Mariupoldakı “Azovstal” zavodunun ərazisində 3500-ə yaxın ukraynalı döyüşçü (“Azov” alayının özəyi – red.) var.

Axar.az xəbər verir ki, bunu qondarma “dxr”in nümayəndəsi Eduard Basurin deyuib.

“Təxminən 3-3,5 min nəfərin qaldığını güman edirik. Ancaq Mariupol sakinlərinin də silaha sarıla biləcəyini nəzərə alaraq, ola bilsin ki, bu rəqəm daha çoxdur”, - Basurin bildirib.

Ümid edirik ki, Ukraynada hərbi əməliyyat yaxın günlərdə, yaxud yaxın gələcəkdə öz hədəflərinə nail olacaq və danışıqlar yolu ilə bitəcək.

Axar.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, müharibə diplomatik yolla bitə bilər və bu, Ukraynın mövqeyindən və Rusiyanın şərtləri ilə razılaşmadan asılıdır.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsseldə Portuqaliyanın xarici işlər naziri Joao Qomeş Kravinyu ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Çavuşoğlu Tvitter hesabında yazıb.

“Brüsseldəki ikinci günə Portuqaliyanın yeni xarici işlər naziri ilə görüşərək başladıq. Biz iqtisadi əlaqələrimizi və Ukraynadakı son vəziyyəti müzakirə etdik”, - Çavuşoğlu bildirib.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu Rusiya əsgərlərinin Ukraynada mülki insanları öldürməsi xəbərinin hökuməti çaşdırdığını və bu hərəkətləri kəskin şəkildə qınadığını bildirib.

Axar.az xəbər verir ki, günahsız mülki şəxslərin öldürülməsini beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması kimi xarakterizə edən Matsuno faktların üzə çıxarılması və Rusiyanın hərbi cinayətlərinə görə cəzalandırılmalı olduğunu deyib.

Kanada Rusiya diplomatlarını ölkədən çıxarmaq fikrində deyil, çünki bu, ölkənin maraqlarına ziddir.

Axar.az xəbər verir ki, bu barədə Kanada Baş naziri Castin Trudo deyib.

O bildirib ki, rusların qovulması Ottavanın Moskva ilə əlaqə saxlamasına və Rusiyada kanadalıları dəstəkləməsinə mane olacaq:

“Çox diqqətli olmalıyıq. Biz diplomatik sualların yarandığı indiki böhranlı vaxtda Moskvadakı informasiya mənbələrindən məhrum olmaq istəmirik. Başqa ölkələrin və müttəfiqlərimizin etdiyi kimi Kanadadan rus diplomatlarını göndərsək, bu, Moskvadakı diplomatlarımızın azalmasına səbəb olacaq”.