İstanbulda aparılan danışıqlarda Krım məsələsi qaldırılmayacaq və Rusiyanın mövqeyi dəyişmir.

Axar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Peskov bildirib ki, Kiyev öz tələblərini daha aydın şəkildə formalaşdırmağa başlayıb və bu, Rusiyada müsbət amil hesab olunur:

“Əks halda, Rusiya hakimiyyəti çox perspektivli bir irəliləyiş görmür. Bu istiqamətdə hələ çox uzun iş görülməlidir”.

Atəşkəs əldə olunsa belə, sanksiyalar aradan qaldırılmayacaq. Dünyada dostlarımızdan və tərəfdaşlarımızdan heç birinin sanksiyalarda geri addım atmamasını təmin edəcəyik.

Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.

"Əslində, biz Vladimir Putinə iqtisadi təzyiqi artırmalıyıq və atəşkəs olduğu üçün hər hansı sanksiyaların ləğvi tamamilə ağlasığmazdır", - Conson bildirib.

Sanksiyalar fonunda taxıl üçün ödənişlərin alınmasında çətinliklərə görə Rusiya taxıl ixracatçıları Mərkəzi Bankdan ən iri xarici alıcılar üçün taxılın rublla ödənilməsi imkanlarını işləməyi istəyiblər.

Axar.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

“Təşəbbüs ötən həftə Mərkəzi Bankın ittifaqla görüşündə müzakirə olunan məsələlər siyahısındadır. Birlik taxıl alıcılarına xidmət göstərən xarici banklar üçün rubl likvidliyinin təmin edilməsini tələb edir. Bu ölkələr arasında ən böyük alıcılar Türkiyə, Misir, İran və Səudiyyə Ərəbistanıdır”, - məlumatda bildirilib.

Qeyd olunur ki, hazırda logistika, sığorta və taxılın ödənişi ilə bağlı ciddi məhdudiyyətlər var. Belə bir vəziyyətdə onlar Rusiya Mərkəzi Bankına müraciət edərək konkret tədbirlərin görülməsini və tədarükün dayandırılmasının qarşısını almağı istəyiblər.

Gəlin, Rusiya və Ukrayna arasında İstanbulda keçirilən görüşü dəyərləndirərkən diqqətli olaq.

Axar.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq bildirib ki, Rusiya öz qüvvələrini həddən artıq qiymətləndirib:

“Rusiya Ukrayna müqavimətinin imkanlarını lazımi səviyyədə dəyərləndirməyib. Bu, Rusiyanın münaqişəyə dair planlarına yenidən baxmaq istəyindən də görünür”.

Rusiya qüvvələrinin Kiyev vilayətindən çıxarılması o deməkdir ki, onlar başqa istiqamətə keçirilir.

Axar.az xəbər verir ki, bunu ehtiyatda olan britaniyalı general, NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandan müavini Ser Riçard Şirref deyib.

Şirref Rusiya rəhbərliyinin Kiyev və Çerniqov vilayətlərində deeskalasiya ilə bağlı bəyanatlarına şübhə ilə yanaşdığını bildirib.

“Bu, demək olar ki, bir çox əməliyyat bölgələrində irəliləmək cəhdinin uğursuzluğa düçar olmasının etirafıdır və çox güman ki, qüvvələrin başqa yerlərdə cəmlənməsinin xəbərçisidir. Amma mən bəzi aldadıcı manevrləri də istisna etmirəm. Nə qədər ki, Putin Kremldədir, Avropada sülh mümkün deyil”.

Rublun bugünkü məzənnəsi Mərkəzi Bank tərəfindən süni şəkildə tənzimlənir və real deyil. Rusiyada rublun dollar satışı ilə bağlı müəyyən məhdudiyyətlər var. Fiziki şəxslərə ümumiyyətlə dollar satılmır. Hüquqi şəxslər isə xarici əməliyyatlarda iştirakçıdırlarsa, dollar ala bilərlər.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli ARB-24-ə müsahibəsində deyib.

O bidirib ki, rublun bugünkü məzənnəsi Mərkəzi Bankın valyuta dövriyyəsi olan yerli rus şirkətlərindən aldığı valyutanın məzənnəsidir:

“Artıq qara bazar da formalaşıb. Bu, istənilən ölkənin iqtisadiyyatı üçün ən böyük təhdiddir. Əsl məzənnə qara bazarda özünü daha aydın büruzə verir. Müxtəlif şəhərlərdə məzənnələr müxtəlifdir. Peterburq, Moskva kimi böyük şəhərlərdə bir məzənnə tipi var. Çünki bu şəhərlərdə dollara çıxış imkanları daha çoxdur. Uraldan kənarda, Uzaq Şərqdə başqa məzənnələr var”.

Ekspert qeyd edib ki, Rusiya valyutasını hazırkı vəziyyətə Mərkəzi Bankın və hökumətin məhdudlaşdırıcı tədbirləri gətirib çıxardıb:

“Psixoloji təsirlər də oldu. Rusiya qazı ancaq rublla satacağını bildirdi. Bu isə ölkənin daxili valyuta bazarında ajiotaj yaratdı. Nə G7, nə də AB ölkələri qazı rubulla almağa hazırdır. Qərb Rusiyanın bu qərarını qəbul etsə belə, rublun məzənnəsi ilə bağlı heç nə dəyişməyəcək”.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı Moskva birjasında dolların 85 rubla düşdüyünü bildirsə də, banklar və valyutadəyişmə məntəqələrində satış yoxdur.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çində səfərdədir.

Axar.az xəbər verir ki, o, çinli həmkarı Vanq Yi ilə görüşüb.

S.Lavrovun digər rəsmilərlə də müzakirələr aparacağı gözlənilir.

Qeyd edək ki, Rusiyanın XİN başçısı sabah, martın 31-də Əfqanıstanla qonşu olan ölkələrin xarici işlər nazirlərinin Çinin Tunsi şəhərində keçiriləcək üçüncü konfransında iştirak edəcək.

Britaniya Baş naziri Boris Conson Nazirlər Kabinetinə müraciətində Ukraynaya daha ölümcül silah göndərmək niyyətində olduğunu deyib.

Axar.az xəbər verir ki, bu barədə “Tayms” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Conson konkret hansı silahların göndəriləcəyini açıqlamayıb. Lakin müdafiə dairələrindən olan mənbə qəzetə açıqlamasında Ukraynaya uzaqmənzilli silahlar, xüsusilə ağır artilleriyalar lazım olduğunu bildirib.

“Adıçəkilən silahlardan biri də AS-90 “Vickers” özüyeriyən artilleriya qurğusudur. Lakin bu sistemlər artıq köhnəlib. Daha iri sistemlər də Ukrayna hərbçilərinbdən qonşu ölkələrin ərazisində təlim tələb edəcək”, - mənbə qeyd edib.

Rusiya Azərbaycanla əlaqələri bundan sonra daha da inkişaf etdirməkdə maraqlıdır.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ölkələr arasında münasibətləri yeni sabit səviyyəyə keçirir.

M.Boçarnikov hər iki ölkənin regionda sülh və təhlükəsizliyin təmin edilməsində maraqlı olduğunu bildirib:

“3+3 formatı çərçivəsində əməkdaşlıq bu baxımdan vacib əhəmiyyət kəsb edir”.