Son günlər ard-arda rekordlar qıran, dəyəri tarixi maksimuma - 40 min dollara çatan bitkoin kriptovalyutasının yaradıcısınin kimliyi sirr olaraq qalmaqdadır. Maraqlıdır, görəsən, bitkoinin yaradıcısı kimdir?
Kult.az bitkoin kriptovalyutası ilə bağlı maraqlı məlumatları təqdim edir:
2008-ci ildə yaradılan, 2009-cu ildə hazırlanan, illər əvvəl hətta 1 dollara ala bildiyiniz, bu gün isə dəyəri 40 min dollardan çox olan bitkoin kriptovalyutasının yaradıcısını axtardıqda bir ad çıxır - Satoşi Nakamoto.
Onun kimliyi haqqında çox fərqli iddialar var. Lakin illər keçməsinə baxmayaraq, hələ də əsl kimliyi bilinmir.
Satoşi Nakamotonun kimliyi barədə əsas ziddiyyətlər:
1. Yapondur və yaşı 37-45 aralığındadır;
2. Yapon deyil, çünki bütün məqalələri ingilis dilində və səhvsiz yazılıb, yaponca isə məqaləsi yoxdur;
3. Komandadır və 11 nəfərdən ibarətdir;
4. “Satoşi” sadəcə bir ləqəbdir, o, Avropadakı bir riyaziyyat professorudur;
5. Mükəmməl kod yazır və bu ya komandanın, ya da bir dahinin işidir.
Bu şəxsin kim olması barədə konkret adlar da çəkilir. Bu şəxslərdən bəziləri bu iddialara etiraz etsə də, bəziləri sadəcə susub.
Həmin adlar: Hal Finney, İlon Mask, Nik Szabo, Dorian Satoşi Nakamoto və s.
Ümumilikdə dünyada 21 milyon bitkoinin olacağı bildirilir. Satoşi Nakamoto adlı bu şəxsdə (və ya komandada) 980 min bitkoinin olduğu deyilir. Bu bitkoinlərin bugünkü dəyəri hesablandıqda Satoşi, şübhəsiz, dünyanın ən varlı adamları siyahısına düşür.