Orlov vilayətindən olan 15 yaşlı məktəbli Arseni Turbin Rusiya Azadlıq Legionuna üzv olmaq və Vladimir Putini tənqid edən vərəqələr yaymaqda ittiham edilərək, 5 il həbsə məhkum edilib.
Axar.az xəbər verir ki, bu barədə “Memorial” hüquq müdafiə təşkilatı məlumat yayıb.
Bildirilib ki, 2023-cü il avqustun 29-da FTB əməkdaşları Turbinin valideynləri ilə birlikdə yaşadığı Livni şəhərindəki mənzildə axtarış aparıblar.
Sentyabrın 5-də o, həbs edilib, ertəsi gün isə məktəbə getməsi üçün ev dustaqlığına buraxılıb. 2024-cü il mayın 31-də onun barəsində həbs qətimkan tədbiri seçilib. İddia edilib ki, “müxalifət nəşrlərinin təsiri altı”nda 2023-cü il iyunun əvvəlində 14 yaşlı Turbin Rusiya Azadlıq Legionunun Teleqram platformasına yazıb və üzvlük ərizəsi doldurub. Daha sonra isə “terror təşkilatı”nın üzvü kimi 2023-cü ilin iyun-iyul aylarında qonşuların poçt qutularına “Bu cür prezident lazımdırmı?” yazısı olan vərəqələr atıb.
Yeniyetmə özü bildirir ki, o, legiona qoşulmayıb, heç kimin göstərişi ilə deyil, öz əqidəsini rəhbər tutaraq vərəqələr paylayıb.