Bu barədə "Ölkə.Az"a açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Təbriz Qəniyev bildirib. Onun sözlərinə görə, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən iki min ev təmir kateqoriyasına daxil edilib.
“Zəlzələdən sonra qəzalı vəziyyətə düşən evlərin yenidən tikilməsi, bərpa olunması ilə Fövqəladə Hallar Nazirliyi məşğul olur. İcra Hakimiyyəti isə qəzalı vəziyyətə düşən evlərin təmiri və bərpasını həyata keçirir. Həmin evlərin təmiri yüksək səviyyədə aparılır. 500-dən çox ev artıq təmir olunub və vətəndaşların istifadəsinə verilib. 100-ə yaxın evdə hazırda təmir işləri gedir. Təmir olunan evlər təkcə Şamaxı şəhərində deyil, kənd və qəsəbələrdə də var. Bəzi kəndlərdə artıq işlər yekunlaşmaq üzrədir".
T.Qəniyev qeyd edib ki, cari ilin sonuna qədər bütün evlərdə təmir işləri başa çatdırılacaq.
Qeyd edək ki, fevralın 5-də Şamaxı rayonunda güclü zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində yaşayış evlərinə ciddi ziyan dəyib.