613-cü qurban

"Ölkə.Az"  Vüsalə Balayevanın "613-cü qurban " hekayəsini təqdim edir.

-Ssssss. Sakit, ağlama, sakit, sus, sus. Allah xətrinə sus. Gözəl balam, sus... 

Sonra isti nəsə hiss etdim, alnımdan axdı deyəsən - bu isti nə idi belə? Qaçıram ayaqlayın, qaçıram. Hara qaçıram, özüm də heç bilmirəm. Qızım - balaca quzum qucağımdadır. Qaçırıq. Hamı qaçır. Get-gedə sıralarımız azalır. Bir-bir azalırıq. Kiməsə güllə dəyir. Yıxılır, al-qana bulanır. Əlimi uzadıram, qışqırıram – kömək edin, kömək edin... 

Hamı qaçır... Deyəsən, son dəfə mən otaqdaydım, quzuma lay-lay oxuyurdum: 

Lay-lay dedim yatasan, 

Qızılgülə batasan, 

Lay-lay balam, quzum lay-lay...

Atəş səsləri, güllə-baran. Ay Allah, bu nədir? Qiyamət qopur, dünyanın sonudur? Qaçırıq, evdən çıxıram. Quzu balamı yataqdan götürüb qaçıram. Gücüm ancaq əlimə keçən şala çatır. Balamı bükürəm, bağrıma basıram. Heç nə gözümə görünmür, heç nə. Ancaq balamı qurtarım, 15 il həsrətini çəkdiyim balam... 

Yanaqlarım donur, əllərim donur. Gülzarım görəsən donmur? Əynimdəki jaketi çıxarıb bükürəm şalın üstündən. Birdən soyuq olar balama... 
Qarşıdan ermənilər keçir. Qonşu arvad “qızım kola gir, kola gir, ermənilərdir, gir, gir”. 

Tikanlı kolluğa girirəm. Tikanlar əllərimi, üzümü cızır. Təki balamı incitməsin. Hər tərəfim qanayır. 

Gülzar ağlayır. Var gücümlə əlimlə ağzını tuturam. 

-Ssssss. Sakit, ağlama, sakit, sus, sus. Allah xətrinə, sus. Gözəl balam, sus... 

Yenə qaçıram. Qarşıda çay var, ayaqyalınam. Suya girdim. Ay Allah su buz kəsir ayaqlarımı. Hiss etmirəm ayaqlarımı. 

Ayaqlarım hardasa kəsilib, qan su kimi axır. Amma hiss etmirəm, qaça bilmirəm. Gülzarımın səsi gəlmir, yatdı deyəsən. Şalı açıram, gözləri niyə açıqdır? – Gülzar, Gülzar. Öz əllərimlə sakit olmaq üçün balamı boğmuşam. Balamı öldürmüşəm. Qatil ana, qatil.

Balamı son dəfə alnından öpürəm. Balam bumbuzdu. Hanı sənin isti nəfəsin? 

Çayın qırağında balamı basdırmaq istəyirəm, qonşu qadın məni dartışdırır – Qoy, o onsuz heç nə hiss etmir. Yaxınlaşırlar. Balamı qoyub üzərinə qar töküb gizlədirəm. Beynim, düşüncəm donub. Heç nə düşünə bilmirəm. Elə bil yuxudayam. Balama ağlaya bilmirəm, görəsən göz yaşlarım da donub? 
Qaçırıq... Birdən...Birdən arxadan mənə nəsə dəyir, biri ürəyimə, biri ayağıma. Ağrı, şiddətli ağrı nəfəsimi kəsir. Sonuncusu başıma dəyir... O güllədən sonra heç nə hiss etmirəm, ağrılarım keçir. Üzü üstə yıxılıram. Qar görürəm ətrafda. Kimsə mənə yaxınlaşır. Əvvəl mənə 2-3 dənə təpik çəkir, hiss etmirəm heç nə. Məni kürəyi üstə çevirir. Yanındakına nəsə deyir. Gülürlər.

Göy üzü necə gözəldir. Səma, sonsuz səma... Yanımdan kimlərsə qaçır. Düz yanımda qan gölməçəsi var. Qaçanların ayaqları ora çırpıldıqca üzümə qan sıçrayır. Heç nə hiss etmirəm. 

Qışqırıq...qışqırıq. Qonşumuz Ayazı kəndirlə ağaca bağlayıblar, gözünün önündə arvadını, qızını yerə uzadıb soyundurublar. Qaldırırlar, lüt qaçırdırlar. Mırıqdış dığalar gülürlər. Ayaz şir kimi nərildəyir “namussuz ermənilər, aç əlimi, gör səni neyləyirəm. Qorxaqlar, alçaqlar”. 

Ayazın gözü qarşısında arvadına, qızına təcavüz edirlər, dik, Ayazın gözünə baxıb gülə-gülə. 

Üzərinə benzin töküb diri-diri yandırırlar. Heç səsi də çıxmır. Sevinir bu namussuzluqdan ölüb gedir. 

