Son günlər valyuta hərracında dollara tələbdə artım müşahidə edilir. Yanvarın 12-də keçirilən valyuta hərracında tələb 142,2 mln. ABŞ dolları olub və bu da ondan əvvəlki tələblə müqayisədə 2 dəfə çoxdur. Mərkəzi Bankın açıqlamasına əsasən nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcək.
Axar.az xəbər verir ki, iqtisadçı ekspert Əkrəm Həsənov “Sputnik Azərbaycan”a açıqlamasında son günlər nağd dollara tələbin artmasının heç bir obyektiv əsası olmadığını bildirib.
“Çünki hazırda dövriyyədə olan manat kütləsi azdır. Mərkəzi Bankın siyasəti dövriyyədə olan manat kütləsinin azaldılmasına və iqtisadiyyatın, kobud şəkildə desək, pulsuz qoyulmasına yönəlib. Məqsəd devalvasiya və inflyasiya ilə mübarizədir”, - ekspert deyib.
O bildirib ki, hazırda dövriyyədə manat az olduğu üçün dollara tələb elə də yüksək ola bilməz:
“Burada daha çox psixoloji amillər var. Kimlərsə təlaş, ajiotaj yaradırlar ki, dollara tələbat olsun. Böyük ehtimalla onlar “qara bazar”ı stimullaşdırmaq istəyirlər. Bəlkə də elə “qara bazar”ın sahibləri bunu edirlər ki, hamı bunlardan dollar alsın. Çünki ola bilərdi ki, ilin əvvəlinə bəzi banklarda dollar kifayət qədər olmasın. Dollar alanların tələbatı təmin ediləcəksə, problem olmayacaq və dediyim kimi, obyektiv olaraq belə bir məsələ də yoxdur”.
İqtisadçının fikrincə, əgər Mərkəzi Bank bu siyasətini davam etdirsə, manatın məzənnəsi sabit qalacaq.
İqtisadçı Natiq Cəfərlinin fikrincə, dövlətin kifayət qədər vəsaiti var ki, manatın məzənnəsini bu il ərzində sabit saxlasın.
Öz növbəsində Mərkəzi Bank bildirir ki, son günlər bəzi internet səhifələrində guya bankların qeyri-nağd ABŞ dolları satışlarında problem olduğunu və bunun valyuta hərracları ilə bağlı olduğunu iddia edən fikirlər də əsassızdır:
“Mərkəzi Bank tərəfindən valyuta hərracları həftədə 2 dəfə (çərşənbə axşamı və cümə axşamı) keçirilir və bu hərraclarda bankların həm nağd, həm də qeyri-nağd valyuta üzrə tələbləri tam təmin edilir. Bir daha vurğulamaq istərdik ki, 2017-ci ildən başlayaraq artıq 4 il ərzində milli valyutanın məzənnəsi sabitdir və cari ildə də Mərkəzi Bank tərəfindən valyuta bazarında stabilliyin tәmin edilməsi diqqət mərkəzində saxlanılacaq”.