“Qarabağda gedən müharibədə Azərbaycan və Prezident İlham Əliyev mütləq qalib oldu. O bütün əraziləri geri aldı. İndi Dağlıq Qarabağ məsələsi müzakirə olunur, onun Ermənistana birləşdirilməsi, onun müstəqilliyi müzakirə olunmur. Dağlıq Qarabağın statusu Ermənistanda azğınlaşmış insanların istəyi istiqamətində dəyişməyəcək”.
“Qafqazinfo” bildirir ki, bu sözləri İsrailin dövlət xadimi, diplomat, “Nativ” xüsusi xidmətinin sabiq rəhbəri Yakov Kedmi tanınmış rusiyalı jurnalist Vladimir Solovyovun “Solovyov Live” proqramının efirində deyib.
Yakov Kedmi hesab edir ki, Ermənistan Azərbaycanla razılığa gələ və belə biabırçı məğlubiyyət olmadan müharibədən qaça bilərdi.
“İlham Əliyev müharibəyə hazırlaşan və qarşıya qoyulmuş vəzifəni həll edən mütləq qalib kimi görünür. Əlbəttə ki, İ.Əliyev birbaşa qarşıdurmada Paşinyanı məhv edib. O, daha peşəkar görünürdü. O, əsl Prezident kimi, Paşinyan isə Şuşada qastrol təşkil etmiş pis rəqqas kimi görünürdü”, - öz növbəsində Vladimir Solovyov bildirib.
Yakov Kedmi isə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevi Ermənistan Baş naziri Nikol Paşinyanla müqayisə etmək belə olmaz:
“Onları necə müqayisə etmək olar? Bu insanları nə təcrübəyə, nə təhsilə, nə də dövlət təfəkkürünə görə müqayisə etmək olmaz. Əliyev Azərbaycanın milli vəzifələrindən birini həll edib”.
“İlham Əliyev – Azərbaycanın Milli Qəhrəmanıdır”, - deyə Vladimir Solovyov onun sözlərinə əlavə edib.