Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən Axar.az-a verilən məlumata görə, Ceyhun Bayramov atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı 10 noyabr tarixli birgə bəyanatın icrası ilə bağlı vəziyyət barədə qarşı tərəfi məlumatlandırıb.
Azərbaycanın işğaldan azad olunan ərazilərinin tamamilə dağıdılması, bu ərazilərdəki bütün infrastrukturun yerlə yeksan olunması, eləcə də razılaşmaya əsasən qısa zamanda Azərbaycanın nəzarətinə qaytarılacaq ərazilərdəki qeyri-qanuni hərbi birləşmələr və qanunsuz məskunlaşan insanlar tərəfindən hazırda törədilən cinayət xarakterli əməllər, o cümlədən ətraf mühitə zərər verilməsi, meşələrin qırılması, evlərin yandırılması, mədəniyyət abidələrinin talan edilməsi və s. Baş katibin diqqətinə çatdırılıb.
Ceyhun Bayramov bütün bölgənin bərpası ilə bağlı geniş miqyaslı işlərin görülməsinin tələb olunduğu qeyd edərək, bu xüsusda Azərbaycanın həyata keçirəcəyi tədbirlər çərçivəsində müvafiq beynəlxalq təşkilatlar, o cümlədən BMT ilə əməkdaşlıq etmək niyyətini ifadə edib.
Baş katib Antonio Quterreş hərbi əməliyyatların dayandırılması ilə bağlı birgə bəyanatın imzalanmasının razılıqla qarşıladığını vurğulayıb.
Baş katib ərazilərin bərpası ilə bağlı məsələdə BMT-nin oynaya biləcəyi vacib rolu qeyd edib, o həmçinin məcburi köçkünlərin öz evlərinə geri dönməsi ilə bağlı müvafiq dəstəyin göstərilməsinin vacibliyini bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Moldova Respublikasının yeni seçilmiş Prezidenti Maya Sandunu təbrik edib.
Moskva Rusiya ilə Türkiyə arasındakı ikitərəfli münasibətləri yüksək dəyərləndirir.
Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ və Fransanın Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyənin rolunun izah edilməsi barədə çağırışına dair sualı cavablandırarkən bildirib.
“Şübhəsiz, əgər Minsk qrupunda həmsədrlik üzrə bizim tərəfdaşlarımızın izaha ehtiyacı olarsa, əlbəttə, bu izahlar təqdim ediləcək. Xüsusən ona görə ki, bizim diplomatik qurumlarımızın xətti ilə hazırda Qarabağ məsələsi üzrə müntəzəm əlaqələr həyata keçirilir”, - Kreml rəsmisi deyib.
D.Peskov Türkiyənin ABŞ və Fransa ilə ikitərəfli əlaqələrini şərh etməyib.
“Bizim öz ikitərəfli münasibətlərimiz mövcuddur və biz bu münasibətləri çox yüksək dəyərləndiririk. Bizim birgə həmsədr statusumuza gəlincə, əlbəttə, bizim üçün başlıca məsələ Qarabağda bu yaxınlarda bərqərar olan sülhü qoruyub saxlamaq, bütün qaçqınların və məcburi köçkünlərin geri qayıtmasını təmin etmək və sair, həmçinin bu sülhün qorunub saxlanmasının monitorinqini aparmaqdır”, - deyə D.Peskov əlavə edib.
Maya Sandu seçkinin ikinci turunda rusiyapərəst İqor Dodon üzərində qələbə qazandı. Bu, Rusiyaya növbəti zərbədir. Rusiya illərdir Dodon vasitəsilə Moldovada keçmişdə itirdiyi mövqeləri bərpa etməyə çalışırdı. Ancaq Dodon nə qədər çalışsa da, Rusiyanın ölkəsindəki maraqlarını təmin edə bilmirdi. Çünki Moldova parlamenti və hökuməti fərqli siyasi qüvvələrin nəzarətində idi və həmin qüvvələr ruspərəst Dodonun daxili və xarici siyasətdə manevr imkanlarını məhdudlaşdırırdılar. Buna baxmayaraq, Kremlə Dodonu təsir altında saxlaması da kifayət edirdi. İndi isə durum Kreml üçün yenə tərsinə döndü.
Axar.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib.
Politoloq Moldovada baş verə biləcək prosesləri belə ehtimal edib:
1. Maya Sandu Ukraynanın yolu ilə getməyə çalışacaq. Yəni Moldovanın yeni prezidenti üçün əsas yol Avropanın təhlükəsizlik və iqtisadi institularına inteqrasiya olacaq.
