İran və Rusiyanın apreldəki bu görüşdən sonra Ermənistana münasibəti ciddi şəkildə dəyişə bilər. Çünki onlar regionda xarici qüvvələrin olmasından çox narahatdır.
Bu sözləri Axar.az-a politoloq Turab Rzayev 5 aprel 2024-cü ildə Brüsseldə keçirilməsi gözlənilən Ermənistan-ABŞ-AB konfransı ilə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, görüş artıq İranı narahat etməyə başlayıb:
“İran qonşuluğunda NATO, ABŞ hərbi bazasının qurulmasından ehtiyatlanır. Təbi ki, 5 aprel görüşündən də çox narahatdır. İran və Ermənistan arasında vaxtilə mövcud olan sıx münasibətlərdə hazırda gərginlik sezilir. Bu yaxınlarda İran Ermənistana hərbi ittifaq təklif etmişdi. Açıq şəkildə demişdilər ki, Ermənistan İranla hərbi ittifaqa görə Qərin təzyiqindən qorxursa, Tehran İrəvanı rəsmi müqavilə imzalanmadan da silah-surat, təlim və digər hərbi vasitələrlə təhciz edə, hərbi yardımlar göstərə bilər. Son vaxtlara kimi Ermənistanın silahla təchiz olunmasında da İran vacib rol oynayıb. Rusiyadan, Hindistandan gələn silahların İran ərazisindən keçirilməsində fəal iştirak edib, öz hərbi sənayesinə aid raketlər bağışlayıb. Azərbaycan antiterror əməliyyatı apardığı dövrdə Ermənistanın ABŞ-la İranın yaxınlığında 9 günlük ortaq hərbi təlimlər keçirməsindən sonra Tehranın ritorikası sərtləşməyə başladı. Bunun ardınca isə Ermənistanda İran əleyhinə təbliğat genişləndi. Mediada İrana qarşı yazılar yazıldı. Ermənistan rəhbərliyi İranın Zəngəzurla bağlı mövqeyini İrəvanın daxili siyasətinə qarışmaq kimi qələmə verdi, İranın öz hərbi mövcudluğunu orda yerləşdirmək təklifini təhdid kimi qəbul etdi. Odur ki, İrəvan dayanmadan İrana qarşı antitəbliğat maşınını işə salmalı oldu. Belə olduqda İran rəhbərliyi Ermənistana seçim etməli olduqları ilə bağlı siqnallar verdi. Yəni, ya Qərb, ya İran. Görünür, Ermənistan tərəfi bu mesajlardan nəticə çıxarmır. Öz strateji planına sadiqdir. ABŞ və AB ilə birgə üçtərəfli sammit də bunu deməyə əsas verir”.
Politoloq bildirib ki, Tehran Brüssel görüşü ilə bağlı İrəvana müəyyən xəbərdarlığını edib və iki ölkənin gələcək münasibəti apreldən sonra konkretləşəcək:
“İran ilkin təhdidlərə başlayıb. Mətbuat vasitəsi ilə İrəvana çatdırır ki, lazım gələrsə, Ermənistanı blokadada saxlaya, okeana çıxışına əngəl ola, Hindistan kimi ölkələrdən hərbi yüklərin daşınmasına problem yarada bilər. İndiki halda Ermənistan İranı hansısa şəkildə görüşlərlə, təmaslarla yumşatlmağa çalışacaq və Tehranın mövqeyi yumşaldıqdan sonra isə yenə də özünün geosiyasətinə sadiq qalacaq”.
Ermənistan KTMT Parlament Assambleyasının Moskvada törədilən terror aktını pisləyən bəyanatına qoşulmayıb.