Şimali Koreya ilk dəfə olaraq ölkədə koronavirusa yoluxma faktını təsdiqləyib.
Koronavirusun ehtimal olunduğu daşıyıcısı 3 il əvvəl qaçdığı Cənubi Koreyadan KXDR-ə qayıdıb. Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (CTAC) məlumat verib.
Bu şəxsin ölkəyə daxil olarkən COVİD -19 testindən keçdiyi barədə heç bir məlumat yoxdur. Yoluxucu virus daşıyıcısı karantinə alınıb. Hökümət onun ünsiyyətdə olduğu insanların siyahısını hazırlayır.
KXDR lideri Kim Çen In bu məsələ ilə bağlı Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun təcili iclası keçirib.
Qeyd edək ki, bu, Şimali Koreyanın COVID-19 pandemiyası boyunca ilk yoluxma faktıdır.
Rusiyanın Baş naziri Mixail Mişustin ölkəsində koronavirus infeksiyası ilə mübarizə aparan iki vaksinin klinik sınaqlarının nəticələrinin yekunlaşdığını söyləyib.
Dövlət Dumasında hökumətin fəaliyyətinə dair hesabat verən nazir bildirib ki, əldə edilən vaksinlərə Rusiyada və dünyada yüksək tələbat olacaq.
Baş nazir ümid edir ki, payızda Rusiya koronavirusa qarşı etibarlı peyvənd istehsalına başlayacaq, amma indi onun təhlükəsizliyinə əmin olmaq və istehsal sahələrini hazırlamaq lazımdır.
Rusiyanın Müdafiə nazirinin birinci müavini Ruslan Çalikovva “Arqument və faktlar” jurnalına verdiyi müsahibədə bildirib ki, mütəxəssislər test nəticələrinin son qiymətləndirmələrini yekunlaşdırıb. Bütün könüllülərdə koronavirusa qarşı immunitet qazanılıb, onlar artıq özlərini yaxşı hiss edirlər.
Rusiyanın Müdafiə Nazirlyinin rəsmisinin bu açıqlaması onu deməyə imkan verir ki, yeni koronavirus infeksiyasına qarşı ilk yerli peyvənd hazırdır.
Ancaq Səhiyyə Nazirliyi tələsməməyi təklif edir. Səhiyyə nazirinin köməkçisi Aleksey Kuzneçovun qənaətincə, N.F.Gamaleya adına Milli Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzi tərəfindən hazırlanan peyvəndin klinik sınaqları hələ də davam edir, hazırda onlar ikinci mərhələyə qədəm qoyublar.
“Tamamlandıqdan sonra onun dövlət qeydiyyatı məsələsinə qərar veriləcək” , – Aleksey Kuzneçov qeyd edib.
Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko da öz növbəsində “Rossiya-24” telekanalına verdiyi müsahibədə peyvəndin effektivliyi və təhlükəsizliyinin təsdiqləndiyini, lakin klinik sınaqları tamamlamağa hazırlaşmadıqlarını və müəyyən şərtlər altında satışa buraxılacağını söyləyib:
“Sınaqlarda daha çox insanın iştirak etməsi bizə daha çox məlumatlar əldə etməyə imkan verir. Təcrübələrin nəticələrini izləmək və bu məlumatlar üzərində işləmək lazımdır. Bütün bunlar qeydiyyatdan sonrakı müşahidələr də daxil olmaqla, hazırladığımız və qarşıya qoyduğumuz əsas tələblərdir”.
Baş nazirin müavini Tatyana Qolikova isə Novosibirsk Vektor Elmi Mərkəzi tərəfindən hazırlanan vaksinin qeydiyyatı və istehsalına payızda başlanılacağına ümid edir.
“Sənədlər artıq klinik sınaqlar üçün təqdim edilib. Ümid edirəm ki, bu həftə icazə veriləcək və müvafiq olaraq sənədlərin qeydiyyata alınması və istehsal payızda başlayacaq” , – T.Qolikova bildirib.
Peyvənd sınaqlarından əldə edilən müsbət nəticələrə baxmayaraq, bir çox mütəxəssislər peyvənd hazırlığına və təhlükəsizliyinə şübhə ilə yanaşır. Rusiya Elmlər Akademiyasının akademiki Vladimir Sergiyev əmindir ki, effektiv və təhlükəsiz peyvəndi bu qədər tez almaq mümkün deyil.
