Fransa Prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana məktub yazaraq onunla görüşmək istədiyini bildirib. Bu gedişat həm Ankaranın, həm də Bakının maraqlarına uyğundur. Makron ilk gündən Türkiyə əleyhinə addımlar atdı, islamafob çağırışlar etdi. Bunun qarşılığında Ərdoğan Makronu sərt tənqid etdi. Fransa bu qarşıdurmadan heç nə qazanmadı, əksinə itirdi.
Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Makron bu addımı ilə “siyasətdə əbədi düşmənlər olmur” prinsipindən çıxış edərək, Ankara ilə münasibətləri normallaşdırmağa qərar verib:
“Makron Türkiyənin bölgədə artan gücü ilə hesablaşmaq məcburiyyətində qalıb. Ərdoğan da Makronla onlayn formatda görüşməyə hazır olduğunu deyib.
Makron-Ərdoğan dialoqu Ermənistana və Fransadakı erməni lobbisinə zərbə ola bilər. Ermənilər bir müddət Makronun Türkiyə və Ərdoğan əleyhinə siyasətindən faydalanmağa çalışdılar. Ancaq ermənilər bundan nəticə əldə etmədilər. Türkiyə ilə düşmənçiliyin Fransaya faydası yoxdur. Böyük Britaniya və İtaliya Fransanın yolunu tutmadılar, Türkiyə ilə hesablaşdılar, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdılar. Fransa isə müharibədə Ermənistana siyasi və diplomatik dəstək verməklə Azərbaycanla da münasibətlərə zərbə vurdu”.
Politoloq qeyd edib ki, Makronun Ərdoğanla münasibətləri düzəltmək cəhdi Parisin Bakı ilə də dialoqa başlaması imkanlarını artırır:
“Ermənilər anlamalıdırlar ki, böyük dövlətlər bölgənin aparıcı ölkələri olan Türkiyə və Azərbaycanla düşmən olmaq istəmirlər, əməkdaşlığın yollarını axtarırlar.
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib ki, bölgə ölkələri ilə iqtisadi əməkdaşlıqdan faydalanmaq mümkündür. Eyni zamanda Paşinyanın partiyasının üzvləri deyirlər ki, bundan sonra revanş və müharibə mümkün deyil, qonşularla normal münasibətlər qurmaq lazımdır. Ağıllanırlarmı? Yaxın gələcək göstərəcək”.