Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları müxalifət lideri Boris Nemtsovun qətlindən bir il əvvəldən onu mütəmadi izləyiblər.
Axar.az xəbər verir ki, bu barədə “Bellinqkat”, “İnsayder” və BBC-nin birgə apardığı yeni araşdırmada deyilir.
Araşdırmaya görə, Valeri Suxarev adlı şəxs Boris Nemtsovu ölkə daxilində səfəri zamanı ən azı 13 dəfə təqib edib. Sonuncu təqib siyasətçinin öldürülməsindən cəmi 10 gün əvvəl olub. Sözügedən şəxsin adı həm də müxalifətçilər Aleksey Navalnı, Vladimir Kara-Murza və Dmitri Bıkovun zəhərlənməsi ilə bağlı hadisələrdə hallanıb. Sübutlar onu göstərir ki, Suxarev FTX-nin zabitidir.
Bildirilir ki, Nemtsov Rusiya Prezidenti Vladimir Putinə qarşı sanksiyaların genişləndirilməsinin lehinə danışdıqdan dərhal sonra izlənilib. 2014-cü il yanvarın sonunda Nemtsov ABŞ-ın respublikaçı senatorları Con Makkeyn və Ron Consonla görüşüb və Putinin ətrafından 13 nəfərin qara siyahıya salınması üçün adlarını verib.
Qeyd edək ki, Çeçenistan lideri Ramzan Kadırovun alaylarından birinə Boris Nemtsovun qətlində əli olduğu bilinən Ruslan Geremeyev rəhbərlik edir.
Boris Nemtsov 2015-ci il fevralın 27-də Moskvada qətlə yetirilib.