Turkustan.info publika.az-a istinadlabu məqalədə oxucuları rus ekspertlərinin koronavirus pandemiyasının arxasında gizlənən həqiqətlər və peyvəndlər barəsində rəyləri ilə tanış edir.
“Dünyanın heç bir yerində belə qısa müddətdə peyvənd inkişaf etdirmək təcrübəsi yoxdur. Soruşurlar ki, doktor, COVID-19 epidemiyası nə vaxt bitəcək? Şübhəsiz ki, birmənalı cavab vermək mümkün deyil. Çünki burda siyasi məsələlər var. Mənsə siyasətçi deyiləm, həkiməm…
COVID tibbi bəla yox, siyasi bir oyundur, odur ki, nə, necə və niyə suallarının cavabı məndə yoxdur…”
Həyatını vaksin və virusların öyrənilməsinə həsr edən rusiyalı professor, biologiya elmləri doktoru Nadejda Yuminova da Vladimir Sergievlə həmfikirdir:
“Təhlükəsizlik, immunogenlik və immunitetin qorunma müddəti vaksin üçün əsas göstəricidir. Bu işlə zarafat etmək olmaz, əvvəlki ilk nəsil peyvəndlər də təxminən 10 ilə hazırlanıb. Hətta xüsusi şəraitdə – Ebolaya qarşı peyvəndlər də 6 ildən sonra təqdim olundu. İndi fazalar qısaldılır və birləşdirilir. Bütün bunlar çox ciddidir. Heç kəsi qorxutmaq istəməzdim, amma təhlükə var. Kliniki sınaqların nəticələri əla olsa da, tələsik verilən əvvəlki qərarlar göstərdi ki, bu cür peyvəndlər gələcəkdə bir çox fəsadlar yarada bilir”.
Düşünürəm ki, seçimlər çoxdur. Dəstəklədiyim iki peyvənd var. İllərdir peyvənd etdiyimiz ilk nəsil peyvəndlər – canlı və hərəkətsiz peyvəndlərdir, ikinci nəsil bölünmüş vaksinlərdir. Bunlar olsaydı, yəqin ki, daha sakit qarşılayardım. Növbəti nəsil – plazmid, DNA, RNA, vektor, adenovirusa əsaslanan vektor adlandırılan peyvəndlərdir.
Mənə elə gəlir ki, bu, əhalinin milli təhlükəsizliyi məsələsidir, mütəxəssislər həqiqətən narahatdır. Peyvənd olunan və gələcəkdə ciddi problemlərlə üzləşən xəstələrimiz olub. Bu, çox acınacaqlıdır – şiddətli immunoloji reaksiya və ciddi ağırlaşmalar meydana gəlib. İstərdim ki, hər şey açıq olsun, bütün məlumatlar insanlara göstərilsin. Beş aydır ki, KİV-in güclü təzyiqi ilə üz-üzə qalmışıq.
Yeni növ koronavirus hüceyrələri min dəfə daha aktiv şəkildə yoluxdurur. Bu, çox ciddi koronavirus infeksiyası və ciddi peyvənddir. Bu, milyonlarla insanın peyvənd edildiyi ilk, ikinci və üçüncü nəsil peyvənd deyil, yeni növ peyvənddir. Tanıdığım müəllifləri daha çox araşdırma aparmağa səsləyirəm”.
Professor daha sonra qrip peyvəndi olanların virusu daha asan keçirməsi ilə bağlı iddialarına cavab verib:
“Bunu təsdiqləmək üçün xüsusi araşdırma aparmaq lazımdır. Mümkün olmayan şeylər deyirlər. Elmi və peşə təcrübəm göstərir ki, bu, ola bilməz. Mən nadir hallarda teledebatlara baxıram, amma virusoloqların, yoluxucu xəstəliklər üzrə mütəxəssislərin və bütün ixtisas həkimlərinin çıxışlarını izləyirəm.
