Son 2 ildə mənzil bazarında ciddi durğunluq hiss olundu və nəticədə tələbat kəskin azaldı.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, MTK-ların əlində ciddi həcmdə tikintisi başa çatmış mənzillər var idi:
“Hazırda isə MTK-lar qiymətlərin aşağı istiqamətli müəyyənləşdirilməsinə üstünlük verirlər. Faktiki olaraq, MTK-ların müəyyən öhdəliklər qarşısında vəsaitlərə ehtiyacı var. Çünki bu mənzillər üzərində yatan vəsaitlər güclü deyil. Buna görə də MTK-lar çalışır ki, bu aktivləri likvidləşdirsinlər, yəni daha qısa müddətdə satmaqla nağdlaşdıra bilsinlər. Bu məqsədlə də müəyyən kampaniyalar həyata keçirilir. Bu kampaniyalar nəticəsində yeni mənzil bazarında qiymətlər aşağı istiqamət üzrə davam edir. Ancaq digər bir məsələ ondan ibarətdir ki, Azərbaycanda bir sıra banklar kreditləşməni müəyyən qədər bərpa etməyə çalışır. Eyni zamanda, paralel olaraq artıq manatın məzənnəsində sabitlik müşahidə olunmaqdadır. Bunun nəticəsində isə həm dövriyyəyə daxil olan vəsaitlərin, həm də əhalinin əlində cəmlənən yığımların bir qismi daşınmaz əmlak bazarına yönələ bilər. Bu, baş verərsə, mənzil bazarında qiymətlərin ilin sonuna indiki səviyyədə qərarlaşmasını ehtimal etmək mümkündür”.
Ekspert hələlik daşınmaz əmlak bazarında və təkrar bazarda qiymətlərin sabit olduğunu bildirib:
“Düzdür, satışlar kifayət qədər zəifdir və bu sferada fəaliyyət göstərənlər davamlı olaraq tələbin azlığından şikayət edirlər. Ancaq buna baxmayaraq, qiymətlərin azalması prosesi ciddi həcmdə müşahidə edilmir. Ümumiyyətlə, hələlik həm təkrar, həm də ilkin daşınmaz əmlak bazarında qiymətlərin aşağı düşmə imkanları var. Çünki müəyyən olunmuş qiymətlər real bazar şərtlərinə uyğun deyil. Bu baxımdan da gələcəkdə yenidən bazarda təklif təzyiqi artarsa və tələb indiki kimi durğun qalarsa, o zaman qiymətlər aşağı düşəcək”.
Torpaq bazarında isə situasiyanın fərqli olduğunu deyən iqtisadçı 2013-2014-cü illə müqayisədə qiymətlərin müəyyən qədər azaldığını qeyd edib:
“2015-ci ildən etibarən başladılan aqrar siyasət çərçivəsində kənd təsərrüfatı təyinatlı torpaqların fərdi yaşayış məqsədilə istifadəsinə qarşı mübarizə son nəticədə fərdi yaşayış təyinatlı torpaq sahələrinin həcmini azaldıb. Ümumiyyətlə, torpaq tükənən bir əmlak növü olduğundan düşünmürəm ki, bundan sonrakı dövrdə qiymətlər azalacaq. Böyük ehtimalla hazırkı vəziyyət ilin sonuna qədər davam edəcək. 2018-ci ilin əvvəlində isə nisbi artımlar müşahidə oluna bilər”.