İsraillə Azərbaycanın bir-birinə ehtiyacı var və ötən il bunu bir daha təsdiqlədi. Ölkələrimiz arasında iqtisadi əlaqələr güclənir.
Axar.az xəbər verir ki, bu sözləri “Soxnut” yəhudi agentliyinin Azərbaycandakı fəxri səfiri, Azərbaycan Yazıçılar Birliyinin İsrail bölməsinin rəhbəri, politoloq Roman Qureviç söyləyib.
O bildirib ki, 2020-ci il bəlalar gətirməsinə baxmayaraq, yaxşı xəbərlər və tarixi nailiyyətlərlə də yadda qaldı:
“Ən çətin şərtlər altında 44 gün davam edən döyüşlər nəticəsində tarixi bir qələbə qazanıldı və ölkənin ərazi bütövlüyü bərpa edildi. Azərbaycan xalqının Vətən müharibəsindəki bu qələbəsi tarix kitablarına həm XXI əsrdə yüksək peşəkarlıqla aparılan müharibə baxımından, həm də ədalətin qələbəsi kimi yazılacaq”.
Qureviç hər şeyə rəğmən öz komandası ilə birlikdə dost Azərbaycanın yanında olduğu üçün şərəf duyduğunu dilə gətirib:
“Ürəyə əmr etmək mümkün deyil. Vətən müharibəsi zamanı dünya mediasında Azərbaycanın ədalətli mövqeyini müdafiə etmək üçün mənə məxsus “Qureviç kommunikeyşns” (Gurevich communications) PR agentliyinin bütün resurslarını, əməkdaşlarını səfərbər etmək mənim üçün böyük şərəf idi.
Biz ingilis, ivrit və rus dillərində onlarla məqalə, video-reportaj, müsahibə və radio buraxılışları təşkil edirdik. Əsas auditoriyamız İsraildə olsa da, televiziya və internet Azərbaycanda və dünyanın onlarla ölkəsində minlərlə insanı buraya cəlb edib. Sözsüz ki, biz könüllü və ümumi iş naminə ürəkdən işləmişik”.
Politoloq, həmçinin qeyd edib ki, Azərbaycanda antisemitizm yoxdur və olmayıb:
“Ölkənin yəhudi icması həmişə Azərbaycanda layiqli hörmət və ehtiram görüb. Yəhudilər çoxmillətli Azərbaycan xalqının ayrılmaz hissəsi olub və qalırlar. Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunova ölümündən bir müddət öncə Qarabağdakı bir döyüşdə “yəhudini bu torpaq uğrunda döyüşməyə vadar edən nədir" sualı verildikdə, o, “mən burada doğulmuşam! Burada böyümüşəm! Ailəm və dostlarım burada yaşayır! Bura mənim evimdir. Başqa heç bir şey məcbur etmir!” deyə cavab vermişdi.
Buna görə də Azərbaycanda doğulub-böyüyən bir çox yəhudi bu gün yaşadıqları hər yerdə Azərbaycana məhəbbət bəsləyirlər”.