Həqiqətən qrip hər il olur. Qrip peyvəndinin təsiri ən azı bir il yarım davam edir. Yenidən qrip olmaq üçün bir il yarımdan iki ilədək vaxt lazımdır. İmmun vəziyyət hər kəsdə fərqlidir, reaksiyalar yaşa, yoluxucu xəstəliklərə görə fərqlidir. Qripə qarşı belə bir fikir formalaşıb ki, bir insan həyatında ilk dəfə qrip olarsa, müəyyən bir gərginliyə qədər inkişaf etmiş immunitet qazanılır. Və bu immunitet hətta mutasiya və ya rekombinasiya baş verərsə belə yenə də xəstəyə kömək edəcək.
Bütün virusoloqlar immunitetin koronavirusa qarşı davamlı olmadığını yaxşı bilirlər: əgər xəstə olmusunuzsa, bu, o demək deyil ki, bir daha xəstələnməyəcəksiniz. Üstəlik, dövriyyədə insan koronavirusunun 7 ştammı var. Üçü xüsusilə ciddidir, kifayət qədər yoluxucu və yüksək patogendir. Bu vəziyyətdə yüngül təngənəfəslikdən ağır atipik pnevmoniyaya qədər ola bilər. Bu, onsuz da çox təhlükəlidir – yaşa, immun sisteminə, xroniki xəstəliklərə və mövsümə bağlıdır. Yay mövsümündə respirator xəstəliklər daha yüngül keçir. Payızda iqlimi nəzərə alsaq, vəziyyət dəyişə bilər”.
Mütəxəssis sonda koronavirus testlərinin effektivliyindən söz açıb: “PZR (Polimeraz zəncir reaksiyası) mənə elə gəlir ki, pul tələsidir. Bahalı analizin bir çox səhv, müsbət və mənfi nəticələri ola bilər. Onların tamamilə etibarlı olmadığı artıq sübut edilib.
İmmunoferment analizi (fermentlə əlaqəli immunosorbent təhlili – red.) insanın immunitetinin, qoruyucu titrlərin olub-olmadığını dəqiq şəkildə göstərən yaxşı bir üsuldur. Ən başlıcası zərərsizləşdirən antikorların meydana gəlməsidir. Yaxşı test sistemi var, ən başlıcası diaqnostika laboratoriyasının akkreditə olunması və immun vəziyyətə baxan test sistemlərinin sertifikatlaşdırılmasıdır”.
Xatırladaq ki, Honq-Konq Politexnik Universitetinin tədqiqatçısı Viktor Kan peyvəndlənməni xəstəliyin müalicəsi deyil, infeksiyadan qorunmaq üçün zəmanət adlandırmışdı. Kanın fikrincə, əczaçılıq biznesi “daha çox xəstəlik = daha çox pul deməkdir” fikri üzərində qurulub, odur ki, xarici şirkətlərin planlarına xəstəliyin müalicəsinin sürətlə tapılması daxil edilə bilməz.
Brüsseldə fəaliyyət göstərən “EU Reporter” Avropa multimedia xəbər platformasında “Azərbaycanın Avropadakı diplomatik nümayəndəliyinə misli görünməmiş hücum” adlı məqalə dərc olunub.
Məqalədə 22 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin inzibati binası önündə Belçikadakı erməni diasporu (Comité des Arméniens de Belgique - https://www.armencom.be) tərəfindən törədilmiş qanunsuzluqların professional və obyektiv şəkildə təsvir edilir:
“22 iyul 2020-ci il tarixində Azərbaycanın Brüsseldəki səfirliyi qarşısında erməni diasporu tərəfindən vandalizm aktları ilə müşayiət olunan zorakı nümayiş keçirilib. Bu hadisə Səfirliyin ərazisinə 19 iyul tarixində edilən hücumun davamıdır”-deyə məqalədə qeyd olunub.
