fitrə zəkatının miqdarı nə qədərdir? Nə zaman və kimə vermək lazımdır?

Fitrə zəkatı ramazan ayının son günündə, şam azanından sonra (fitr bayramı ərəfəsində) ayrılır. Ev sahibi özü və öhdəsində olan ailə üzvləri üçün fitrə zəkatı ayırıb ödəməlidir. Onun miqdarı adambaşına təqribən 3 kiloqram buğda, ya arpa, ya xurma, ya düyü, ya da kimişdir. (Bu ərzağın ya özü, ya da pulu verilməlidir).

Fitrə zəkatı mütləq maddi vəziyyəti çətin olan adamlara verilməlidir. Hər kəs öz kasıb qohumuna ya qonşusuna fitrə zəkatı versə, daha yaxşıdır. Hənəfi məzhəbinə görə, fitrə zəkatı ramazanın ilk günündən başlayaraq Fitr bayramının nəməzı qılınana kimi verilə bilər. Cəfəri məzhəbinə görə isə fitrə zəkatı ramazanın son ayrılır və ertəsi gün Fitr bayramı namazı qılınana kimi keçən müddətdə ehtiyaclılara çatdırılır. əgər bu mümkün olmazsa, bayram namazı qılınandan sonra mümkün olan ən qısa vaxt ərzində ödənməlidir.

Ramazanın sonuncu günündə, iftar vaxtı gəlmiş qonağın fitrə zəkatı da ev sahibinin boynundadır. Maddi durumu həddən artıq pis olan ailələr fitrə zəkatını ödəməkdən azaddırlar.

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!