Aprelin 4-də SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun qurğularının bir hissəsinin planlı profilaktika işləri üçün müvəqqəti dayandırılması prosesi başlayıb.
Bunu Trend-ə SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov deyib.
"Əvvəl də elan etdiyimiz kimi, zavodda planlı işlərdən sonra Avro-5 standartına uyğun dizel istehsalının başlaması üçün lazım olan əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınması nəzərdə tutulur. Bu, zavodun modernləşdirilməsi çərçivəsində həyata keçirilir", - deyə o bildirib.
Eyni zamanda, İ.Əhmədovun sözlərinə görə, SOCAR-ın "Azərikimya" İstehsalat Birliyi də profilaktika işləri üçün aprelindən 5-dən işini dayandırır.
"Hər iki müəssisənin paralel dayanması onların vahid qiymət formalaşması zəncirində qarşılıqlı əlaqəsi ilə bağlıdır. Belə ki, neft emalı zavodu "Azərikimya" üçün əsas xammal mənbəyidir" - İ.Əhmədov deyib.
Qeyd edək ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda Avro-5 standartına uyğun yanacağın istehsalının 2023-cü ilin ikinci yarısından başlaması gözlənilir.