Hamilə qadın qaçır, haqlayırlar onu. Qarnını kəsib körpəni çıxardırlar. Ananın başın kəsirlər. O da mənim kimi ağrını hiss etmir indi.
Üzümü səmaya çevirirəm. Hava açılır. Səma necə də gözəldir. Yanımdakı əsgərin meyidinin baş dərisini soyurlar, gülürlər. Sanki həzz alırlar.
Ana, ana. Kimsə çığırdı. Kimdir o? Səs necə də tanışdır. Vahiməli bağırtı - Can balam, can. Tükəzban xala - bizdən iki məhəllə aşağıda qırmızı evdə yaşayan qadın. Yadıma düşdü. Bir oğlu var, Teymur. 2 ay bundan qabaq evləndirmişdi. 20 yaşlı cavan oğlandı. 

Tükəzbanın gözü qarşısında diri-diri onu iki hissəyə böldülər. O, indi mənim kimi heç nə hiss etmir.

Teymurun ayağının birini bədənindən ayırdılar. Tükəzbanı çayın qırağında oturdublar. Balasının qopmuş ayağı ilə üzünə, başına vururlar. Bala qanına bulanır üzü. Qadın ağlamır, var-gücü ilə qışqırır. Birdən qışqırıq möhkəm qəhqəhəyə çevrilir. Aman Allah, bala qanından qadın divanə olur. Təpikləri ilə vurub qadını suya atırlar. Güllə səsləri, gülüş kəsilir. 

Gördüyüm yalnız göy üzü, səmadır. Daha ağrılara, acılara baxmıram. Mən azadam, heç nə hiss etmirəm. Qulağıma qışqırıqlar, gülüşlər, güllə səsləri gəlir. 

İki gündür deyəsən burdayam, göyə baxıram. Göydə helikopter uçur. Sevinirəm bizimkilər gəlir deyəsən. Sevinirəm ürəyim, ürəyim...yox, ürəyim döyünmür. Hər şey üçün çox gecdir. Hayqırmaq istəyirəm. Gecdir, gecdir, siz çox gecikmisiniz. 

Səmaya baxıram... Mən insan idim, bir gecədə Xocalıya çevrildim. Mən Xocalıyam... 

Artıq heç nə hiss etmirəm. Mən azadam...Mən Xocalıyam...

                                                                                                                             Xocalı 1992-ci il 26 fevral...

20 Noyabr 2024 Türkiyənin məşhur aktyoru Bakıda - Foto
11 Noyabr 2024 Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi
05 Noyabr 2024 Meksika səfirliyində Ölülər Günü qeyd edilib
05 Noyabr 2024 "Yanında qız olan oğlan olmaq istəyirəm” - FOTO
05 Noyabr 2024 Məşhur türk serialında Azərbaycan mahnısı - Video
26 Oktyabr 2024 Şahlar Quliyev dəfn olundu
26 Oktyabr 2024 Bir qrup beynəlxalq səyyah Şuşaya gəldi
24 Oktyabr 2024 Tarzan öldü
22 Oktyabr 2024 “Mehmed: Fəthlərin Sultanı” serialı Kann Film Festivalında
18 Oktyabr 2024 Xalq artisti oğlu və qızı ilə Hindistanda - Video/Foto
09 Oktyabr 2024 "Kuruluş Osman"ın aktyoru yeni serialda - FOTO
07 Oktyabr 2024 Qarabağ savaşından film çəkiləcək - Ərhan Ufak
05 Oktyabr 2024 Tatlısəs növbəti dəfə məhkəməyə verildi
20 Sentyabr 2024 Qərbi Azərbaycanda Manna məbədi dağıdılır
18 Sentyabr 2024 Rus alim darmadağın etdi: Bütün dahilərimiz türkdür!
17 Sentyabr 2024 "Bir qalanın sirri" filminin çəkiliş prosesindən nadir görüntülər
13 Sentyabr 2024 Rusiyanın Elçibəyi öldürmək istəyən məşhur dəstəsi…
31 Avqust 2024 Tanınmış şairin səhhəti yenidən pisləşdi
29 Avqust 2024 Ermənilər onları atıb, Qarabağ geyimlərini geyinirdilər…
27 Avqust 2024 Türkiyəli məşhur aktrisa öldü
22 Avqust 2024 "Atabəylər" serialının çəkilişləri bitdi
17 Avqust 2024 Məşhur türkiyəli aktyor vəfat etdi
17 Avqust 2024 Şərqi Zəngəzurun unudulan zinət əşyaları...
13 Avqust 2024 Azərbaycandan Avropaya uzanan ənənə... - Foto
12 Avqust 2024 Tom Kruzdan bağlanış mərasimində şok hərəkət - Video
09 Avqust 2024 Rasim Balayevin ad günündən görüntülər - VİDEO
09 Avqust 2024 "Tağıyev" filminin çəkilişləri başa çatdı
06 Avqust 2024 Türkiyənin məşhur serialında Nəsimi ilə bağlı ŞOK səhnələr – VİDEO
06 Avqust 2024 Milli geyimlərimiz filmlərdə... - Video
21 İyul 2024 Türkiyəli məşhur aktyor vəfat etdi