Türkiyənin nəzarət etdiyi “Zeytun budağı”, "Fərat qalxanı" və "Sülh çeşməsi" əməliyyat zonasında sabitliyi pozmağa cəhdlər hələ də davam edir. Son dönəmdə isə bu hücumlar daha da artıb.
Axar.az xəbər verir ki, bu barədə Suriya üzrə türkiyəli ekspert Oytun Orxan danışıb.
"Tel-Rıfat, Menbiç və Eyn-İsa bölgəsində YPG/PKK terrorçularının varlığına son qoyulmadıqca, terror təhdidi və hücumları davam edəcək. Türkiyə bu günə qədər Rusiya başda olmaqla, apardığı müzakirələrdən bir nəticə əldə edə bilməyib.
Xüsusilə, Co Baydenin iqtidara gəlişi ilə YPG-nin müdafiə siyasəti yürüdəcəyi gözlənilir. ABŞ terror hücumlarını dəstəkləmədiyini bildirsə də, YPG-nin zərərsizləşdirilməsində Türkiyənin qarşısında ən böyük əngəldir. Bu quruluşun yaradılmasında baş memar ABŞ-dır. Dolayısı ilə ABŞ-ın terrorçuların qarşısını almaqda heç bir addım atmayacağını bilirik.
ABŞ Suriya Demokratik Qüvvələrinin komandiri Fərhad Abdi Şahin vasitəsilə YPG-ni qanuniləşdirməyə çalışır. Ancaq bu səylərə baxmayaraq, YPG-ni PKK-dan ayırmaq mümkün deyil və təşkilat hədəfə çatmaq üçün ən yaxşı bildiyi üsuldan istifadə etməyə davam edəcək. ABŞ terrorçulardan istifadə edərək Türkiyənin müqavimətini qırmağa çalışacaq", - O.Orxan qeyd edib.