Sülhməramlıların işi münaqişə tərəflərinin mülki administrasiyalarının münasibətləri ilə bağlı məsələlərlə məşğul olmaq deyil, silahlı münaqişəni neytrallaşdırmaqdır. Hazırda azərbaycanlıları narahat edən mülki məsələlərlə isə Rusiya-Türkiyə Monitorinq Mərkəzi məşğul olacaq.
Bu barədə Axar.az-a açıqlamasında Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, "Rusiya zabitləri" ekspert şurasının üzvü Aleksandr Perenciyev deyib.
“Sülhməramlılar Azərbaycan TIR-larının Kəlbəcərə yolunun bloklanması və buna oxşar məsələlər barədə yuxarı orqanlara məlumat verirlər. Yəni, bu cür konfliktlərin həll edilməsi sülhməramlıların səlahiyyətlərinə və sülhyaratma funksiyasına daxil deyil. Onlar hərbi silahlı qarşıdurmaların neytrallaşdırılması ilə məşğul olmalıdırlar. Rusiya sülhməramlılarının “artsax” sözündən istifadə etməsi isə o demək deyil ki, onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmirlər. Onların bu sözdən istifadəsi Qarabağın erməni əsilli sakinləri ilə qarşılıqlı əlaqədə baş verir”, - o bildirib.
Ekspertin sözlərinə görə, hansı sözün işlədilməsinin hansı anlam kəsb etməsi siyasətçilərə, diplomatlara aiddir:
“Əgər Azərbaycan tərəfinin bununla bağlı hər hansı iradı varsa, o, bunu rəsmi olaraq sülhməramlı kontingentin rəhbərliyinə və Rusiya rəsmilərinə bəyan etməlidir. Yeri gəlmişkən, məhz bu cür konfliktlərin həlli məqsədilə Rusiya-Türkiyə Monitorinq Mərkəzi yaradılıb. Hər hansı TIR-ın hərəkətinin bloklanması, müxtəlif terminlərin istifadəsi, eləcə də bir çox iqtisadi və təsərrüfat məsələlərinin öyrənilməsi və həll edilməsi bu mərkəzin birbaşa vəzifəsidir. Bundan əlavə, sözügedən mərkəz münaqişənin həlli istiqamətində qarşıdurmanın tərəfləri və vasitəçilər üçün tövsiyələrini fomalaşdırmalıdır. Anlamalıyıq ki, Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarına qarşı irəli sürdüyü tələbləri, gözləntiləri və iddiaları onların hüquqi statusu ilə əlaqəli deyil. Bütün bu tələblər Rusiya-Türkiyə Monitorinq Mərkəzinə, eləcə də Rusiya və Ermənistan xarici siyasət idarələrinin başçılarına ünvanlanmalıdır”.