Ermənistan Baş naziri Nikol Paşinyan faktiki olaraq küncə sıxılıb. Bir zamanlar əldə etdiyi xalq dəstəyi indi onun özünə qarşı yönəlib. Son zərbəni isə Daşnaksütyun, Çiçəklənən Ermənistan və Vətən partiyalarının liderləri vura bilər.
Bu sözləri Axar.az-a açıqlamasında ermənişünas alim İsmayıl Tanrıverdi Ermənistanın Daşnaksütyun, Çiçəklənən Ermənistan və Vətən partiyalarının görüşünü şərh edərkən deyib.
İ.Tanrıverdi vurğulayıb ki, Ermənistanda vəziyyət olduqca pisdir:
“Ermənistanın Daşnaksütyun, Çiçəklənən Ermənistan və Vətən partiyalarının liderləri görüş bunu bir daha təsdiqləyir. Düzdür, partiya liderləri görüşdə ölkədəki konstitusion nizamın bərpasını müzakirə etdiklərini bildirsələr də, şübhəsiz, bu görüşün pərdəarxası məqamları var".
İ.Tanrıverdinin sözlərinə görə, partiya liderləri Paşinyaya qarşı vahid mübarizə aparmaq qərarına gəlib:
"Əslində, belə bir mövqe gözlənilirdi. Çünki Ermənistanın daxilində problemlər sürətlə artır. Belə ki, mövcud koronavirus pandemiyası ölkədə qarşısıalınmaz bir vəziyyətə gəlib çatıb. Yəni Paşinyan özü də açıq şəkildə bildirdi ki, pandemiya ilə mübarizədə acizik.
Digər tərəfdən, ölkədə Paşinyan administrasiyasının qalmaqallı siyasi həbsləri və deputat Qagik Çarukyanın həbs edilməsi ilə bağlı səylər göstərməsi onun siyasi prestijinə ciddi zərbə vurub. Faktiki olaraq xalq Paşinyandan bezib. Təsadüfi deyil ki, xalq artıq müxalifət cəbhəsindən Paşinyana öz istəyi ilə hakimiyyətdən getməsini məsləhət görür. Erməni ekspertlərin bir çoxu da payıza qədər Paşinyanın ya öz istəyi, ya da erməni xalqının təşəbbüsü ilə hakimiyyətdən gedəcəyini vurğulayır. Bu mənada Daşnaksütyun, Çiçəklənən Ermənistan və Vətən partiyaları liderlərinin bu görüşü həm də Paşinyana bir gözdağı vermək üçün idi. Tərəflər faktiki olaraq Paşinyanın hakimiyyətdən getməsi üçün ilk addımı atmış oldu".