Mərkəzi Bank milli valyutanın məzənnəsinə heç bir təhdid olmadığını bəyan edib. Bəs, manat dəyər itirə və ya möhkəmlənə bilərmi?
Axar.az xəbər verir ki, iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bu barədə fikirlərini bölüşüb.
O bildirib ki, Mərkəzi Bank neftin dünya bazar qiymətinin yüksək olmasının manatın məzənnəsinin potensial möhkəmlənməsi istiqamətində təsir yaratdığını deyir:
“Neftin qiymətində artımlar davam etsə belə, manatın məzənnəsinin xarici valyutalara, xüsusən də dollara nisbətən möhkəmlənməsi inandırıcı deyil. Mərkəzi Bank da manatın möhkəmlənməsində maraqlı görsənmir. Əslində bu hal ixrac olunan qeyri-neft məhsullarını xarici bazarlarda daha da bahalaşdıra bilər. Buna görə də milli valyutanın məzənnəsinin möhkəmlənməsi indiki halda gündəmdə deyil”.
Ekspert bildirib ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan və Dövlət Neft Fondunun hərraca çıxardığı valyutanın həcmidir:
“Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də iqtisadi faktorlardan biridir”.
V.Bayramovun sözlərin görə, Azərbaycanın qeyri-neft sektorlarında xüsusi paya malik olan ölkələrdə, xüsusən də Türkiyədə milli valyutaların məzənnəsində kəskin azalmalar müşahidə olunur:
“Region ölkələrinin milli valyutalarının ucuzlaşmasına şahid oluruq. Dünya bazarında dolların möhkəmlənməsi prosesi baş verir. Dollar hətta Avropa puluna nisbətən son dövrlər hiss ediləcək dərəcədə möhkəmlənib. Son proseslər də təsdiq edir ki, bu gün qlobal investorlar üçün yığım vasitəsi kimi dollar ən az riskli valyutadır.
Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti dövrlərdə manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.