Mənzil-Tikinti Kooperativlərinin (MTK) vətəndaşlardan yüksək ödəniş tələb etməsi ilə bağlı açıqlamamdan sonra məsələyə Milli Məclis daxil olmaqla, çox fərqli qurumlardan və şəxslərdən rəylər gəldi.
Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert belə çevik reaksiyaya görə və məsələnin ictimailləşməsinə dəstək olan jurnalistlərə öz təşəkkürünü bildirib:
“Bu fakt bir daha göstərir ki, fərqli problemləri aydın şəkildə izah edib və ondan çıxış yolları göstərməklə həllinə nail olmaq mümkündür. Bu həmçinin CESD-nin strategiyasıdır. MTK-ların fəaliyyətinin şəffaflaşdırılması üçün onlara olan bütün ödənişlərin nağdsız aparılmasının təmin edilməsi də vacibdir. Qanunvericiliyə dəyişiklik edilməsi və MTK-lara nağdlı ödənişlərin qadağan edilməsinə ehtiyac var. Əgər bu gün çox fərqli xidmətlər, hətta sığorta ödənişləri yalnız nağdsız aparılırsa, MTK-lar niyə insanlardan nağd pul toplamalıdır? Hər bir MTK-nin bank hesabı var və ödənişin də yalnız banklar vasitəsilə aparılması təmin edilməlidir. Nəticədə, bu, onların tələb etdiyi haqların məbləğini müəyyənləşdirməyə və vergidən yayınmanın qaşısının alınmasına imkan yaratmaqla yanaşı, həm də onların fəaliyyətində şəffaflığın gücləndirilməsinə səbəb ola bilər.
Eyni zamanda, yeni qaydaların icrasına nəzarətin gücləndirilməsinə də ehtyac var. Bu baxımdan, bu sahədə institusional dəyişikliklərin olması və nəzarət mexanizminin təkmilləşdirilməsi vacibdir ki, MTK-lar vətəndaşlardan yüksək ödənişlər tələbini davam etdirməsinlər”.