“Rapidə yaxşı başladım, lakin blitsdəki uğurumu möhkəmləndirə bilmədim və bəzən qalib mövqelərdə məğlub oldum”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Nicat Abasov Qəbələdəki 9-cu “Vüqar Həşimov Memorialın”da çıxışından sonra Hindistanın “ChessBase India” kanalına müsahibəsində deyib.
Superturnirdə 8-ci yeri tutan qrossmeyster “Həşimov Memorialı”nda maraqlı hisslər keçirdiyini bildirib. O, yarışda zəif nəticə göstərməsini, eyni zamanda yorğunluğu ilə əlaqələndirib: “Format maraqlı oldu. Mütləq sabitliyimi yaxşılaşdırmaq üçün üzərimdə işləməliyəm. Yeni mövsümə hazırlaşmağım üçün istirahət lazımdır”.
Dünya Kubokunun 4-cüsü Vüqar Həşimovla bağlı xatirələrini də bölüşüb: “O, fantastik şahmatçı idi. Bəxtim gətirib ki, təxminən 11 yaşım olanda mənə ustad dərsi keçib. Vüqarın məsləhətlərini, “Benoni müdafiəsi”nin əsaslarını öyrətdiyini heç vaxt unutmayacağam. Həşimov 2008-ci ildə ilk FİDE Qran-prisini qazanıb. O zaman hamı Vüqarın parlayan ulduz olduğunu deyirdi. Çox şey edə bilərdi, təəssüf ki, bizdən çox erkən ayrıldı”.