Bu gün Mərkəzi Bank iyunun 22-dən yenilənmiş 10 manatlıq əsginasın dövriyyəyə buraxılacağını açıqlayıb.
Trend-in terminalların yeni əsginasa uyğunlaşdırılması istiqamətində aparılan işlərlə bağlı sorğusunu Azərbaycanın "MilliÖN" və "e-Manat" ödəniş sistemlərinə nəzarət edən şirkətlərdən cavablayıblar.
Bildirilib ki, yeni 10 manatlıq əsginasın dövriyyəyə buraxılması ilə əlaqədar Azərbaycanın "MilliÖN" və "e-Manat" ödəniş sistemləri terminallarının ona uyğunlaşdırılması üçün Azərbaycan Mərkəzi Bankı ilə danışıqlar aparır.
"eManat"-dan verilən məlumata görə, yaxın vaxtlarda ödəniş terminallarının yeni əsginasa uyğunlaşdırılması prosesinə başlanılması planlaşdırılır.
Eyni zamanda, "MilliÖN"-dən Trend-ə verilən məlumata görə, Mərkəzi Bankla danışıqlar aparılır və plana uyğun olaraq terminalların proqram təminatının yenilənməsi istiqamətində işlər görülür.
Xatırladaq ki, iyunun 22-dən Azərbaycanda yeni dizaynlı 10 manatlıq əsginas dövriyyəyə buraxılacaq. Əsginasın təhlükəsizlik elementləri və dizaynı ən son texnologiya ilə yenilənib.