Özəl sektorun fəal iştirakı ilə iqtisadi inkişafın yeni modeli Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə və qeyri-neft sektoruna üstünlük verməklə yeni iş yerlərinin yaradılmasını stimullaşdırmağa kömək edə bilər.
Bunu Trend-ə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC)-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte deyib.
O bildirib ki, Azərbaycan COVID-19 pandemiyasının fəsadlarını aradan qaldırmaq üçün iqtisadiyyatın bərpası üzrə səylər göstərir:
"Əlverşili investisiya mühiti özəl sektorun inkişafı və güclü iqtisadiyyat üçün şərait yaradır. Son bir neçə il ərzində IFC-nin Azərbaycanda səyləri maliyyə infrastrukturu üzrə məsləhət işlərinə, eləcə də investisiyalar və investisiyaların təşviqi strategiyası üzrə qanunverici bazanın yaradılmasına yönəlib. IFC-nin Azərbaycanda işi kiçik biznesə, kənd təsərrüfatına, ərzaq təhlükəsizliyi və turizmə xüsusi diqqət ayıran qanunverici və normativ təşəbbüslərin dəstəklənməsini əhatə edir"
O əlavə edib ki, IFC-nin tövsiyəsi ilə Azərbaycan hökuməti İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyi ilə birgə maliyyə infrastrukturunun təkmilləşməsi və kiçik müəssisələrin kreditlərə çıxış imkanlarının təqdim olunması üzrə bir sıra normativ islahatlar keçirib:
"Bu səylər çərçivəsində hökumət kredit büroları haqqında qanun qəbul edib ki, bu da ölkədə ilk özəl kredit bürosunun yaradılmasına imkan yaratdı. IFC, həmçinin daşınmaz əmlak kimi aktivlərə malik olmayan kiçik müəssisələrə maddi resurslarını, debitor borclarını və avadanlıqlarını borc girov qismində istifadə etməyə imkan verən normativ aktların hazırlanmasına kömək göstərib".