Maya Sandu seçkinin ikinci turunda rusiyapərəst İqor Dodon üzərində qələbə qazandı. Bu, Rusiyaya növbəti zərbədir. Rusiya illərdir Dodon vasitəsilə Moldovada keçmişdə itirdiyi mövqeləri bərpa etməyə çalışırdı. Ancaq Dodon nə qədər çalışsa da, Rusiyanın ölkəsindəki maraqlarını təmin edə bilmirdi. Çünki Moldova parlamenti və hökuməti fərqli siyasi qüvvələrin nəzarətində idi və həmin qüvvələr ruspərəst Dodonun daxili və xarici siyasətdə manevr imkanlarını məhdudlaşdırırdılar. Buna baxmayaraq, Kremlə Dodonu təsir altında saxlaması da kifayət edirdi. İndi isə durum Kreml üçün yenə tərsinə döndü.
Axar.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib.
Politoloq Moldovada baş verə biləcək prosesləri belə ehtimal edib:
1. Maya Sandu Ukraynanın yolu ilə getməyə çalışacaq. Yəni Moldovanın yeni prezidenti üçün əsas yol Avropanın təhlükəsizlik və iqtisadi institularına inteqrasiya olacaq.
2. Qonşu Ukrayna Moldova ilə əlaqələri gücləndirməyə çalışacaq. İqor Dodonun dövründə o, Rusiyanın təzyiqi ilə Ukraynadan uzaq dayanmağa çalışırdı. Maya Sandu isə əksinə, həm ölkəsi, həm də Avropanın daha çox dəstəyini qazanmaq üçün Ukrayna ilə münasibətlərdə yeni səhifə aça bilər.
3. Maya Sandunun prezident seçilməsi Azərbaycanın da xeyrinədir. Moldova GUAM-ın zəif halqası sayılırdı. Dodon GUAM-a maraq göstərmirdi. Əlbəttə, ədalət naminə demək lazımdır ki, təşkilatın özü də son illər passivləşib. Ancaq Moldovada qərbpərəst siyasətçinin prezident seçilməsiylə təşkilatda müxtəlif layihələrin icrasını genişləndirmək perspektivi açılır.