Son xəbərlər

Adadan gələn zərbə...
13:52
Oxunma sayı: 565

 

Millimiz bu dəfə də Maltaya qalib gələ bilmədi. Ada təmsilçilərinin heyətini incələsək, bir çox futbolçuların yaş həddinin futbol üçün çox olduğunu görərik. Əksəriyyəti ötən il millidən gedən Rəşad Sadıqovdan da qocadır.

Azərbaycana qarşı meydana buraxılan start “11-liy”in 8-i 30 və 30 yaşdan yuxarı futbolçular idi. Gənc və daha enerjili millimiz yarımpeşəkar futbolçulardan ibarət komandaya qalib gələ bilmədi.

Endryu Hoqq – 33

Jozef Zerafa – 30

Stiv Borq – 30

 Andre Acus - 32

Pol Fenek – 31

Andre Şembri – 31

Rayan Kamilyeri – 30

Alfred Effionq – 33

 Yığmamızda isə bu futbolçularıns ayı cəmi 2-dir.

Kamran Ağayev – 32

Pavel Paşayev – 30

 Bizim Avropa çempionatının final mərhələsində gözlədiyimiz komanda evdə 400 minlik ada təmsilçisinə qalib gələ bilmirsə, uğur haqqında düşünmək xəyaldan və arzudan o tərəfə bir şey deyil.

 4 gün əvvəl yığmamız Farer adaları üzərində 3:0 hesablı qələbə qazanmışdı. Yaxşı oynamadığımız qarşılaşmada qapıya endirdiyimiz zərbələr qolla nəticələndi. Milliləşdirilən Nazarov, Almeyda kimi futbolçuların ustalığı bizi xilas etdi.

Bu heç-heçə ilə Millətlər Liqasında birinci olmaq şanslarımız demək olar ki, çox azaldı. Farer Adaları ilə evdə  və Kosovo ilə səfərdə finala  bərabər matç. Çox çətin olacaq, ümid sonda ölür, amma inam çox azdır.

Əslində ümidlər Malta ilə səfərdəki heç-heçədən sonra azalmışdı. Farer adaları ilə zəif oyunun fonunda qazanılan qələbə ikinci nəfəs kimi idi. Lakin Malta bu sevincin çox çəkməsinə imkan vermədi. Adalılardan gələn zərbə komandamızı çətin duruma saldı.

Malta ilə matçdan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov bəzi suallara verdiyi cavablar yəqin ki, hamıda şübhə oyada bilər. Məsələn, Kamran Ağayevin Farer adaları ilə oyunda etdiyi səhvlərdən sonra yenidən çərçivədə dayanması təbii ki, birmənalı qarşılana bilməzdi. Mövsümü yaxşı keçirən Səlahət Ağayevə də şans verilməli idi.

Bu barədə verilən suala cavab isə belə idi: “Kamranın təcrübəsi daha çoxdur”.

Düzdür, vacib turnirdə bu amil önəmlidir, amma Kamran göstərdi ki, Malta ilə matça da hazır deyil. Yenə də ən azı 3 səhvlə yadda qaldı. Hansı ki, həmin səhvlər vurulan qollarla nəticələnə bilərdi. Elə rəqibin vurduğu qolda da Ağayevin inamsız çıxışının az da olsa, “əməyi” var idi.

Digər sual isə “Neftçi”nin futbolçuları ilə bağlıdır. Onlara daha az şans verilməsinin Bakı klubunun azarkeşləri tərəfindən etirazla qarşılandı.

Qurbanov həmin futbolçuların oynamamasını çempionatda meydana az çıxmaları ilə əlaqələndirdi. Bəs, görəsən vəziyyət necədir?

Səlahət Ağayev çempionatın bütün oyunlarında tam meydanda olub.

Məhəmməd Mirzəbəyov - 7 oyun, 630 dəq.
Tural Axundov - 7 oyun, 548 dəq. 3 assist.
U-21-də olan Anton Krivotsyuk - 6 oyun, 540 dəq. 1 qol.
Emin Mahmudov - 6 oyun, 469 dəq, 2 qol
Mirabdulla Abbasov - 7 oyun, 389 dəq. 2 qol, 3 assist (milliyə dəvət almayıb)

Krivotsyukla millidə çıxış edən Rahil Məmmədovu müqayisə edən birincini daha etibarlı və faydalı futbolçu adlandıra bilərik. Bunu görmək üçün onun “Neftçi”də çıxış etdiyi oyunlara nəzər salmaq kifayətdir. Hər halda Malta millisi “Qəbələ”dən, “Sumqayıt”dan daha güclü komanda deyil.

Çempionatda sonuncu qolunu 2-ci turda “Səbail” vuran Mahir Mədətovun daim heyətdə oynadığını nəzərə alsaq, Mirabdulla Abbasovun yığmaya çağırılmamasına bir ad verə bilmərik. Demək olar ki, hər matçda “Neftçi”də qol vuran və ya assist edən futbolçunun dəvət almaması haqlı etirazlarla qarşılandı.

Bütün bunlara baxmayaraq yığmanın bu vəziyyətə düşməsi Qurban Qurbanovun günahı deyil. Əgər Almaniya 3-cü liqasında çıxış edən Rüfət Dadaşovu milli üçün əla futbolçu adlandırırqsa, bunun səbəbi ölkə futboludur. 2004-2005-ci ildən bu tərəfə başlayan futbol dalğasından 13-14 il keçməsinə baxmayaraq, heç bir futbol akademiyasından millini irəli aparacaq futbolçu çıxmırsa, bunun günahkarı tam olaraq Qurban Qurbanov olmasa da, onun da payı var.

Uşaq futboluna daim diqqət ayırmalı olduğumuzu deyən çalışdırcının “Qarabağ”ın aşağı yaş qruplarından görəsən xəbəri varmı?

Parakəndə şəkildə Tofiq Bəhramov adına Respublika stadionunun sünit örtüklü meydançalarında məşq edən uşaqların gələcəyinin parlaq olmasına inam yoxdur. Yalnız əsas komandanı düşünərək baza inşa edən klubun gələcəkdə akademiyanın üzvləri ilə uğur qazanacağına inanmaq da mümkün deyil.

Və yaxud ümumi uşaq futboluna nəzər salsaq, aşağı yaş qruplarında AFFA-nın təşkil etdiyi liqaların vəziyyəti ürəkaçan deyil. Uşaq komandaları arasında böyük uçurumlar var. Əgər onların çempionatına nəzər salsaq, 10:0, 11:0, 12:0 kimi böyük hesabların qeydə alınması, zəif tərəfin gələcəyini sual altına qoyur.

Üstəlik, çempionatın oyunlarının əksəriyyəti “Dalğa Arena”dakı süni örtüklü meydançada keçirilir ki, həmin vaxt orada uşaqlar üçün havanın temperataturu çox aşağı olur. Soyuq havalar üçün üstüörtülü stadionların tikilməməsi də uzun müddətdir problem olaraq qalır.

Bütün bu amillər bundan sonrakı 10 ilin də bu cür keşməkeşli keçəcəyinin siqnallarıdır.