Yaxın zamanlarda Azərbaycan Ordusunun hərbi gücü yalnız artacaq.
Buna isə ölkənin özünün iqtisadi kompleksi ilə bərabər, Türkiyə ilə hərbi-siyasi ittifaqı da şərait yaradacaq.
Axar.az xəbər verir ki, bu sözlər rusiyalı hərbi icmalçı Mixail Xodaryonokun “Gazeta.ru” saytındakı məqaləsində yer alıb. Onun sözlərinə görə, Azərbaycanın proseslərdə mövqeyinin güclənməsinə onun coğrafi mövqeyi də təsir göstərəcək.
Xodaryonok Bakı və Ankara arasında hərbi-texniki əməkdaşlığın artan xətlə yüksələcəyini deyib.
Ermənistanın vəziyyətinə diqqət yetirən hərbi icmalçı onun geosiyasi tələdə olduğunu və ölkəni xarici dünya ilə qonşularının iradəsindən kənar şəkildə birləşdirəcək quru və hava yolunun olmadığını bildirib:
“Ermənistan əhalisinin bundan sonra da azalması ilə bağlı davamlı tendensiya olacaq. Ölkə iqtisadiyyatı da həmçinin yüksək artım templəri nümayiş etdirmir.
İrəvanın döyüş qabiliyyətli ordu yaratmaq imkanları hər il daha da azalır. Əvvəla ona görə ki, kifayət qədər həcmdə müasir silah, hərbi texnika almaq üçün vəsaiti yoxdur. İkincisi isə İrəvanın KTMT üzrə müttəfiqi Rusiya Ermənistana kreditlə kifayət qədər silah tədarük edə bilmir. Xüsusilə də pulsuz əsasda bu, qeyri-mümkündür. Digər mümkün tədarükçülərə gəlincə isə onlarla yalnız real pullarla hesablaşmaq lazımdır ki, bu da Ermənistanda yoxdur”.
Xodaryonok Dağlıq Qarabağdakı erməni hərbi dəstələrinin yarıpartizan dəstə görüntüsündən heç vaxt kənara çıxa bilməyəcəklərini söyləyib.
Rusiyanın bölgədəki prosesə təsirinə gəlincə isə hərbi icmalçının fikrincə, hazırda Moskva o gücdə deyil ki, prosesə tam təsir edə bilsin:
“Bir tərəfdən Moskva İrəvanın KTMT üzrə müttəfiqidir. Digər tərəfdən isə Kremlin Bakı ilə münasibətləri çətinləşdirmək üçün heç bir səbəbi yoxdur. Bununla bərabər Rusiya ərazisində çoxsaylı azərbaycanlı diasporları var və onlar ölkənin iqtisadiyyatına güclü şəkildə inteqrasiya olunublar. Üstəlik, Moskva hazırkı mərhələdə iqtisadi, maliyyə və hətta hərbi baxımdan bu regionda öz dominantlığını bərpa edəcək formada güclü deyil. Bu faktla ölkə strateqləri və analitiklərinin hesablaşması lazımdır”.