London Məhkəməsi “Wikileaks”in qurucusu Culian Assanjın girov müqabilində azadlığa buraxılması ilə bağlı müraciəti rədd edib.
“Qafqazinfo” xəbər verir ki, məhkəmə imtina qərarı vermə səbəbini Assanjın əvvəllər girov müqabilində azadlığa buraxılma şərtlərini pozması ilə əsaslandırıb. O, məhkəmə tərəfindən ekstradisiya ilə bağlı ABŞ apelyasiya müraciətinə baxılana qədər həbsxanada qalacaq. Bu prosesin isə aylar çəkəcəyi ehtimal olunur.
Xatırladaq ki, daha əvvəl London Mərkəzi Cinayət Məhkəməsi C. Assanjın ABŞ-a ekstradisiya olunması ilə bağlı müraciəti də rədd etmişdi.
Qeyd edək ki, Culian Assanj 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edib. 2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınıb və 7 ilə yaxın orada gizlənib.
11 aprel 2019-cu ilin səhəri ABŞ-ın istəyi ilə London polisi tərəfindən saxlanılıb. Ekstradisiya məhkəməsi 2 may 2019-cu ildə başlayan Assanja qarşı daha sonra ABŞ tərəfindən casusluq və gizli məlumatların açıqlanması qanunlarının 17 maddəsi ilə əlaqədar yeni ittihamlar irəli sürülüb. ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə Assanjı 175 ilə qədər həbs cəzası gözləyir.