Azərbaycan canlarını ərazi bütövlüyümüz yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bu gün bir dəqiqəlik sükutla yad etdi. Qələbəmizin əldə edilməsinə görə şəhidlərimizə borcluyuq. Artıq Azərbaycan üçün yeni mərhələ başlayır.
Axar.az xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.
“Bu mərhələdə şəhid ailələrinin və eləcə də qazilərimizin sosial təminatının daha da gücləndirilməsi əsas prioritetlərdən olacaq. Hazırda şəhid ailələrinin sosial təminatının gücləndirilməsi üçün 20 istiqamət üzrə birbaşa ödənişlər və güzəştlər həyata keçirilir.
Yeni mərhələdə şəhid ailələrinin üzvləri və qazilərimizin işlə təmin olunması da sosial siyasətin əsas hədəflərindəndir. Özünüməşğulluq və digər sosial proqramlarda şəhid ailələrinin üzvləri və qazilərimizə üstünlük veriləcək və kvotalar artırılacaq. Məşğulluğa yönəlik sosial proqramlarda şəhid ailələrinin üzvləri və qazilərimizin iştirakının daha da genişləndirilməsi üçün həmin vətəndaşlarımıza xüsusi güzəştli kateqoriyanın ayrıca qeyd edilməsi məqsədəuyğundur.
Bütövlükdə, ölkəmiz üçün başlanan yeni mərhələdə şəhid ailələrinin üzvləri və qazilərimiz üçün dövlət proqramları ilə yanaşı fərqli ictimai təşkilatların reallaşdırdığı layihələrin də genişləndirilməsinə ehtiyac var. Bu hər birimizdən xüsusi diqqət və qayğı tələb edir”, - deputat qeyd edib.