“9 il oynadığım “Qarabağ”dan, ikinci evimdən ayrılmaq asan olmadı”.

Qol.az-ın məlumatına görə, bu sözləri bir neçə gün öncə “Qarabağ”dan ayrılaraq ABŞ-ın “Kosmos” klubuna keçən Ansi Aqolli Albaniya mətbuatına müsahibəsində deyib. Nyu-York təmsilçisinə keçidini şərh edən 36 yaşlı müdafiəçi bu komandanı seçməsinin səbəbini açıqlayıb:

“Ailəm bir neçə ildir ABŞ-da, Nyu-Yorkda yaşayır. Odur ki, bu variant onların yanında olmaq və sevdiyim işi davam etdirmək üçün yaxşı imkan yaratdı. Bundan başqa, “Kosmos” klubunun vitse-prezidenti Co Baronun əzmi və komanda ilə bağlı gələcək planları da mənim bura gəlməyimə təsir etdi. Bu, gələcəkdə mənə xidmət edəcək futbol dünyasına girməyim üçün yaxşı fürsət oldu”.

Aqolli “Kosmos” klubu ilə bağladığı müqavilənin müddəti ilə bağlı məlumat versə də, digər detalları gizlədib: “Müqaviləm 1 illikdir. Ümumilikdə, sözləşmə şərtlərindən razıyam. Məni bu təklifi düşünməyə və qəbul etməyə vadar edən bir çox səbəb var idi. Amma xahiş edirəm, detallar barədə soruşmayın. Menecerim bu yöndə böyük işlər gördü, ona təşəkkür etməliyəm”.