Ukrayna düşmənin itkilərini iki, hətta üç dəfə də artıra bilər. Bununla belə, tərəfdaşların köməyinə ehtiyacımız var.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Tvitter səhifəsində yazıb.

Podolyakın sözlərinə görə, Rusiya hər gün 510-530 əsgər itirir. Bu, döyüşlərin son dərəcə yüksək intensivliyindən və Ukrayna hərbçilərinin motivasiyasından xəbər verir:

“Rusiya üçün geri qaytarıla bilməyən itkilərin sayını iki-üç dəfə artırmağın yolu ağır və uzaqmənzilli artilleriya sistemləri mərmilərinin tədarük həcmini kəskin şəkildə çoxaltmaqdır”.

Rusiyalı işğalçılar oğurladıqları merlərin bəzilərini öldürüb.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Şəhərlərimizin merlərini oğurlayırlar, bəzilərini öldürüblər. Bəzilərini də tapa bilmirik”, - Zelenski bildirib.

Onun sözlərinə görə, işğalçılar bəzi şəhərlərin merlərini dəyişib.

Qeyd edək ki, bundan öncə Ukrayna 14 şəhərin merlərinin oğurlandığını bildirmişdi.

Rusiyanın Ukraynaya hücumu nəticəsində ölkəyə dəyən ümumi zərər mülki itkilər, ÜDM və investisiyalar nəzərə alınmaqla, 564,9 milyard dollara çatır.

Axar.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Yuliya Sviridenko bildirib.

O bildirib ki, Ukrayna infrastrukturuna 119 milyard dollar ziyan dəyib. Demək olar ki, 8000 km yol, onlarla dəmir yolu stansiyası və hava limanı dağıdılıb və zədələnib.

Ukrayna 2022-ci ildə potensial ÜDM-dən 112 milyard dollar itirib. Mülki əhalinin itkisi isə 90,5 milyard dollar dəyərində qiymətləndirilir: 10 milyon kvadratmetr mənzil, 200 min avtomobil, 5 milyon insanın ərzaq təminatı!

Müəssisə və təşkilatların itkiləri 80 milyard dollar, Ukrayna iqtisadiyyatına birbaşa investisiyaların itkiləri isə 54 milyard dollar həcmində qiymətləndirilir.

Dövlət büdcəsinə 48 milyard dollar ziyan vurulub.

Qeyd edək ki, hər gün rəqəmlər dəyişir və artır.

Bu siyasətin Macarıstana bədəli çox ağır olacaq.

Axar.az xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib.

“Rusiyanın Ukraynaya hücumu, minlərlə dinc sakinin ölməsini və beynəlxalq hüquqa görə müharibə cinayəti təşkil edən bombardmanları nəzərə alsaq, Macarıstanın yanaşmasını anlamaq mənim üçün çətindir”, - Duda bildirib.

Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Vladimir Zelenskinin Macarıstandan ölkəsinə silah tranzitinə icazə verilməsi və Rusiyaya qarşı təbii qaz və neft sanksiyalarını dəstəkləmək tələbini rədd edib.

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları müxalifət lideri Boris Nemtsovun qətlindən bir il əvvəldən onu mütəmadi izləyiblər.

Axar.az xəbər verir ki, bu barədə “Bellinqkat”, “İnsayder” və BBC-nin birgə apardığı yeni araşdırmada deyilir.

Araşdırmaya görə, Valeri Suxarev adlı şəxs Boris Nemtsovu ölkə daxilində səfəri zamanı ən azı 13 dəfə təqib edib. Sonuncu təqib siyasətçinin öldürülməsindən cəmi 10 gün əvvəl olub. Sözügedən şəxsin adı həm də müxalifətçilər Aleksey Navalnı, Vladimir Kara-Murza və Dmitri Bıkovun zəhərlənməsi ilə bağlı hadisələrdə hallanıb. Sübutlar onu göstərir ki, Suxarev FTX-nin zabitidir.

Bildirilir ki, Nemtsov Rusiya Prezidenti Vladimir Putinə qarşı sanksiyaların genişləndirilməsinin lehinə danışdıqdan dərhal sonra izlənilib. 2014-cü il yanvarın sonunda Nemtsov ABŞ-ın respublikaçı senatorları Con Makkeyn və Ron Consonla görüşüb və Putinin ətrafından 13 nəfərin qara siyahıya salınması üçün adlarını verib.

Qeyd edək ki, Çeçenistan lideri Ramzan Kadırovun alaylarından birinə Boris Nemtsovun qətlində əli olduğu bilinən Ruslan Geremeyev rəhbərlik edir.

Boris Nemtsov 2015-ci il fevralın 27-də Moskvada qətlə yetirilib.

Rusiya-Ukrayna danışıqlarının növbəti raundunun İstanbulda keçirilməsi Kremlin taktiki güzəştidir.

Axar.az xəbər verir ki, bunu Beynəlxalq məsələlər üzrə Rusiya şurasının baş direktoru Andrey Kortunov deyib.

“Bu, müəyyən mənada Ukrayna tərəfinə güzəştdir, çünki Belarus ərazisi Rusiyaya danışıqlar aparmaq üçün daha rahat yer idi. İstanbul isə əksinə, Ukrayna tərəfi üçün daha əlverişli yerdir, çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2014-cü ildən ardıcıl olaraq Ukraynaya dəstək verir. Türkiyə NATO-nun üzvüdür, digər regional problemlərlə bağlı Rusiyanın mövqeyi ilə üst-üstə düşməyən öz mövqeyi var. Ümumiyyətlə, bu danışıqları Ukrayna ərazisində aparılırmış kimi xarakterizə etmək olar”, - Kortunov bildirb.


2022-ci ildə Rusiyanı heç də yaxşı dəyişikliklər gözləmir.

Axar.az xəbər verir ki, bunu məşhur “Bitva ekstrasensov” şousunun iştirakçısı Aleksandr Kantonistov deyib.

Onun sözlərinə görə, martın sonundan aprelin 6-dək Rusiyada Putinə etiraz edənlərin hamısının təmizləmələri aparılacaq. Həmçinin, Rusiyada ab-hava sərtləşəcək, bu da daha çox insanın narazı qalması deməkdir:

“Aprelin ortaları dönüş nöqtəsi olacaq. Bu zaman Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması mümkündür. İyunun əvvəlindən Putin üçün həyatında ən kritik dövr başlayır - onu zəhərləmək və fiziki məhvinə çalışmaq cəhdləri olacaq. Çox güman ki, Putin təqib maniyasını gücləndirəcək. Repressiya güclənə bilər”.

Ekstrasensin iddiasına görə, ölkədə “5-ci kolon” şübhəsi genişlənəcək.

Putinin sağlıq durumu ilə bağlı isə ekstrasens avqust-sentyabr aylarını “olduqca təhlükəli” dövr kimi xarakterizə edib.

 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ukraynalı həmkarı Dmitri Kuleba arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Ukraynadakı son vəziyyət və Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçiriləcək görüş müzakirə edilib.