2. Qonşu Ukrayna Moldova ilə əlaqələri gücləndirməyə çalışacaq. İqor Dodonun dövründə o, Rusiyanın təzyiqi ilə Ukraynadan uzaq dayanmağa çalışırdı. Maya Sandu isə əksinə, həm ölkəsi, həm də Avropanın daha çox dəstəyini qazanmaq üçün Ukrayna ilə münasibətlərdə yeni səhifə aça bilər.
3. Maya Sandunun prezident seçilməsi Azərbaycanın da xeyrinədir. Moldova GUAM-ın zəif halqası sayılırdı. Dodon GUAM-a maraq göstərmirdi. Əlbəttə, ədalət naminə demək lazımdır ki, təşkilatın özü də son illər passivləşib. Ancaq Moldovada qərbpərəst siyasətçinin prezident seçilməsiylə təşkilatda müxtəlif layihələrin icrasını genişləndirmək perspektivi açılır.
Nikol Paşinyan dünən Qarabağdakı erməni ordusunu İrəvana çağırmağının səbəbini izah edib.
Axar.az xəbər verir ki, o, cəbhədən İrəvana heç kimin silahlarla buraxılmayacağını bildirib.
Paşinyan xüsusi buraxılış məntəqələrinin qurulduğunu və burada əsgərlərdən silahlarının alındığını deyib. O, bununla bağlı Hərbi Polisin rəisi ilə danışdığını söyləyib:
“Siz hamınız 10 noyabrda nə baş verdiyini gördünüz. İrəvanda hökumət binasına, parlamentə və iqamətgaha hücum edildi. Bu, çox vacib vəziyyətdir, çünki ombudsman belə bu hücumu pisləmədi. Bu kontekstdə biz Ermənistanda nifrət sözünü, vətəndaş toqquşmasını istisna etməliyik. Hansı vətəndaş müharibəsi, kim bunun haqqında danışır? Ermənistan hüquq-mühafizə sisteminin belə şeylərə yol verməmək üçün kifayət qədər potensialı var”.
Qeyd edək ki, Paşinyanın göstərişi ilə mitinqə çıxan və hökuməti istefaya səsləyən müxaliflərə qarşı repressiyalara start verilib.
Ötən gün isə Paşinyan “divar dibində ulayanlar” adlandırdıqları ilə problemi həll etmək üçün hələ də Qarabağda olan əsgərlərini İrəvana çağırmışdı.
Qapalı Maraşın açılmasına və Kipr böhranı ilə bağlı açıqlamalara görə böyük təəssüf hissi keçiririk.
Axar.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Avropa Birliyinin mesajı çox açıqdır: Kipr böhranı BMT Təhülkəsizlik Şurasının qərarları əsasında həll edilməlidir. Başqa variant regionda vəziyyəti daha da gərginləşdirəcək”, - Borrell bildirib.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının quruluşunun 37-ci ildönümü ilə bağlı Kiprin ərazisi olan Qapalı Maraşın açılışında iştirak edib və önəmli açıqlamalar verib.
Paşinyanın hakim partiyası dağılır, İrəvandakı etirazlar isə vətəndaş müharibəsinə çevirilə bilər.
Axar.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Yuri Podolyaka öz Yutub kanalında danışıb.
“Etirazlar güclənəcək, Nikol Paşinyanın hakimiyyəti çat verir. Yalnız dünən Mənim Addımım fraksiyasının üç deputatı partiyadan çıxdığını bəyan etdi (bu gün isə daha bir deputat istefa verib – red.). İrəvanda tezliklə silahlı toqquşmalar başlaya bilər, çünki belə olmasa, Paşinyan öz hakimiyyətini saxlaya bilməz. Ermənistanın dövlət sisteminin içərisində təxribatlar baş verir. Paşinyan “yuxarılara” öz adamlarını qoyub, aşağını isə ələ keçirə bilməyib”, - o bildirib.
“Qarabağda gedən müharibədə Azərbaycan və Prezident İlham Əliyev mütləq qalib oldu. O bütün əraziləri geri aldı. İndi Dağlıq Qarabağ məsələsi müzakirə olunur, onun Ermənistana birləşdirilməsi, onun müstəqilliyi müzakirə olunmur. Dağlıq Qarabağın statusu Ermənistanda azğınlaşmış insanların istəyi istiqamətində dəyişməyəcək”.
