Bax, Vaşinqtonda parlamenti ələ keçirmişdilər. Bu insanlarla nə edirlər? Federal Təhqiqatlar Bürosunun rəhbərlərindən birinin dediyi kimi: Bizim əllərimiz uzundur, hər kəsə əlimiz çatar, hər kəsi içəri atarıq. 15 yaşdan 25 yaşadək, daxili terrorçuluğa görə.
Axar.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin yanvarın 23-də keçirilən ölkə boyu keçirilən mitinqləri şərh edərkən söyləyib.
“ABŞ-da da siyasi şüarlarla çıxmışdılar. Ancaq qanundan kənar. Bəs bizdə niyə qanundankənar hərəkətlərə icazə verilməlidir? Yox. Xüsusilə yetkinlik yaşına çatmayanları irəli itələmək olmaz. Terrorçular da özündən irəliyə qadın və uşaqları çəkirlər. Buna görə bir daha demək istəyirəm: bütün insanların siyasi fəaliyyət göstərmək, fikirlərini bildirmək, fikirlərini ictimai şüurda təbliğ etmək hüququ var. Ancaq qanun çərçivəsində. Həmçinin hüquq-mühafizə orqanları qanun çərçivəsində fəaliyyət göstərməlidir. Onlar da Rusiya xalqına və dövlətinə xidmət etmək vəzifələrini qanun çərçivəsində yerinə yetirməlidirlər. Ümid edirəm, bu şəkildə uğur qazanacağıq. Heç kim, xüsusən siyasət sahəsində öz iddialı hədəf və məqsədlərini müdafiə etməyə çalışaraq onlara (qanundan kənar hərəkətlərə - red.) müraciət etməməlidir. Siyasət belə deyil, hər halda söhbət məsuliyyətli siyasətdən gedir”, - o vurğulayıb.
Xatırladaq ki, yanvarın 18-də Korrupsiya ilə Mübarizə Fondunun qurucusu, rusiyalı müxalif bloger Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. Ona maliyyə fırıldaqçılığı və sınaq müddətini dəfələrlə pozmağa görə 10 ilədək həbs cəzası verilə bilər. Bloger bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə gerçəkləşdiyini iddia edir.
A.Navalnının həbsindən 1 gün sonra onun Yutub kanalında Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və sarayı barədə 2 saatlıq sənədli film yayımlanıb. Video qısa zamanda 86 milyondan çox izlənib və Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb. Yanvarın 23-də müxalifətçinin həbsinə etiraz olaraq Rusiyanın bütün bölgələri, həmçinin Avropanın bir çox şəhərlərində kütləvi mitinqlər keçirilib. Hüquq-mühafizə orqanları mitinqin razılaşdırılmadığını əsas gətirərək nümayişçilərə qarşı sərt müdaxilələr edib, minlərlə insanı həbs edib.