Rusiya ordusu qoşunların bir hissəsini Donetsk və Luqansk vilayətlərinin ərazilərinə köçürür və səylərini bu istiqamət üzərində tam nəzarətin yaradılmasına yönəldir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
“Düşmənin əsas səyləri işğal olunmuş ərazilərin saxlanmasına, müəyyən istiqamətlərdə hücum əməliyyatlarının bərpasına hazırlığa və Donetsk və Luqansk vilayətlərinin ərazisinə tam nəzarətin yaradılmasına yönəlib. Rusiya Şərq əməliyyat zonasında hücum həyata keçirmək üçün silahlı qüvvələrinin yenidən qruplaşdırılması üçün tədbirlər görür. Düşmənin qoşun və texnikasının bir hissəsinin dəmir yolu ilə Belarus ərazisindən Rusiya ərazisinə keçirilməsi qeydə alınıb”, - məlumatda deyilir.
Baş Qərargah əlavə edib ki, Rusiyanın Ukraynanın hərbi-sənaye kompleksi obyektlərinə və logistika infrastrukturuna raketlərdən zərbə endirməsi təhlükəsi qalmaqdadır.
“Poleyskie istiqamətində rus ordusunun əsas səyləri bölmələrin Ukrayna ərazisindən çıxarılmasına, döyüş qabiliyyətinin bərpasına və yəqin ki, başqa istiqamətlərə keçirilməsinə yönəlib. O cümlədən, düşmən 35-ci, 36-cı əlahiddə ümumqoşun ordusunun bölmələrini və hava desant qoşunlarının 76-cı hava desant hücum diviziyasını Poleyski əməliyyat zonasından hərəkətə gətirir”.