Almaniya paytaxtının mərkəzində karantin əleyhinə etirazlar zamanı azı 365 nəfər saxlanılıb. “Qafqazinfo” bildirir ki, bu barədə Berlin polisi tvitterdə məlumat verib.
Nümayişlərdə ümumilikdə 10 mindən çox insan iştirak edib.
Yerli vaxtla saat 19:30-dək 365 nəfər saxlanılıb. Əməliyyatda iştirak edən 10 polis əməkdaşı xəsarət alıb.
Qeyd edək ki, Almaniyada noyabrın 2-dən karantin rejimi tətbiq edilir. Belə ki, restoran və barlar yalnız məsəfəli sifarişləri yerinə yetirir, bütün iri tədbirlər ləğv olunub. Bundan əlavə, zərurət olmadan səyahət etmək tövsiyyə olunmur, mehmanxanalarda gecəlik qalmaq qadağandır. Həmçinin bir yerə 10 nəfərdən çox toplaşmağa icazə verilmir. Teatrlar, kinoteatrlar, fitnes klublar, hovuzlar, konsert zalları fəaliyyətini dayandırıb, idman yarışları keçirilmir.