Bakı Dövlət Universitetində (BDU) 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələrin bilik və bacarıqlarını nümayiş etdirməsi üçün bütün şərait yaradılacaq. COVID-19 pandemiyasının tədrisdə yaratdığı çətinlikləri, Vətən müharibəsi dövründə onlayn dərslərin təşkilində yaranmış texniki problemləri, cəbhə bölgəsində yaşayan tələbələrin, habelə onlayn dərslərə qoşulmaqda çətinliklərlə üzləşən, onlayn dərslərə müntəzəm qoşula bilməyən tələbələri nəzərə alaraq bütün təhsilalanlar üçün güzəştlər tətbiq ediləcək.
Bu barədə Axar.az-a BDU-dan məlumat verilib.
Bildirilib ki, universitetin Elmi Şurasının iclasında ötən imtahan sessiyasında olduğu kimi, bu dəfə də tələbəyönümlü qərarlar qəbul edilib. Belə ki, mövcud şəraitə uyğun olaraq bütün tələbələrin cari semestrdə tədris olunan fənlər üzrə imtahanlara buraxılması qərara alınıb. Cari qiymətləndirmədə bütün tələbələrə davamiyyət və sərbəst işlər üçün ümumilikdə 20 bal (hər biri 10 bal olmaqla) veriləcək, tələbənin semestr ərzində biliyi isə 30 baladək qiymələndiriləcək.
Bütün fənlər üzrə imtahan sualları məzmun və əhatəlilik əsas götürülərək sadələşdiriləcək və ixtisasın tədris planında fənnə ayrılmış saatların miqdarından asılı olaraq 20-30 faiz azaldılacaq.
Bakalavr və magistratura səviyyələrinin bütün kurslarında 1 fənn üzrə ümumi qiymətləndirilmə tələbənin cari imtahan sessiyasında əldə etdiyi nəticələrə (ümumi orta müvəffəqiyyət göstəricinə) uyğun olaraq aparılacaq. Belə qiymətləndirmə ilə razılaşmayan və həmin fəndən imtahan vermək istəyən tələbələr üçün mövcud qaydalar əsasında imtahanlar təşkil ediləcək.
Sessiya imtahanları 2021-ci il yanvarın 11-dən başlayaraq distant (məsafədən) olaraq şifahi formada təşkil ediləcək. Nəticələr imtahanın gedişində tələbələrə elan ediləcək. Qiymətləndirmə ilə razılaşmayan tələbələrin müraciətlərinə imtahan prosesinin sonunadək rektorun nümayəndəsi, fakültə dekanı, müvafiq kafedranın müdiri və fənn müəlliminin iştirakı ilə yenidən baxılacaq. Mövcud vəziyyətlə əlaqədar olaraq, tələbələrin şikayət və təkliflərinə həssaslıqla yanaşılacaq, hər bir hal üzrə müraciət BDU rektorunun yanında yaradılmış Apelyasiya Komissiyasında dəqiq və operativ şəkildə araşdırılaraq cavablandırılacaq, imtahanların təşkilində və gedişində nöqsanlara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Müəyyən səbəblərdən tədris materiallarını mənimsəməyən və ya imtahan sessiyasında onlayn iştirak edə bilməyən tələbələr üçün də bütün şərait yaradılacaq. Bu qəbildən olan tələbələr üçün 2021-ci ilin yanvar ayının sonunadək distant formada və ya “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na riayət etməklə ödənişsiz əsaslarla icmal mühazirələr təşkil olunacaq və növbəti semestr başlayanadək imtahan vermələri üçün müvafiq şərait yaradılacaq.