Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev "Krılya Sovetov"un heyətində Rusiya Premyer Liqasında ardıcıl üçüncü oyunda qol vurub.

"Report"un məlumatına görə, 23 yaşlı hücumçu bu dəfə XX turun "Anji" ilə səfər matçında fərqlənib.

O, 2:0 hesabı ilə qalib gələn komandasının ikinci qolunun müəllifi olub. 63-cü dəqiqədə meydana daxil olan Şeydayev 88-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Matçda birinci qol isə Azərbaycan əsilli Aleksandr Səmədovun ötürməsindən sonra vurulub.

Bununla da, "Krılya Sovetov" "Anji" ilə matçlarda məğlubiyyətsiz oyunlar seriyasını 7-yə çatdırıb. Mahaçqala komandası sonuncu dəfə Samara təmsilçisinə 24 avqust 2014-cü ildə qalib gəlib - 2:1.

"Krılya Sovetov" həm də 19 oyundan 24 xalla turnir cədvəlində 10-cu pilləyə yüksəlib. Növbəti görüşdə rəqib Tula "Arsenal"ı olacaq. Oyun martın 29-da Samarada keçiriləcək.

Qeyd edək ki, bu gün Ramil Şeydayevin 23 yaşı tamamlanıb.