Məqalədə həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 23 iyulda verdiyi bəyanatından məlumatlanaraq, radikal ermənilərin Paris, Los Anceles, Haaqa və Varşava şəhərləri də daxil olmaqla, dünyanın bir çox ölkələrində Azərbaycanın diplomatik missiyalarına və dinc azərbaycanlı nümayişçilərə qarşı hücumları ifşa edilir:
“Bu mitinqin nəticələri açıq şəkildə beynəlxalq hüququn, xüsusilə isə Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasında nəzərdə tutulmuş beynəlxalq öhdəliklərin pozulmasıdır. Bu hücumun qurbanları Belçika vətəndaşlarıdır və bütün MEP-lər (Avropa Parlamenti deputataları - Red) Belçika Hökumətinə müraciət edərək ev sahibi olaraq, onun Avropanın qəlbində bu cür zorakılığa cəlb edilənlərin hamısını cəzalandırmaq üçün Belçika qanunvericiliyinə və (Belçikanın) beynəlxalq öhdəliklərinə uyğun qətiyyət göstərməli və hərəkət etməli olduğunu bildirirlər. “
Təqdirəlayiqdir ki, elə Avropadakı erməni diasporunun öz instagram səhifəsində paylaşdığı və sözügedən vəhşiliklərini açıq şəkildə sübut edən video kadr da məqalədə yer alıb. Belə ki, bu sübut terroru dövlət siyasətinə çevirmiş Ermənistanın təcavüzdən zövq alan insanlarının simasını açıq-aydın ortaya qoyur.
Qeyd edək ki, “EU Reporter” Avropa Parlamenti deputatları da daxil olmaqla bütün Avropa İttiffaqı rəsmiləri və institutları, eləcə də Brüsseldəki siyasi qərarverici və rəy-formalaşdırıcı ali dairələr arasında ən operativ və etibarlı onlayn xəbər portalıdır. Portal izlənilmə statistikasına görə, dünyaca məhşur “New York Times” və “Wall Street Journal” ilə 8% eynilik təşkil edir, “the Guardian Online”-dan isə 6% irəlidədir.
İyulun 12-dən Ermənistanın Azərbaycan sərhədlərini pozaraq başlatdığı təxribatlar zamanı qardaş Türkiyədən, xüsusilə ölkənin xarici işlər naziri Mövlud Çavuşoğludan gələn dəstək gənclərimiz tərəfindən minnətdarlıq hissi ilə qarşılanıb.
Oxu.az xəbər verir ki, azərbaycanlı gənclər qardaş ölkənin xarici işlər nazirinə təşəkkürlərini ifadə edən videoçarx hazırlayıblar.
Sosial şəbəkədə paylaşılan həmin video Mövlud Çavuşoğlunun diqqətindən yayınmayıb. O da öz növbəsində həmin videonu rəsmi səhifəsində paylaşaraq bu sözləri yazıb:
“Can qardaşlarımıza canımız fəda”.
Bill Gates uzun müddət sonra ilk dəfə insanların koronavirus pandemiyasını onun adı ilə əlaqələndirərək əsas məqsədin əhaliyə çip taxmaq olduğu iddiasına cavab verib.
Ted.az bildirir ki, Bill ve Melinda Gates təşkilatı ilə birgə koronavirusun qarşısını almaq üçün 300 milyon dollar pul xərcləyən Bill Gates CBS-yə açıqlamasında pandemiyanın yayılmasında əli olmadığını bildirib.
O qeyd edib ki, bu iddiaların necə və haradan yarandığını, həqiqətən, bilmir.
B.Gates həyat yoldaşı ilə birgə təsis etdiyi təşkilatın məqsədinin isə çip taxmaq olmadığını vurğulayıb. O, ümumiyyətlə, bu tip iddiaları çox absurd hesab etdiyini dilə gətirib.
Qeyd edək ki, B.Gates bir müddət öncə verdiyi açıqlamada koronavirusun belə geniş yayılmasını sosial şəbəkələrdə yalan məlumatların dolaşması ilə əlaqələndirmişdi.
ABŞ-ın və dünyanın ən nüfuzlu yəhudi təşkilatlarından olan Simon Vizental Mərkəzi (SVM) və Amerika Yəhudi Komitəsinin (AYK) Los-Anceles nümayəndəliyi iyulun 21-də Azərbaycanın Baş Konsulluğu qarşısında erməni daşnakları tərəfindən azərbaycanlı icma üzvlərinə qarşı həyata keçirilən vəhşilikləri pisləyib.
Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu xəbər yayıb.
Yayılan açıqlamalarda azərbaycanlı icma üzvlərinin zorakı hücumlara məruz qalması qınanılıb və bunun qəbuledilməz olduğu bildirilib. Eyni zamanda, Los-Anceles Polis İdarəsinə nifrət zəminində törədilmiş həmin cinayətlərin düzgün şəkildə araşdırılması ilə bağlı çağırış edilib.
