Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirinin ilk turunda üz-üzə gələn Şəhriyar Məmmədyarovla rusiyalı Aleksandr Qrişuk arasındakı oyun heç-heçə yekunlaşıb.
"Report" turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, oyundan dərhal sonra şahmatçılar mətbuat konfransında qarşılaşma haqqında fikirlərini bildiriblər.
A.Qrişuk heç-heçə ilə razı olduğunu vurğulayıb: "Bir az yorğun idim. Nəticədən razıyam. Astanada keçirilən yarışda istirahət etmədiyimi düşünürəm. Nə qədər oyun varsa, o qədər istirahət etmək lazımdır".
Ş.Məmmədyarov son dəfə belə tez zamanda heç-heçəni dünya kubokunda Sergey Karyakinə qarşı oynayarkən əldə etdiyini deyib. Şahmatçı onun üçün mövsümün əsas hissəsinin maydan başlayacağını bildirib: "Belə turnirlərin çox olması mənim üçün normaldır. Bu il mənim ən çox oynayacağım il olacaq. İl ərzində yüz klassik partiyada oynamağı planlaşdırıram.
Şəmkir kimi turnirlərdə hər bir oyun məndən enerji aparır. Çalışıram gücümü qoruyum. Heç-heçə vəziyyəti varsa, heç-heçə edirəm. Bu, nomaldır. Burada heç bir sirr yoxdur".