Ermənistan hökuməti hələ də lider kimi davranmaq yerinə bir provokator, manipulyator kimi davranmağa davam edir.
Bu sözləri Axar.az-a Ermənistan Prezidenti Armen Sərkisyanın həlak olan rus hərbiçilərini Ermənistan “Hərbi xidmətə görə” medalı ilə təltif etməsi barədə danışan türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.
Bu hərəkətlə Rusiya hökumətinə yaltaqlanmağın faydasının olmayacağını vurğulayan Abdullah Ağar bunları əlavə edib:
“Ermənistan hökuməti bu yolla həm Rusiyaya yaltaqlıq etmək, həm də erməni xalqına rus ordusunu və texnikasını istədiyi kimi işlədib, hətta onlara öz adından medal belə verdiklərini göstərmək istəyir. Lakin onlar anlamır ki, ruslar onun kimi özünü çoxbilmiş zənn edənləri 40 dərəyə aparar, 40 dərədən də susuz gətirər. Ermənistan hökuməti ruslardan istifadə etdiyi xülyaları ilə yaşadığı müddətdə Rusiya onlardan istədiyi kimi istifadə edir, onların isə ruhu belə duymur”.
Xatırladaq ki, 9 noyabr tarixində saat 18.30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri təsadüf nəticəsində vurulub. Azərbaycan bu səhvi etiraf edərək, zərərçəkənlərə kompensasiya ödənilməsini üzərinə götürüb və günahkarların cəzalanması üçün hadisə ilə bağlı cinayət işi açıb.
Bugün isə Ermənistan Prezidenti Armen Sərkisyan helikopterdə həyatını itirən və yaralanan hərbiçiləri, Ermənistan dövləti uğrunda heç bir fəaliyyəti olmamasına baxmayaraq, “Ermənistanın hərbi medalı” ilə təltif edib.