Qeyd edək ki, vətəndaşlarımıza qarşı erməni daşnakları tərəfindən zorakılığın törədilməsindən sonra Los-Ancelesdəki Baş Konsulluğumuz uzun müddətdən bəri dostluq münasibətləri saxladığı ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarını bu cinayət barədə dərhal məlumatlandıraraq, fərqli millətlərin yaşadığı Los-Anceles kimi şəhərdə etnik nifrət zəminində bu cür vəhşiliyin törədilməsinin qətiyyətlə pislənilməsinin vacibliyini bildirmişdi.
Nəticədə, sözügedən yəhudi təşkilatları bu bəyanatlarla çıxış edərək, Azərbaycanla həmrəylik nümayiş etdiriblər.
Baş Konsulluq daşnakların bu vəhşiliyinə ABŞ ictimaiyyətinin diqqətinin cəlb edilməsi istiqamətində tədbirlərini davam etdirir.
Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında Tovuz istiqamətində son erməni təxribatı məsələsinə toxunub.
Çıxışı zamanı Paşinyan guya Azərbaycanın Ermənistana hücumunun qarşısını aldığını bildirib.
Nikol, həmçinin Tovuz təxribatının Ermənistan ordusunun regionun ən intellektual və döyüşkən ordusu olduğunu “sübuta yetirdiyini” söyləyib.
İrəvanın son döyüşlərdən sonra mövqeyini gücləndirdiyini deyən Paşinyan 7 şərt irəli sürüb:
“Birincisi – Ermənistan və “Qarabağ”ın ümumi təhlükəsizlik sistemi gücləndirilməlidir. Bu baxımdan Ermənistan və “Qarabağ”ın sıx əməkdaşlığı vacibdir.
İkincisi – “qarabağ respublikası” danışıqların tamhüquqlu üzvü olmalıdır.
Üçüncüsü – Azərbaycan ictimai şəkildə güc tətbiqindən imtina etməli və antierməni ritorikasının dayandırmasıyla bağlı addımlar atmalıdır.
Dördüncüsü – danışıqlar mənalı olmalıdır. Azərbaycanın hərbi məqsədini danışıqlar masası ətrafında həll etmək istəyir ki, bu da bütün danışıqlar prosesini mənasız edir. Əgər Azərbaycan özünün maksimalist tələblərindən imtina edib, məhdudiyyətsiz kompromisə getməyə hazır olsa, danışıqların mənası olacaq.
Beşinci, “Qarabağ xalqı”nın öz müqəddəratını təyinetmə haqqını tanıma, Ermənistan və “Qarabağ”ın təhlükəsizliyi heç bir şəraitdə güzəşt predmeti ola bilməz. Konflikt zonasında yaşayan insanların problemləri danışıqlar gündəminin predmeti olmalıdır.
Altıncısı – karantinə qədər atəşkəs rejiminin saxlanılması üçün keçirilən monitorinq faktiki olaraq məhdudlaşdırılıb. Təcili olaraq daimi nəzarət mexanizmlərini özündə ehtiva edən beynəlxalq monitorinq sistemi ərsəyə gətirilməlidir. Bu cür monitorinq fəaliyyətlərini ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisi həyata keçirməlidir.
Yeddincisi – sülhün əldə olunması üçün Ermənistan Minsk Qrupunun həmsədrləri ilə fəaliyyətini davam etdirəcək.
Biz Türkiyənin regionda destabilizasiya cəhdlərini rədd edirik”.
Göründüyü kimi, Tovuzda təxribata cəhd edən, Azərbaycanın guya UAZ-la hücuma keçdiyini iddia etdiyi üçün rüsvay olan və buna görə hətta KTMT-nin dəstəyini ala bilməyən Nikol Paşinyan yenə daxili auditoriyaya ünvanlı mesajlarla təzyiqlərdən qaçmaq, populistcəsinə öz reytinqini qorumaq yolunu tutub.
/Axar.az/
1970-ci illərin ortalarından etibarən Den Syaopin və ardıcılları Maonun “mədəni inqilabı”nın rəzalətindən sonra daxili və xarici ticarətdə qərbə yaxınlaşma və həmrəylik axtarışında idi. Hətta bu tək tərəfli bir dövlətin də razılaşdırıla biləcəyi qızıl bir an var idi, ancaq 4 İyun 1989-cu ildə tanklar Tiananmen Meydanına girəndə faciəvi qırğınla başa çatdı.
