Fransanın Briv-la-Qayard şəhərində valideynlər təzə doğulmuş körpəyə bu ölkənin məşhur futbolçuları Antuan Qrizmann və Kilian Mbappenin şərəfinə Qrizmann Mbappe adlandırmağa qərar veriblər.
“Report” xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti bildirib.
Qeyd edilir ki, bu oyunçular 2018-ci ildə futbol üzrə dünya çempionatının finalında rəqiblərin qapılarına bir qol vurublar. Ancaq məhkəmə valideynlərə körpəni həmin futbolçuların adı ilə adlandırmağa icazə verməyib.
Məlumata görə, körpənin qeyri-adi adı qeydiyyat orqanının əməkdaşlarının diqqətini cəlb edib və onlar bu barədə prokurorluğa bildiriblər. Nəticədə araşdırma başlayıb. Beş ay sonra məhkəmə valideynlərə körpəyə başqa ad fikirləşmələri barədə qərar çıxarıb.
Bildirilir ki, Fransa qanunlarında uşaqların futbolçuların şərəfinə adlandırılmaları ilə bağlı qadağa yoxdur. Bununla belə, cütlük sonda körpəni Dani Noe adlandırmağa məcbur olub.
Qeyd edək ki, daha əvvəl UEFA Millətlər Liqasında IV turunda Fransa millisi Qrizmanın dublu sayəsində Almaniyanı məğlub edib.