“Qafqazinfo” bildirir ki, bu sözləri İsrailin dövlət xadimi, diplomat, “Nativ” xüsusi xidmətinin sabiq rəhbəri Yakov Kedmi tanınmış rusiyalı jurnalist Vladimir Solovyovun “Solovyov Live” proqramının efirində deyib.
Yakov Kedmi hesab edir ki, Ermənistan Azərbaycanla razılığa gələ və belə biabırçı məğlubiyyət olmadan müharibədən qaça bilərdi.
“İlham Əliyev müharibəyə hazırlaşan və qarşıya qoyulmuş vəzifəni həll edən mütləq qalib kimi görünür. Əlbəttə ki, İ.Əliyev birbaşa qarşıdurmada Paşinyanı məhv edib. O, daha peşəkar görünürdü. O, əsl Prezident kimi, Paşinyan isə Şuşada qastrol təşkil etmiş pis rəqqas kimi görünürdü”, - öz növbəsində Vladimir Solovyov bildirib.
Yakov Kedmi isə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevi Ermənistan Baş naziri Nikol Paşinyanla müqayisə etmək belə olmaz:
“Onları necə müqayisə etmək olar? Bu insanları nə təcrübəyə, nə təhsilə, nə də dövlət təfəkkürünə görə müqayisə etmək olmaz. Əliyev Azərbaycanın milli vəzifələrindən birini həll edib”.
“İlham Əliyev – Azərbaycanın Milli Qəhrəmanıdır”, - deyə Vladimir Solovyov onun sözlərinə əlavə edib.
Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir. Səbəb sadədir: Azərbaycan Ordusu döyüş meydanında qələbə qazandı. Qondarma “dağlıq qarabağ respublikası” süquta uğradı. Ermənistanın baş naziri Nikol Paşinyanın başqa seçimi qalmadı və buna görə də o, təslim oldu.
Axar.az xəbər verir ki, bu fikirlər Fransanın “Causeur” portalında dərc olunmuş analitik məqalədə yer alıb.
Məqalədə bildirilir ki, bu bəyanatı imzalamaq Nikol Paşinyan üçün ağrılı olduğu qədər də qaçılmaz idi. Paşinyan üçün bu bəyanatı imzalamaq həm də düzgün qərar idi. Ancaq təəssüf ki, vəzifədə olduğu müddətdə o, belə düzgün addımlar atmadı. O, Azərbaycan Ordusunun gücünü, ölkənin siyasi elitasını düzgün qiymətləndirə bilmədi. O, 1990-cı illərin əvvəllərindəki erməni hərbi üstünlüyünün indi artıq olmadığını başa düşmədi. Paşinyan 2016-cı ilin aprelində olduğu kimi, bir neçə gündən sonra döyüşlərin dayandırılacağını düşünürdü. O, “Qarabağ Ermənistandır” deməklə vəziyyəti daha da qəlizləşdirdi və azərbaycanlıların səbir kasasını daşdırdı.
Məqalədə qeyd edilir ki, 90-cı illərin əvvəllərində torpaqlarının 20 faizinin işğalına, nəticədə 1 milyon qaçqın və məcburi köçkünün yaranmasına baxmayaraq, Azərbaycanın o vaxtkı Prezidenti Heydər Əliyev müdrik siyasət yürüdərək, ilk növbədə, ölkənin iqtisadi potensialını və insan kapitalını inkişaf etdirdi.
Müəllif vurğulayır ki, bu gün Ermənistanda təslimdən sonra yaranmış daxili qeyri-sabitlik daha qorxulu görünür.
Nikol, sonda bütün erməni xalqını həbs etməli olacaqsan. Çünki sən və kuklalarından başqa hamı vətənini xilas etmək üçün düşünür və hərəkət edir.
Axar.az xəbər verir ki, bu sözləri Daşnaksütyun Partiyasının üzvü İşxan Saqatelyan öz Feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, Ermənistan baş naziri üzr istəmək əvəzinə, siyasi diktatura və repressiya yolunu seçdi:
“Bu ssenari bizə çoxdan məlumdur, lakin bizi bununla qorxutmaq qeyri-mümkündür. Paşinyan öz mövqeyini qorumaq üçün teatrda yeni ssenari ortaya qoydu, Vətən Partiyasının lideri Artur Vanetsyan, Respublika fraksiyasının lideri Vaqram Baqdasaryan, həmçinin “arsax azadlığı” uğrunda döyüşən Aşot Minasyan və Aşot Avaqyanı ittiham edib”.