The Singapore Post xəbər verir ki, bununla belə, bu, ticarət, kapitalizm və kommunist partiyası rəhbərlərinin xidmət edə biləcəyi müəyyən sayda şərtlər də daxil olmaqla bir sıra ehtiyat tədbiri tərəfindən gücləndirilən bir tiranlıq idi. Bunun əksinə olaraq, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Mao ənənəsində müstəqil bir imperatordur.
Artıq dünya praqmatik tək tərəfli bir dövlətlə deyil, doktrinaçı bir nəfərlik diktatura ilə üz-üzədir. Və diktator ikinci on illik hakimiyyəti dövründə qərb ticarəti və əməkdaşlıq bahasına gizli və həqiqi fikir ayrılıqlarını ləğv etməkdə qərarlıdır.
İyun ayının son həftəsində bəyan edilən Sinin Honq Konq üçün dövlət təhlükəsizliyi qanunu ən azı 50 il müddətinə ticarət azadlığına zəmanət verən 1984-cü il Çin-İngilis bəyannaməsinin əsaslı şəkildə və qəsdən pozulmasıdır. İndi bəyannaməyə zəmanət verən İngiltərə Honq Konq demokratlarının repressiyası baş verərsə, sığınacaq vermək üçün məsuliyyətdən qaça bilməz.
Honq Konq qərb dəyərləri, rifah və güc sarsılmadığı təqdirdə, mübarizə aparmaqdan başqa çarəsi olmayan, soyuq müharibədə mübarizə aparan yeni Qərbi Berlin ola bilər.
Qərbi Berlin kimi, Honq Konq da dünyadakı mövqeyinə görə qurtarıla və müdafiə edilə bilər. Ancaq bu yalnız qərb 1948-1949-cu illərdə Stalinin Qərbi Berlini ələ keçirmək cəhdi ilə üzləşən zaman buna sonlandırmaq üçün Ernie Bevin və Corc Marşllın gücü ilə mübarizə aparsa baş verər.
Çinin qərb bölgəsi olan Sincan ərazisindəki etnik azlıqlar üçün repressiyalar aydan-aya yeni “mədəni inqilab” yolu ilə artırılır. Uyğurlar, qazaxlar və digər etnik qrupların bir milyon, hətta üç milyon əhalisinin “yenidən təhsil” düşərgələrinə sürüklədikləri iddiaları, ‘Human Rights Watch’ kimi insan hüquqları təşkilatının hesabatında qeyd edilib. Peyk görüntüləri düşərgələrin miqyasını göstərir və Sincan şəhərinə baş çəkən ingilis diplomatları bu hesabatların geniş şəkildə doğru olduğunu söyləyirlər.
BMT-nin İrqi ayrıseçkiliyin aradan qaldırılması üzrə komitəsi Sincan Uyğur azlığının üzvləri və müsəlman kimi tanınan digər insanların öz etno-dini kimliklərinə görə dövlətin düşmənləri kimi davranılarkən, bölgəni gizliliyə bürünmüş böyük bir internat düşərgəsi, ”hüquqların olmadığı bir “zona” kimi xarakterizə edib.
Uyğurlar sadəcə mobil telefonlarında mövcud olan WhatsApp proqramına, xaricdə yaşayan qohumlarına və internetdə dini materialları əldə etdiklərinə görə həbs edilib və düşərgələrə göndərilib. Çox vaxt heç bir səbəb göstərilmir. Onların hüquqi vəkilə müraciət etmək ixtiyarları yoxdur və əksər hallarda ailəyə məhbusun harada saxlanıldığı və ya nə vaxt sərbəst buraxılacağı barədə məlumat verilmir.
Ancaq indi, hər şey nəzarətdən çıxıb. Görkəmli alman antropoloqu Adrian Zenz tərəfindən aparılan araşdırmada bildirilir ki, Sincan bölgəsindəki etnik azlıq icmaları arasında doğum nisbətinin kəskin şəkildə azalması, qəbiristanlıqların dağıdılması ilə yanaşı, kütləvi həbs olunma, təlqin və s. məhkəmədənkənar həbs, invaziv nəzarət, məcburi əmək və digər cinayətlər “soyqırım cinayətinə işarə edə bilər”.
