ABŞ-ın və dünyanın ən nüfuzlu yəhudi təşkilatlarından olan Simon Vizental Mərkəzi (SVM) və Amerika Yəhudi Komitəsinin (AYK) Los-Anceles nümayəndəliyi iyulun 21-də Azərbaycanın Baş Konsulluğu qarşısında erməni daşnakları tərəfindən azərbaycanlı icma üzvlərinə qarşı həyata keçirilən vəhşilikləri pisləyib.
Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu xəbər yayıb.
Yayılan açıqlamalarda azərbaycanlı icma üzvlərinin zorakı hücumlara məruz qalması qınanılıb və bunun qəbuledilməz olduğu bildirilib. Eyni zamanda, Los-Anceles Polis İdarəsinə nifrət zəminində törədilmiş həmin cinayətlərin düzgün şəkildə araşdırılması ilə bağlı çağırış edilib.
Qeyd edək ki, vətəndaşlarımıza qarşı erməni daşnakları tərəfindən zorakılığın törədilməsindən sonra Los-Ancelesdəki Baş Konsulluğumuz uzun müddətdən bəri dostluq münasibətləri saxladığı ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarını bu cinayət barədə dərhal məlumatlandıraraq, fərqli millətlərin yaşadığı Los-Anceles kimi şəhərdə etnik nifrət zəminində bu cür vəhşiliyin törədilməsinin qətiyyətlə pislənilməsinin vacibliyini bildirmişdi.
Nəticədə, sözügedən yəhudi təşkilatları bu bəyanatlarla çıxış edərək, Azərbaycanla həmrəylik nümayiş etdiriblər.
Baş Konsulluq daşnakların bu vəhşiliyinə ABŞ ictimaiyyətinin diqqətinin cəlb edilməsi istiqamətində tədbirlərini davam etdirir.