Hərbi ekspert, “Natsionalnaya Oborona” (Milli Müdafiə) jurnalının baş redaktoru İqor Korotçenko Bakıda ənənəvi keçirilən ADEX Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə bağlı müsahibə verib.
Axar.az müsahibəni təqdim edir.
- Rusiyanın “Natsionalnaya Oborona” jurnalı ADEX sərgisini dəstəkləyən ilk xarici tərəfdaşlardan biridir. Siz bu sərgilərdə olmusunuz. Təəssüratlarınızı bölüşə bilərsinizmi?
- ADEX sərgisi beynəlxalq ekspert və jurnalistlərdə, eləcə də bu silah sərgisində iştirak etmiş Rusiya müdafiə sənayesinin nümayəndələrində xoş təəssürat yaradıb. Öncə qeyd etmək lazımdır ki, həmin sərgi bu qəbildən olan tədbirlər üzrə yüksək meyarlara tam cavab verir. Sərgi yüksək səviyyəli hazırlıq, yaxşı maddi-texniki təchizat, məkan və ən əsası, həm Azərbaycan hərbi sənaye kompleksinin, həm də dünyanın aparıcı hərbi sənaye şirkətlərinin malik olduğu imkanların genişmiqyaslı təqdimatıdır. Yəni deyə bilərik ki, Bakıda keçirilən ADEX sərgisi təqdim olunan ekspozisiyaların miqyası və təşkilatçılıq səviyyəsi baxımından bu gün dünya səviyyəli tədbirlərdən biridir. Əminəm ki, bu sərginin nüfuzu getdikcə artacaq və ADEX sərgisi müasir silahların aparıcı alıcıları və istehsalçılarının görüşərək danışıqlar aparacağı, müqavilələr imzalayacağı platformalardan birinə çevriləcək.
- Müasir ordu quruculuğu və ordunun modernləşdirilməsi prosesində müdafiə sərgiləri nə kimi rol oynayır?
- Ümumilikdə, müdafiə sərgiləri müasir ordu və donanmanın yaradılmasında və modernləşdirilməsində çox vacib rol oynayır. Bu, ilk növbədə, onunla bağlıdır ki, belə tədbirlər silah alıcıları və istehsalçıları arasında birbaşa dialoqa imkan yaradır. Sərgilərə gələn nümayəndə heyətlərinin əsas hədəfləri odur ki, müəyyən silah seqmentində ən yaxşı məhsulu görmək, müasir silahların texniki xüsusiyyət və imkanları barədə suallar vermək və əlbəttə ki, həm ilkin, həm də artıq müqavilələrin imzalanması ilə nəticələnən danışıqlar aparmaqdır. Sözsüz ki, bütün dünyada silah sərgiləri həm də bu cür tədbirlərə ev sahibliyi edən ölkənin nüfuzunu göstərir. Bu baxımdan, Azərbaycanın yüksək beynəlxalq nüfuzu bu gün müasir dünyada keçirilən aparıcı silah sərgilərindən biri olan ADEX sərgisinin nüfuzu ilə daha da möhkəmlənir.
- Qlobal müdafiə sənayesinin inkişafını necə görürsünüz və yaxın gələcəkdə keçiriləcək sərgilərdə, xüsusən də ADEX -2022 sərgisində hansı ekspozisiyaları görə bilərik?
- Əlbəttə, bu gün qlobal müdafiə sənayesinin inkişafı koronavirus pandemiyası səbəbindən ciddi şəkildə ləngiyir. Lakin mən tam əminəm ki, yaxın altı ay və ya maksimum bir il ərzində koronavirus problemləri dünyanın bütün ölkələrində əhalinin kütləvi şəkildə peyvəndlənməsi sayəsində həll olunacaq. Hər yerdə hərəkət və təmas məhdudiyyətləri aradan qaldırıldıqdan sonra silah sərgiləri də yenidən öz işinə başlaya biləcək, müasir silah salonu olan sərgi (əsas ölkə bazarlarında istehsalçıların marketinq və təşviqat elementi olaraq) yenidən tam fəaliyyət göstərəcək. Bu baxımdan güman edirik ki, 2022-ci ildə Bakıda keçirilməsi gözlənilən növbəti ADEX sərgisi həm Azərbaycanı, həm də bölgənin digər ölkələrini müasir silah sistemləri və hərbi texnikanın alıcısı kimi nəzərdən keçirən hər kəs üçün müasir silah bazarında güclü sıçrayış olacaq. Rusiya ADEX-2022 sərgisində böyük ekspozisiya ilə iştirak edəcək və bu ekspozisiyada Rusiyanın bütün seqmentlər üzrə ən iri silah istehsalçıları və ixracatçıları təmsil olunacaq.
Zənnimcə, bu gün İkinci Qarabağ müharibəsində qələbədən sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan etibarlı hava və kosmik müdafiə sistemi yaratmaq üçün, ilk növbədə, müasir qırıcılar, eləcə də müasir hava hücumundan müdafiə sistemləri əldə etməli və hadisələrin gedişatının geri sayımının, eləcə də Azərbaycanın maraqlarına yenidən qəsd etmək cəhdlərinin qarşısını birdəfəlik almalıdır. Bu baxımdan, artıq Azərbaycana dəyəri 5 milyard dollardan çox olan silah tədarük etmiş Rusiya Federasiyası yeni müqavilələr imzalamağa, yeni danışıqlar aparmağa və yenidən müasir silah sistemlərini təchiz etməyə, bir sözlə, Azərbaycanın təhlükəsizliyini, suverenliyini və Silahlı Qüvvələrini daha da gücləndirmək üçün lazım olan dəstəyi göstərməyə hazırdır.