Den Syaopinin devizi “İşığınızı gizlət və gözlə” idi. Bu onun Maodan xilas olmağının yolu idi.
İndi, qərbin yeni Maoya işıq saçması və əvvəlki kimi davam edə biləcəyi iddialarını dayandırmaq vaxtıdır.
Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan RBK-ya açıqlamasında “Sənin evin” ticarət mərkəzlərinin rəflərindən Ermənistan istehsalı olan konservləşdirilmiş qida, mineral su və spirtli içkilərin çıxarıldığını deyib.
O deyib:
“Səhər saatlarında böyük erməni ixracatçıları bizimlə əlaqə saxladılar. Araz Ağalarova və qonşu ölkədən olan digər insanlara məxsus bütün “Sənin evin” şəbəkəsinin ticarət mərkəzlərindən Ermənistan istehsalı olan bütün məhsulların çıxarıldığını dedilər”.
“Bu gün merçendayzerlərimiz məhsullarını göstərmək üçün şəbəkəyə daxil olan ticarət mərkəzlərinə gediblər və məhsullarımızın – mürəbbələrin, cemlərin, kompot və digər konserv məhsullarının rəflərdə olmadığını anlayıblar. Beləliklə, şəbəkənin bütün altı mağazasında olduq – hər yeri gəzdik. Heç bir yerdə, heç bir mağazada mal yoxdur. Dərhal mineral su, alkoqol satan bütün tərəfdaşları soraqladıq – oxşar vəziyyətin olduğunu, yük maşınlarının geri qaytarıldığını, malların qəbul edilmədiyini dedilər” – bu sözləri isə “Armtorq”un baş direktoru Alexander Babayan RBK-ya bildirib. /oxu.az/
Bolqarıstan Sionist Federasiyası Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində hərbi təxribatı barədə bəyanat verib.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən bəyanatda deyilir ki, Bolqarıstan Sionist Federasiyası Bolqarıstanda yəhudilər və təcavüzkarlığa və zülmə qarşı olan, demokratiya, insan hüquqları, xalqların suverenliyi, hər yerdən olan insanların ləyaqətini dəstəkləyən və tarixin xəbərdar etdiyi səhvləri təkrarlamamaqla keçmişdən öyrənən qeyri-yəhudilərin mövqelərini əks etdirir.
“Ermənistanın 12 iyul 2020-ci il tarixində Azərbaycan mövqelərinin ələ keçirilməsi məqsədilə Tovuz rayonunda törədilən və Azərbaycanın 12 hərbi qulluqçusu və 1 nəfər yaşlı mülki şəxsin ölümü ilə nəticələnən Azərbaycanın suveren ərazilərinə son zorakılıq aktı bizi çox narahat edir.
Biz, yəhudilər və İsrail dövlətinin tərəfdarı olan qeyri-yəhudilər, Azərbaycan xalqının müraciətini və acısını anlayırıq. Biz xüsusilə Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi paytaxtı olan Şuşanın müdafiəsi zamanı əsgər yoldaşlarını xilas edərkən vətəni uğrunda həlak olmuş Azərbaycan yəhudisi, tank komandiri Albert Aqarunovu xüsusilə xatırlayırıq.
Bu gün Albert Aqarunov ölümündən sonra ən yüksək hərbi adı – Azərbaycanın Milli Qəhrəmanı statusunu daşıyır.
Son günlər regionda şiddətli mübarizənin gərginləşməsi beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərə bilməməsinin nəticəsidir.
Ermənistan beynəlxalq humanitar hüququ pozub və regionda sülh və sabitliyə sayğısızlıq nümayiş etdirib.
Ermənistanın Azərbaycanla sərhəd boyunca son təxribatlarından dərin narahatçılıq keçirərək, biz, Bolqarıstan Sionist Federasiyası bütün hərbi əməliyyatların dərhal dayandırılmasını və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edirik.
Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sonu ilə yanaşı, Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində bütün əraziləri üzərində ərazi bütövlüyünün bərpa olunacağı günü səbirsizliklə gözləyirik”, - deyə bəyanatda qeyd olunub.